AZ

Niderlandlı ekspert: Azərbaycan regional reallıqlar ilə qlobal iqlim prioritetləri arasında körpü rolunu oynayır - MÜSAHİBƏ

Bakı, 28 avqust, Tamilla Məmmədova, AZƏRTAC

AZƏRTAC Asiyanın geosiyasəti və regional təhlükəsizlik üzrə eksperti, Niderlandın “GeoStrat” müstəqil geosiyasi konsaltinq şirkəti və akademiyasının direktoru Riçard Ghiasi ilə müsahibəni təqdim edir.

- Cənubi Qafqazın qarşılaşdığı mövcud ekoloji və dayanıqlı inkişaf çağırışlarını necə xarakterizə edərdiniz və burada Azərbaycanın rolu nədir?

- Cənubi Qafqaz digər bölgələr kimi ciddi ekoloji təzyiqlərlə üzləşən heyrətamiz bir regiondur. Ermənistan, Gürcüstan və Azərbaycanda oxşar tendensiyalar müşahidə olunur: torpaqlar həddindən artıq mal-qaranın otarılması nəticəsində tükənir, meşə massivləri tədricən azalır və urbanizasiya sürətlə inkişaf edir. İqlim dəyişikliyi bu prosesləri daha da kəskinləşdirir: yaylar daha isti olur, yağıntılar proqnozlaşdırıla bilməyən xarakter daşıyır, Qafqaz dağlarında buzlaqlar azalır, həmçinin sel, sürüşmə və quraqlıqlar insanların həyatına və yaşayış vasitələrinə təhdid yaradır. BMT-nin Ətraf Mühit Proqramının (UNEP) “Caucasus Environment Outlook II” (2024) hesabatına görə, regionun əhəmiyyətli bir hissəsi eroziya və torpaq deqradasiyası ilə üzləşir ki, bu da birbaşa qida təhlükəsizliyi və suya çıxış imkanlarına təsir göstərir.

Azərbaycan bu proseslərin mərkəzində yerləşir. Energetika sektoruna əsaslanan iqtisadi artım iş yerləri və rifah təmin etsə də, eyni zamanda ekoloji “qaynar nöqtələrin” yaranmasına və emissiyaların artmasına səbəb olub. Buna baxmayaraq, son illərdə dəyişikliklərin əlamətləri görünür: qanunvericilik bazası təkmilləşdirilir, qorunan təbii ərazilərin şəbəkəsi genişlənir və 2011-ci ildə Beynəlxalq Ekoloji Dialoq Platforması (IDEA) yaradılıb ki, bu platforma gəncləri, qeyri-hökumət təşkilatlarını, hökumətləri biomüxtəliflik və ekoloji təhsil mövzularında birləşdirir. İqtisadi potensialı və institusional dayanıqlılığı sayəsində Azərbaycan Cənubi Qafqazın inkişafını dayanıqlı istiqamətə yönəltmək və dövlətlərarası əməkdaşlığı gücləndirmək üçün real imkanlara — bəlkə də məsuliyyətə — malikdir.

- Bu sahədə Cənubi Qafqaz ölkələrinin əməkdaşlığında hansı əsas çağırışlar və imkanlar mövcuddur?

- Çaylar, əlbəttə ki, dövlət sərhədlərini tanımır. Kür–Araz çayları bütün Cənubi Qafqazın kənd təsərrüfatı, şəhərlər və sənayesi üçün həyati əhəmiyyət daşıyır — buna görə də yuxarı axarlarda qəbul olunan qərarlar birbaşa aşağı axarlardakı qonşulara təsir göstərir. Əsas çağırışlar çayların iqlim qeyri-sabitliyi ilə bağlı dəyişməsi, sərhədlərarası çirklənmə və bütün tərəflər üçün məcburi olan, resursların bölgüsünü tənzimləyən və ya keyfiyyət standartlarını müəyyən edən formal hövzə komissiyasının olmaması göstərilə bilər. BMT-nin İqtisadi Əməkdaşlıq Komissiyası (İƏK) bəzi əməkdaşlıq təşəbbüslərinə dəstək göstərsə də, hələ də tam və hüquqi baxımdan məcburi çərçivə mövcud deyil. Digər tərəfdən, müsbət irəliləyişlər də var. Məsələn, Ermənistan və İran 2023-cü ildə Araz çayında çirklənmənin monitorinqi və azaldılması üzrə razılaşma imzalayıblar. Bu, gərginlik şəraitində belə əməkdaşlığın praktik nümunəsidir. Mənim fikrimcə, region üçün aşağıdakı addımlar vacibdir:

1. Kür–Araz hövzəsi üzrə formal komissiyanın yaradılması və məcburi qaydaların müəyyən edilməsi.

2. Birgə, elmi əsaslı sel və quraqlıq proqnozlaşdırma sistemlərinin qurulması.

3. “Aşağıdan yuxarı” təşəbbüslər — suvarma sistemlərinin, tullantı suların təmizlənməsi, birgə monitorinq layihələri, etimadın möhkəmlənməsinə və əhəmiyyətli faydaların əldə olunmasına töhfə verir.

Azərbaycan, aşağı axarda yerləşən və mühüm texniki potensiala malik ölkə kimi, bütün bu sahələrdə aparıcı rol oynamaq üçün yaxşı imkan və təmələ sahibdir.

- Azərbaycanda ekoloji problemlərin həlli üçün hansı innovativ yanaşmaları və ya təcrübələri daha perspektivli hesab edirsiniz?

- Məni ümidləndirən üç strategiya var. Birincisi, azad edilmiş ərazilərdə “ağıllı bərpa”dır. Məsələn, Zəngilan rayonundakı Ağalı kəndi pilot layihəyə çevrilir: enerji səmərəli evlər, günəş panelləri, “ağıllı suvarma” sistemləri və ekoloji təmiz mobilik — bütün bunlar layihənin başlanğıcından etibarən nəzərdə tutulub. Bu nümunə göstərir ki, bərpa yalnız utilitar məqsəd üçün deyil, dayanıqlı inkişaf prinsipləri əsasında da həyata keçirilə bilər.

İkincisi, təmiz nəqliyyat və enerji səmərəli binalardır. COP29 çərçivəsində Bakıda elektrik avtobusların tətbiqi, elektrik avtomobilləri üçün vergi güzəştləri və infrastruktur investisiyaları sürətli irəliləyişin mümkün olduğunu göstərir. Bundan əlavə, yeni enerji səmərəliliyi haqqında qanun qəbul olunub; indi məqsəd onu auditlər, modernizasiya və standartlar vasitəsilə praktikada həyata keçirməkdir ki, insanlar dərhal maliyyə qənaətini və komfortun yaxşılaşmasını hiss etsinlər.

Üçüncüsü, icmaların səviyyəsində iştirakdır. IDEA-nın gənclərə yönəlmiş fəaliyyəti — ağac əkmədən tutmuş panterlərin qorunmasına qədər, ekoloji təşəbbüslərə insan siması qazandırır. İcmalar, xüsusilə gənclər, özlərinin bu prosesdə iştirak etdiyini hiss etdikdə dəyişikliklər daha uzun müddət möhkəmlənir. Ekoloji şüurluluq düşüncə tərzidir.

- Azərbaycanın iqlim dəyişikliyi ilə mübarizə kontekstində külək və günəş enerjisi sahəsində potensialını necə qiymətləndirirsiniz? Bərpaolunan enerji mənbələrinə keçidi təşviq etmək üçün hansı əsas addımlar artıq atılıb?

- Azərbaycanda bərpa olunan enerji potensialı böyük və qeyri-adi dərəcədə müxtəlifdir. Daxili və cənub regionları dünya səviyyəli günəş şüası alır — bir çox ərazilərdə illik günəş saatları 2400–3200 arasındadır, həmçinin dayanıqlı küləklər həm Xəzər dənizi sahillərində, həm də Qafqaz dağlarının keçidlərində əsir. Dənizdə, Xəzərin dayazsulu şelfində külək enerjisinin texniki potensialı təxminən 157 giqavat təşkil edir. Bu barədə Dünya Bankının “Dəniz külək energetikası yol xəritəsi”ndə bildirilir. Bu, ölkənin mövcud ümumi quraşdırılmış gücündən on dəfədən çoxdur.

Siyasi baza artıq yaradılıb. 2021-ci ildə “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında Azərbaycan Respublikasının Qanunu” qəbul edilib və BMT-nin iqlim paketi çərçivəsində yenilənmiş öhdəlikləri təsdiqlənib. Buna görə də 2030-cu ilə qədər enerji balansında bərpaolunan enerji mənbələrinin payını 30 faizə çatdırmaq nəzərdə tutulur. Bu öhdəliklər əhəmiyyətli tərəfdaşlıqlarla dəstəklənir.

Günəş enerjisi birinci addım oldu. 2023-cü ildə istifadəyə verilmiş “Masdar” şirkətinin 230 meqavat gücündə “Qaradağ” Günəş Elektrik Stansiyası artıq 100 mindən çox evi elektrik enerjisi ilə təmin edir və eyni zamanda, illik CO₂ emissiyasını 200 min ton azaldır. Külək enerjisi növbəti mərhələdir. “ACWA Power” şirkəti tərəfindən inşa olunan 240 meqavat gücündə Xızı–Abşeron layihəsinin tezliklə istifadəyə veriləcəyi gözlənilir. Bütün bunlar əhəmiyyətli irəliləyişdir.

Növbəti addımlar hibrid, həm simvolik, həm də strateji layihələr olacaq. Məsələn, Cəbrayılda bp tərəfindən qurulmuş 240 meqavat gücündə günəş stansiyası “Səngəçal” neft-qaz terminalının dekarbonizasiyasına kömək etmək üçün nəzərdə tutulub. Eyni zamanda, Xəzər dənizində yüksək yaşıl enerji istehsalı potensialına malik dəniz külək layihələri üçün yerlərin tədqiqi və investorlarla danışıqlar davam edir. Hazırda bunlar yalnız ilk addımlardır, amma istiqamət aydındır: Azərbaycan öz təbii üstünlüklərini real gücə çevirməyə başlayır, bu da emissiyaları azaltmaq, qazı ixraca yönəltmək və iqtisadiyyatı — əsasən neftə yönəlmiş iqtisadiyyatı — “yaşıl energetika” istiqamətinə diversifikasiya etmək imkanı yaradır.

- Azərbaycanın hansı regionlarında “yaşıl energetika”nın inkişafı üçün ən böyük imkanlar cəmlənib?

- Mənim fikrimcə, üç aparıcı zona var. Onların hər biri bərpaolunan enerjinin inkişafı üçün özünəməxsus güclü tərəflərə və strateji dəyərə malikdir. Energetika Nazirliyinin nəzdindəki Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin (AREA) apardığı ilkin qiymətləndirmələr bir neçə giqavatlıq istifadə olunmamış potensialın mövcudluğuna işarə edir. 2020-ci il münaqişəsindən sonra burada infrastrukturun əhəmiyyətli hissəsi sıfırdan qurulduğu üçün enerji şəbəkəsi bərpaolunan mənbələr və “ağıllı enerji” sistemlərinin inteqrasiyası nəzərə alınmaqla dərhal layihələndirilə bilər.

Naxçıvan günəş energetikası üçün demək olar ki, ideal şəraitə sahibdir. Yarım-səhra iqlimi və ildə 2800-dən çox günəş saatı bu anklava yerli tələbat üçün əhəmiyyətli həcmdə gündüz elektrik enerjisi istehsal etməyə, idxal olunan elektrikdən asılılığı azaltmağa imkan verir. Kompakt şəbəkə inteqrasiyanı sadələşdirir, hazırkı xarici investorlarla razılaşmalar isə 500 MVt-a qədər yeni gücü nəzərdə tutur. Abşeron və Xəzər dənizi sahili — tarixən “küləklər diyarı” kimi tanınan ərazi, uzunmüddətli və sabit sahil küləkləri, eləcə də əsas istehlak mərkəzi olan Bakıya yaxınlıq üstünlüyünə malikdir. Xızı–Abşeron külək layihəsi bunun yalnız başlanğıcıdır. Xəzərin offşor zonasındakı dayazsulu şelf, minimal vizual təsir və elektrik ötürücü xətlərin yaxınlığı sayəsində külək stansiyaları üçün geniş sahələr təqdim edir ki, bu da Azərbaycanı irimiqyaslı offşor külək energetikası üçün ideal məkan edir. Bütövlükdə bu regionlar ölkəni təmiz enerji ilə təmin etməyə və ixrac ambisiyalarını dəstəkləməyə qadirdir.

- Bərpaolunan energetikanın inkişafı Azərbaycanın iqtisadiyyatı və enerji təhlükəsizliyinə necə təsir göstərə bilər? Ölkə bu mənbələri öz infrastrukturuna inteqrasiya etməyə hazırdırmı?

- Bərpaolunan energetikanın genişləndirilməsi Azərbaycana nadir “üçqat qələbə” (iqtisadiyyatın diversifikasiyası, enerji təhlükəsizliyinin möhkəmlənməsi və ölkənin iqlim göstəricilərinin yaxşılaşdırılması) qazandırır. Onilliklər ərzində Azərbaycanın rifahı böyük ölçüdə neft və qaz ixracından asılı olub. İrihəcmli günəş və külək stansiyalarının, həmçinin kiçik su elektrik stansiyalarının əlavə edilməsi ölkəyə yeni gəlir mənbələri yaratmağa, eyni zamanda iqtisadiyyatı qalıq yanacaqların qiymət dəyişkənliyindən qurtarmağa imkan verir.

İqtisadi məntiq sadədir: bərpaolunan mənbələrdən istehsal olunan hər bir meqavat-saat enerji ölkə daxilində istifadə olunan qazı azad edir ki, bu qazı xaricə ixrac etmək və ya neft-kimya kimi daha yüksək gəlirli sahələrdə istifadə etmək olar. Hökumətin məlumatına görə, 2027-ci ilə qədər təxminən 2 GVt bərpaolunan enerji gücünün istismara verilməsi hər il təqribən 1,2 milyard kubmetr qazın qənaətinə və CO₂ emissiyalarının 2,5 milyon tonadək azaldılmasına imkan verəcək. Bu göstəricilər həm ticarət balansı, həm də iqlim öhdəliklərinin yerinə yetirilməsi üçün mühüm əhəmiyyət kəsb edir. Bu layihələr, eyni zamanda, xarici kapital cəlb edir və tikinti, istismar, xidmət sahələrində ixtisaslı iş yerləri yaradır, yeni “yaşıl sənaye”nin əsasını qoymağa kömək edir.

Enerji təhlükəsizliyi baxımından daha müxtəlif istehsal strukturu bir yanacaq mənbəyindən asılılığı azaldır və xarici şoklara qarşı dayanıqlılığı artırır. Bərpaolunan mənbələrin inteqrasiyasına hazırlıq da yaxşılaşır: Dünya Bankının dəstəyi ilə Azərbaycan 330/500 kV-luq yeni ötürücü xətlər inşa edir, iri “Navahi” yarımstansiyasını istismara verir və dəyişkən generasiyanın idarə olunması üçün şəbəkənin ətraflı tədqiqatlarını aparır. Həmçinin enerji yığımı sistemləri, çevik qaz qurğuları və yenilənmiş idarəetmə sistemləri əlavə edilir ki, dalğalanmaların təsiri yumşaldılsın. Başqa sözlə, infrastruktur artıq elə qurulur ki, daha ekoloji təmiz enerji sistemi sabitliyə risk yaratmadan inkişaf etsin. Bu, həm enerji təchizatını, həm də əhalinin dolanışığını qoruyan məqsədyönlü keçiddir.

- Azərbaycanın regional ekoloji gündəmin irəlilədilməsində rolunu necə qiymətləndirirsiniz və liderlik üçün hansı unikal imkanlara malikdir?

- 2024-cü ilin noyabrında Bakıda keçirilmiş COP29 Azərbaycanın qlobal diqqət mərkəzinə çevrilməsinə və regional təsir imkanları qazanmasına səbəb oldu. Sammit Kür–Araz hövzəsində su ehtiyatları ilə bağlı gərginlikdən tutmuş Qafqaz dağ və düzənlik icmalarında iqlim adaptasiyasının kəskin zərurətinə qədər ümumi regional çağırışları vurğuladı. Təxminən 200 ölkəni Bakıya toplayan Azərbaycan təşkilatçılıq bacarıqlarını nümayiş etdirdi və özünü regional reallıqlar ilə qlobal iqlim prioritetləri arasında körpü kimi mövqeləndirdi. Bu liderlik iddiası təkcə diplomatiya ilə məhdudlaşmır. Azərbaycanın elektrik enerjisinin Gürcüstan üzərindən Rumıniya və Macarıstana nəqlini nəzərdə tutan sualtı kabel xətti — “Xəzər–Qara dəniz–Avropa Yaşıl Enerji Dəhlizi”, Cənubi Qafqazı birbaşa Avropanın enerji bazarları ilə birləşdirə bilər. Layihə reallaşacağı təqdirdə, bu, Azərbaycanın yaşıl enerjisinin ixracına şərait yaratmaqla yanaşı, dörd ölkə arasında şəbəkə standartlarının, normativ təcrübələrin və investisiya axınlarının uyğunlaşdırılmasına da imkan verəcək. Bu, iqlim tədbirlərinə regional inteqrasiya prizmasından baxışdır — ikili üstünlükdür. Azərbaycan, həmçinin unikal struktur üstünlüklərinə malikdir. Bu üstünlüklərə enerji resurslarının ixracından əldə olunan maliyyə imkanları, Avropa ilə Asiya arasında mərkəzi coğrafi mövqe, eləcə də Körfəz investorlardan Avropa İttifaqına və çoxtərəfli inkişaf banklarına qədər tərəfdaşlıqlar daxildir. Bu resurslar transsərhəd layihələrin birgə maliyyələşdirilməsinə, ölkə hüdudlarından kənarda təbiəti mühafizə proqramlarının başlanmasına və texniki, siyasi standartların müəyyən edilməsində liderliyə imkan yaradır.

Başqa sözlə, Azərbaycan yalnız karbohidrogen ixracatçısı kimi qəbul olunmaqdan çıxaraq, etimadın tez-tez kövrək olduğu bir regionda dayanıqlı inkişafı əməkdaşlığın ümumi dili edə biləcək ekoloji dialoqun fəal iştirakçısına çevrilir. Nəticə olaraq: Yer kürəsi nə qədər sağlam olsa, biz də bir o qədər sağlam olarıq. Bunu nə qədər yaxşı anlayıb praktiki həyata keçirsək, indiki və gələcək nəsillər üçün bir o qədər yaxşı olacaq. Ümid edirəm ki, Azərbaycan həm milli, həm də regional səviyyədə səylərini ikiqat artıracaq.

Seçilən
5
2
azertag.az

3Mənbələr