Fransa istehsalı olan Gaumont şirkəti rejissor Olivye Assayasın “Kremlin Sehrbazı” adlı yeni filmindən ilk görüntünü paylaşıb.
"Cebheinfo.az" xəbər verir ki, filmdə Rusiya Prezidenti Vladimir Putini britaniyalı aktyor Cud Lou canlandırır.
Ekran əsəri Giuliano da Empolinin 2022-ci ildə nəşr olunan romanı əsasında çəkilib və 31 avqustda Venesiya Film Festivalının müsabiqə bölməsində ilk dəfə nümayiş olunacaq.
Filmin baş rolunda Paul Dano yer alır və siyasi məsləhətçi Vadim Baranov obrazını canlandırır. Bu obrazın ilham mənbəyi Kremlin keçmiş yüksək vəzifəli şəxslərindən biri, bir zamanlar Putinə ən yaxın simalardan olan, lakin son illərdə siyasətdən uzaqlaşan Vladislav Surkovdur.
Film 1990-cı illərdə Baranovun gələcək Rusiya liderinin məsləhətçisi olmasını mövzu alır. “Oscar” mükafatlı aktrisa Alicia Vikander də filmdə yer alır və Baranovun aşiq olduğu Kseniya obrazını canlandırır.
Filmin ilk görüntüləri mart ayında ortaya çıxmışdı. Bu zaman Surkov vəziyyəti “Heç kim belə şeylərdən sığortalanmayıb” sözləri ilə şərh etmişdi.