AZ

İnsan taleyinin əsas rolda olması və etnoyaddaşın toxunulmazlığı - HANSI DAHA ÖNƏMLİDİR?

(Əkbər Qoşalının “Çobanbayatı” poeması üzərinə yığcam incələmə)

Müstəqilliyin bərpasından sonra yazılmış Azərbaycan poemaları içərisində Əkbər Qoşalının poemaları da özəlliyi ilə fərqlənir. Onun 2020-ci ildə qələmə aldığı “Su pərisi”, “Dərvişin nağılı” və “Çobanbayatı” poemaları dil-üslub xüsusiyyətləri və mövzu əhatəsinə görə seçilən poemalardır. 2023-cü ildə tamamlanan “Çobanbayatı” poeması həcminə görə digərlərindən böyükdür. Bu məqamda “Ədəbiyyat qəzeti”nin baş redaktoru dr. Azər Turanın orjinal fikirlərinə diqqət yetirək: “…Əkbər Qoşalının “Çobanbayatı” poemasında isə idilliya və pastorallıq kəsişir, metaforalar misradan-misraya adlayır, müəllif romantik bir həyat hekayətini təsvir edərkən, süjet xəttinə yaddaş ətrindən tərəkəmə həyatı ilə bağlı zəngin etnoqrafik bilgilərə, “beli duman kəmərli, zirvəsi göy sirdaşı dağlarımız”a, Türk düşüncəsindəki azad sevgi anlayışıyla din düşüncəsindəki sevgi tabularına, bədii təxəyyüldən folklor elementlərinə, Çobanbayatıdan İrfan çobanına, çobanbulağın suyundan çoban olan peyğəmbərlərə, çoban salatından çobanyastığı gülünə qədər çox şeyi uğurla yansıda bilib...”
Poemanın orijinallığında onun yazılma dönəminin də təsirləri az deyil.
Əsərin yazılmağa başlanması 44 günlük Vətən Müharibəsindən dörd ay öncəyə təsadüf etsə də, tamamlanması qələbədən iki il sonraya təsadüf edir. Poema qeyri-adi girişlə başlayır. Uzaqlardan kədər, fərəh, dəvət dolu ilahi tütək səsinin gəlməsi yolçunun yolunu axşamüstü o səsə səmt dəyişir. Nağıllardakı kimi az gedib-üz gedib, dərə-təpə düz gedən lirik qəhrəman bir saatdan sonra səsin mənbəyinə çatır. Tütəyində “Çobanbayatı” çalan çobanla qarşılaşır. Lirik qəhrəmanın eşitdiyi səs onun genetik yaddaşını oyadır, əsərdə axın edən hadisələr də milli özünədönüşün təzahürüdür. Çoban qızına su gətirmək üçün kuzəni götürüb getməyi xahiş edir. Bu fakt əsərin dilində arxaizmlərin dirçəldilməsinə təşəbbüs kimi ortaya çıxır. Qızın su gətirməyə gedib-qayıtmasının təsviri isə çağdaş ədəbi dilin poetik gücünü ortaya qoyur:

İldırımtək çaxdı getdi,
Quş ötgünü qayıtdı -
Çobanqızı gətirən su -
Su deyildi, elə bil ki,
Yerin buz damarıydı...

Suyun isə Yerin buz damarına bənzədilmə təşbehi onun sərinliyini də, süxurlar arasından süzülüb gələrkən keçdiyi yolların formasını da təsəvvürdə canlandırır.

Poemanın lirik notları o qədər güclüdür ki, bu lirizmin içində epik təsvirləri tapıb izləmək asan olmur. Bununla belə, müəyyən epiklik əlamətləri də gözdən qaçmır. Məsələn, çobanın
qızının yamacda çiçək yığarkən,
yoldaşının qoyunları sağarkən,
oğlunun çay gətirərkən,
çobanın özünün isə qoyunları adları ilə çağırarkən
təsviri epiklik ünsürləridir. Əsas məsələ çobanın özünü təqdim etməsi, iç dünyasını lirik qəhrəmanla paylaşmasında üzə çıxır. Çoban sürünün saxlanılmasından tutmuş, xeyirli cəhətlərinə kimi yolçunu bilgiləndirir. Fikrini əsaslandırmaq üçün sayaçı sözlərdən də örnək gətirir. Təbiət qoynunda böyüyən övladlarının xoşəməlli olmalarından fərəhlə söz açır.

Təbiəti özünə məskən seçmiş çobanın alaçığı belə təsvir edilir:
“Çadırında saz da vardı, tütək də,
əlyetərdə xəncəri, divarında tüfəng də...”

Bu çadırda yolçu ilə çoban arasında müxtəlif mövzularda dialoqlar qurulur. Çoban peşəsinin özünəməxsusluğundan, çobanlığın düsturunun qardaşlıq olmağından söz salınır, bir neçə saz havası ifa olunur, şeirlər söylənilir.

Gecəni çobanın qonağı olaraq keçirən yolçu səhər yoluna davam etmək üçün izn istəyir. Əslində poemanın zirvə nöqtəsi elə burada müəyyən olunur.
“Əziz qonaq, elə mən də qonağam, -
Neçə ildir bu dağlara meyl salmış,
lap buralı olmuşam” -
etirafını edən çoban orada məskunlaşma tarixçəsindən söz açır:

Uşaqların anasını mənə vermirdi qaynatam,
Biz də verdik əl-ələ, qoşulduq qaçdıq, neynək...
Sonra bizim el-oba işğal oldu, geri dönə bilmədik...

Artıq hadisələrin düyünü açılır. Sazdakı, tütəkdəki kədərin səbəbi aydın olur. Yoluna davam edən yolçuya bağlamada yol payı da qoyurlar. Poemanın mahiyyəti də o bağlamanın açılması ilə aydın olur. Bağlamadakı məktubdan bəlli olur ki, çobanın oğlunun adı Muraz imiş. Olanlar olmuşdu, illər sonra gəncliyinin günəşüzlü gözəli unamadan qarşısına çıxmışdı. Heç o qız da bilmirdi ki, onun adını da yolçu öz qızına qoyubmuş…

Əsərin finalında uzun illər işğal altında qalmış torpaqların yenidən canlanması, orada “Elat bayramı”nın bərpa olunması və lirik qəhrəmanın tələbə qızının da həmin tədbirlərdə könüllü kimi iştirakı əksini tapıb. Əsərin təsirli sonluğu vətənin taleyi ilə eynilik təşkil edir. Vətənin başına gələnlər, onun övladlarının da həyatında öz sözünü deyir. Kəlbəcərin işğalı bir aşiqi öz gənclik eşqindən uzaq salmışdısa, azad olunmuş Kəlbəcər yeni bir eşqə vətən olmuşdu. Şair hadisələrin sonluğunu vətənin gerçəklikləri ilə bağlayır:
Kim deyər ki, qəhrəmanım o çoban
Sürüsüylə Kəlbəcərə varmışdır...
Artıq qazi olan oğlu – adaşım,
Doğma yurdda
anasının adaşına dalmışdır...

Əslində poemanın bütün mahiyyəti bu sevgi tarixçəsinin nəqlində üzə çıxır. Lakin müəllif ənənədən kənar yazı üslubundan istifadə edir. Poemanın mərkəzi xəttinə nakam aşiqləri və onların övladlarının bir-birinə aşiq olmaqlarını yox, etnoqrafik yaddaşı gətirir. İnsan taleyi əsas rolda olsa da, elə təəssürat yaradılır ki, etnosun, adət-ənənələrin toxunulmazlığı daha önəmlidir. Əsərin ən sonuncu cümləsində lirik qəhrəman
“Yoldaşım deyəndə ki, onlar elçi gələcək,
Heç bilmirəm nə hikmətsə,
ilk kəlmədən “Yox!” dedim...”
etirafını dilə gətirir. Əslində bu hikmət də etnodüşüncədən irəli gəlir. Poemanın bütün bölümləri boyu xalq danışıq dili, folklor elementləri, milli həyat tərzi sərgiləndiyi halda, sonluğunda “Hə!” hökmü verilə bilməzdi. Çünki genetik yaddaşımızda gəncliyimizdə aşiq olduğumuz insanın övladını övladımızla evləndirmək ənənəsi yoxdur…

Sonda onu da vurğulayaq ki, əsər haqqında bir çox mötəbər fikir söylənib, rəylər yazılıb, o cümlədən şairlər - Səlim Babullaoğlu, Əlirza Həsrət və başqa tanınmış aydınlarımızın dəyərli rəyləri məlumdur. -
Əlirza Həsrət yazır:
“Şair qardaşım Əkbər Qoşalının “Ədəbiyyat qəzeti”ndən oxuduğum “Çobanbayatı” dastan-poeması Dədə Qorqud avazında yazılmış, klassik gələnəklərlə cilalanmış möhtəşəm bir əsərdir.
Süjet xətti olduqca rəngarəng notlar üstündə köklənmiş bu poemanı oxuduqca, incə-incə düzülmüş sözlərin ahəngi, obrazlı fikirlərin ecazı, misraların yaz çiçəkləri kimi yaraşığı adamı riqqətə gətirir, könlünü yerindən oynadır. Bu əsəri mənzum roman kimi də, sehrli hekayə kimi də, obrazlarla zəngin bir bədii film kimi də təqdim etmək olar…”

Və sonda:
“Heç vaxt bu qədər dərin bədii-etnoqrafik yükü olan poetik əsər oxumamışam. Özü də təcrübəm məni aldatmırsa, 3-4 fraqmenti çıxmaq şərtilə bütünlüklə birnəfəsə yazılıb əsər, sərbəstlə hecanın qəribə kombinasiyalarıyla təzahür edib.
Fikirləşirəm ki, əgər "Azərbaycanşünaslıq" üzrə təhsil proqramı olsaydı, axıcı, müasir və eyni zamanda xəlqi dillə yazılan bu əsəri "mütləq oxu" siyahısına salmaq lazım gələcəkdi. Burda nələr yoxdu?! Aşıq sənətinin "minimumları", milli mətbəxin böyük bir "süfrəsi", müxtəlif nəsillərin uğurlu-uğursuz taleyi, unudulmuş sözlərin dirçəlişi, iman, inam, liriklik, epiklik...
Və fikirləşirəm ki, şair Əkbər Qoşalı yalnız bu əsəri, yalnız və yalnız bir bu əsəri yazmış olsaydı, bəs edərdi. Əziz Əkbər Qoşalını bu gözəl əsər münasibətiylə təbrik edirəm, inanıram ki, bizim "ədəbi tənqid" adəti üzrə gecikməyəcək, əsər haqqında fikrini deyəcək”. - Məncə, yazını Səlim Babullaoğlunun bu ədəbi, fəlsəfi-kulturoloji rəyi ilə bitirmək alternativlərin ən yaxşısıdır.

Dr. Gülnar SƏMA (QASIMLI),
AMEA N.Gəncəvi adına Ədəbiyyat İnstitutunun
şöbə müdiri

Seçilən
11
3
turkustan.az

4Mənbələr