AZ

Dünyanın 50 sənətkarının içki zövqü “Şərəfə, Sənət!” FOTO

ain.az, Bakupost portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Əsrlər boyunca alkoqol, bəzən bir rəssamın fəlakəti, bəzən bir yazıçının ilhamı olub. Məhz bu incə əlaqəni ələ alaraq, yazıçı və kokteyl həvəskarı Ceylin Toqay yeni bir baxış bucağı təqdim edir: “Şərəfə, Sənət!”

Bu kitab, 50 dünya sənətkarının şəxsi həyatından, zövqlərindən və içki vərdişlərindən yola çıxaraq, onların ruhunu əks etdirən 50 kokteyli oxucularla tanış edir. Sadəcə kokteyl reseptləri deyil, hər içkinin arxasında bir həyat, bir sənətkar və çox vaxt da bir qaranlıq keçmiş dayanır.

Kokteyllər sənətçilərin zövqünə uyğun seçilib. Bəziləri üçün tamamilə onlardan ilhamlanaraq orijinal reseptlər hazırlanıb, digərləri isə Neqroni, Espresso Martini və Highball kimi tanınmış klassik kokteyllərdən seçilib. Beləliklə, həm evdə asanlıqla hazırlana bilən sadə kokteyllər, həm də fərqli dad axtaranlar üçün maraqlı seçimlər təqdim olunur.

Kitabda şampandan viskiyə, araqdan tekilaya qədər 11 fərqli alkoqol bölməsi yer alır. Sənətçilər isə beş qitədə yerləşən 23 ölkəni təmsil edir. Beləliklə, oxucu müxtəlif dünya likörləri və dadları ilə tanış olur.

Fəsillər arasında dünyanın fərqli bölgələrində sənətçilərin sevdiyi məşhur kafelərdən, Türkiyə sənətçilərinin başlatdığı və yaşatdığı 26 mart – “Dünya Ölməmə Günü” kimi maraqlı hekayələr də yer alır. Həmçinin oxucular hər alkoqol kateqoriyası üçün sənətçilərin musiqiyə olan sevgisindən ilhamlanaraq hazırlanmış “Spotify” musiqi siyahılarına QR kodlar vasitəsilə keçid əldə edə bilirlər.

Kitabın müəllifi Ceylin Toqay Bakupost.az -a bu ideyanın necə yaranmasından danışıb. Yazıçı bildirib ki, kitab 3 ilə ərsəyə gəlib:

“Pandemiya dövründə kokteyllərə maraq göstərməyə başlamışdım. Klassik kokteylləri hazırlamağı öyrənmək üçün bir neçə kokteyl kitabı almışdım. Onların evimdəki sənət kitabları ilə yanaşı dayandığını görəndə düşündüm: bu iki dünyanı bir araya gətirsəm, necə olar? Sənətçilərin həyatlarında bu mövzunu araşdırdıqca çox maraqlı hekayələrə rast gəldim və bu ideyanın reallaşdırıla biləcəyini anladım.

3 il ərzində ən böyük motivasiyam və dəstəyim dostlarım oldu. Bu layihə, hər kəsin bir hissəsinə töhfə verdiyi bir kitabdır. Kokteyl fotolarından tutmuş mətnlərin yazılmasına, musiqi siyahılarından əlavə edilən hekayələrə qədər dostlarımın əməklərini əks etdirən bir işdir”.

Ceylin Toqay kitabını Azəbaycanda da təqdim etmək arzusunda olduğunu bildirib:

“Azərbaycanda da təqdimat keçirmək fürsətim olarsa, çox şad olaram. Bu kitabın nəşr olunması və artıq mağazalarda satılması layihənin başa çatdığı mənasına gəlmir. Kitabla qarşılıqlı təmasda olan, onu oxuyan hər kəs bu layihəni bir addım da irəli aparır. Daha çox oxucu ilə görüşmək və kitabın yayılmasını izləmək mənə böyük zövq verərdi”.

Ceylin Toqayın sözlərinə görə, kitab iyun ayında Portuqaliyada keçirilən və 82 ölkədən yazıçıların iştirak etdiyi Dünya Qida Zirvəsinin bir hissəsi olan “Gourmand Awards 2025” mükafatlarında “Dünyanın Ən Yaxşı Kokteyl Kitabı” mükafatını qazanıb.

“Şərəfə, Sənət!” adlı kitab qədəhlə rəsm fırçasının eyni masada toqquşduğu nadir əsərlərdən biridir. Bu kitab həm sənətsevərlər, həm də yeni dad axtarışında olanlar üçün bir dəvətdir: bir hekayə oxu, bir içki hazırla, bir musiqi dinlə. Və ən əsası, şərəfə sənət!

Aysel,

BakuPost

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
10
www.bakupost.az

1Mənbələr