Naxçıvan, 28 avqust, AZƏRTAC
Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq, “İnvestisiya təşviqi sənədi” ölkə üzrə, o cümlədən Naxçıvan Muxtar Respublikasında investorların cəlb edilməsi, sahibkarlığın inkişafı və yeni istehsal sahələrinin qurulması üçün tətbiq olunan dövlət dəstək mexanizmidir.
Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin İnvestisiyalar və monitorinq şöbəsinin İnvestisiya proqramları, layihələri və təşviqi sektorunun məsləhətçisi Hüseyn Quliyev deyib.
O qeyd edib ki, investisiya fəaliyyətinin genişləndirilməsi, sənaye istehsalının artırılması, yeni sənaye müəssisələrinin yaradılmasının dəstəklənməsi və yerli sənaye sahələrinə investisiyaların cəlb olunmasının təşviq edilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 18 yanvar 2016-cı il tarixli Fərmanı ilə “İnvestisiya təşviqi sənədinin verilməsi Qaydası” və 20 aprel 2016-cı il tarixli Fərmanı ilə “İnvestisiya təşviqi sənədini almış hüquqi şəxslərə və fərdi sahibkarlara texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı üçün təsdiqedici sənədin verilməsi Qaydası” təsdiq edilib.
“Bu fərmanlar əsasında Naxçıvanda da müvafiq tədbirlər görülüb. İnvestisiya təşviqi sənədi Azərbaycan Respublikasının Vergi Məcəlləsində və "Gömrük tarifi haqqında" Qanununda müəyyən edilmiş güzəştləri əldə etməyə əsas verir. Vergi Məcəlləsinə edilmiş dəyişikliklərə əsasən, investisiya təşviqi sənədi almış hüquqi şəxslər və fərdi sahibkarlar 7 il müddətinə mənfəət və gəlir vergisinin 50 faizindən, müvafiq əmlakına görə əmlak vergisindən, eləcə də mülkiyyətində və ya istifadəsində olan torpaqlara görə torpaq vergisindən 100 faiz azad edilirlər. Bundan əlavə, onların idxal etdikləri texnika, texnoloji avadanlıqlar və qurğular üzrə idxalda əlavə dəyər vergisini ödəməkdən də 7 il müddətinə azadolma tətbiq olunur”, - deyə H.Quliyev vurğulayıb.
İqtisadiyyat Nazirliyinin əməkdaşı onu da qeyd edib ki, "Gömrük tarifi haqqında" Azərbaycan Respublikasının Qanununda 2016-cı il 19 yanvar tarixində edilmiş dəyişikliklərə əsasən investisiya təşviqi sənədi əsasında verilən müvafiq təsdiqedici sənədə görə layihə çərçivəsində xaricdən idxal olunan texnika, texnoloji avadanlıq və qurğuların idxal rüsumundan 7 il müddətinə azadolma tətbiq olunur: “Naxçıvan Muxtar Respublikasında bu mexanizmin tətbiqi müsbət iqtisadi nəticələr verib. Belə ki, Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən 2016-2025-ci illərdə 121,2 milyon manat dəyərində investisiya layihəsi üzrə 19 sahibkarlıq subyektinə 25 investisiya təşviqi sənədi və 51 təsdiqedici sənəd verilib. Bunlardan 4 sahibkarlıq subyektinə verilən İnvestisiya təşviqi sənədinin güzəşt müddəti bitib. Bu mexanizmdən istifadə edən sahibkarlıq subyektlərində 642 yeni iş yeri yaradılıb. Muxtar respublikada investisiya təşviqi sənədləri əsasən qida məhsullarının, içki, tütün məmulatlarının, geyim istehsalının, kağız və karton istehsalının, rezin və plastmas məmulatlarının, maşın və adanlıqlardan başqa hazır metal məmulatlarının, sənaye məhsullarının, tikinti materiallarının istehsalı sahələri üzrə həyata keçirilib”.
1990-cı ildən Naxçıvan şəhərində təsis edilən “Təməl Sənaye və Ticarət” şirkətinin icraçı direktoru Emin Dünyamalıyev bildirib ki, 2025-ci ilin mayında müəssisə tərəfindən Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyinə müraciət edilərək maşın və avadanlıqlardan başqa hazır metal məmulatlarının istehsalı iqtisadi fəaliyyət sahəsi üzrə investisiya təşviqi sənədi əldə edilib.
“Bu investisiya layihəsinin reallaşdırılması üçün ümumilikdə 796 min 724 manat məbləğində vəsait sərf ediləcək. Layihə üzrə tələb olunan vəsaitin 1,25 faizi cari təmir işlərinin aparılmasına, 65,37 faizi avadanlığın, 33,38 faizi isə xammal və digər köməkçi materialların alınmasına xərclənəcək. İnvestisiya layihəsinin 6 ay ərzində icra olunması nəzərdə tutulur. Yeni yaradılacaq istehsal sahəsində 16 yeni iş yeri açılacaq. Əldə etdiyimiz investisiya təşviqi sənədi çərçivəsində layihəmiz dövlət tərəfindən bir sıra mühüm vergi güzəştləri ilə dəstəklənib. Bu təşviq mexanizmi bizim üçün təkcə maliyyə yükünün azaldılması demək deyil, eyni zamanda daha dayanıqlı, rəqabətqabiliyyətli və innovativ istehsal prosesinin qurulması üçün geniş imkanlar yaradır. Dövlətimizin investisiya mühitinin yaxşılaşdırılması istiqamətində atdığı bu addımı yüksək qiymətləndirir, göstərilən dəstəyə və yaradılan şəraitə görə təşəkkür edirik”, - deyə şirkətin icraçı direktoru əlavə edib.
Rusiya və Türkiyə mənşəli avadanlıqlarla təchiz olunmuş istehsal müəssisəsində hazır metal məmulatlarının istehsalı, polad qapı, qaynaq, rəngləmə, daş məhsullarının istehsalı, torna və mexaniki sexlər fəaliyyət göstərir. Bu da öz növbəsində Naxçıvan Muxtar Respublikasında sənaye potensialının artırılmasına öz töhfəsini verir.