AZ

Azərbaycanın seçdiyi yol birlik və həmrəylik yoludur

Cənab Prezident İlham Əliyevin "Əl-Ərəbiyyə" telekanalına müsahibəsində dediyi fikirlər bugünkü reallıqların, milli həmrəyliyimizin və dövlətçilik fəlsəfəmizin mahiyyətini tam şəkildə əks etdirir:

"Azərbaycan şiə və sünni müsəlmanların eyni vaxtda, eyni məsciddə ibadət etdikləri az sayda ölkələrdən biridir. Biz fərq qoymuruq. Biz düşünürük ki, müsəlman dünyası üçün ən böyük təhlükə məzhəblərə ayrılmaqdır. Müsəlman dünyasına ən böyük ziyanı məzhəb ayrılığını təbliğ edən insanlar vururlar. Biz bir olmalıyıq. Biz müsəlmanıq və bizim üçün bir nömrəli məsələ budur. İstənilən xarici müdaxilədən tamamilə azadıq. Çünki biz təkcə dəyərlərimizi təbliğ etmirdik, biz, həmçinin ideoloji cəhətdən özümüzü istənilən növ müdaxilədən, müsəlmanlar arasına nifrət toxumu səpmək cəhdlərindən qorumalı idik. Bu, müsəlman dünyasında yüksək qiymətləndirilir”.

Bu sözlər bir daha təsdiq edir ki, Azərbaycan təkcə regionda deyil, bütün İslam dünyasında vahidlik, birgəyaşayış və dini tolerantlıq nümunəsi kimi xüsusi yerə sahibdir. Prezident İlham Əliyevin vurğuladığı kimi, məzhəbçilik zəhəri müsəlman xalqlarını parçalamaq istəyən qüvvələrin əlində təhlükəli bir vasitəyə çevrilmişdir. Azərbaycan isə öz milli həmrəyliyi, dövlət-din münasibətlərində tarazlığı və ictimai birliyi ilə bu təhlükəni dəf edən, nümunə göstərən ölkədir.

Bu yanaşma Azərbaycanın əsrlərlə formalaşmış dəyərlərinə söykənir. Bizim tariximizdə müxtəlif dinlərin, məzhəblərin və xalqların dinc yanaşı yaşaması ənənəsi var. Bu gün də həmin ənənə dövlət siyasəti səviyyəsində qorunur və dünyaya örnək kimi təqdim olunur.

Prezidentimizin müsahibəsində qeyd etdiyi kimi, Azərbaycan təkcə dini dəyərlərini təbliğ etmir, həm də ideoloji müstəqilliyini təmin edərək, müsəlman dünyasında nifrət toxumları səpmək istəyən xarici təsirlərə qarşı sipər rolunu oynayır. Bu, Azərbaycanın güclü dövlətçiliyinin və milli iradəsinin bariz göstəricisidir.

Azərbaycanın seçdiyi yol birlik, həmrəylik və güclü milli dəyərlər yoludur. Bu yol ölkəmizi həm regionda, həm də İslam aləmində möhkəmləndirir və nümunəyə çevirir.


Ceyhun Məmmədov,
Milli Məclisin deputatı

Seçilən
8
1
modern.az

2Mənbələr