AZ

Əliyev və Putin eyni məkanda: Kreml açıqlama yaydı – 3 gün sonra nə yaşanacaq?

  31 avqust – 1 setyabr tarixlərində Çində baş tutacaq Şanxay Əməkdaşlıq Təşkilatının sammitində Azərbaycan, Rusiya, Ermənistan və bir sıra başqa dövlətlərin liderlərinin iştirakı gözlənilir.

Son zamanlarda Bakı-Moskva münasibətlərində müşahidə olunan gərginlik, həmçinin iki ölkə rəsmilərinin təmaslarından sonra liderlərin Çində sözügedən sammit çərçivəsində bir araya gələ biləcəyi deyilir. Kremlin mətbuat katibi Dmitri Peskov da məsələyə münasibət bildirərək belə bir görüşün baş tutması halında ictimaiyyətə məlumat veriləcəyini bildirib.

Referans xəbər verir ki, Globalinfo.az-a danışan siyasi şərhçi Əli Mustafayev deyib ki, Azərbaycanla Rusiya arasında münasibətlər son vaxtlar gərginləşib və bu, əsasən Moskvanın davranışları səbəbindən baş verir:

“Son bir neçə ayda Kemldən Bakıya təzyiqlər müşahidə olunur. Bu, sadə məsələ deyil və Rusiyanın hələ də Azərbaycana qarşı müxtəlif addımlar atacağı gözlənilir.

Moskva düşünür ki, Azərbaycan onun diqtəsi ilə hərəkət etməlidir. Eyni zamanda, Cənubi Qafqazda baş verən dəyişikliklərə də çox həssas yanaşır, regionun onun təsir dairəsində qalmalı olduğunu hesab edir. Bu səbəbdən bölgədə yaşanan dəyişikliklər Kreml üçün yolverilməzdir. Əslində bu mövqe müxtəlif bəyanatlarda və açıqlamalarda açıq şəkildə ifadə olunur.

 
Azərbaycan isə tam haqlı olaraq hesab edir ki, öz müstəqilliyini və suverenliyini möhkəmləndirməlidir. Ona görə də rəsmi Bakının təşəbbüsləri başadüşüləndir. Rusiyanın mövqeləri isə əsaslı və inandırıcı deyil, sadəcə təzyiq xarakteri daşıyır”.

Siyasi şərhçi bildirib ki, Azərbaycan–Rusiya liderlərinin görüşünün baş tutub-tutmaması sual altındadır:

“Amma belə bir görüşün olması, nəticə baxımından ciddi dəyişiklik gətirməyəcək. Çünki Azərbaycan artıq öz strateji kursunu müəyyənləşdirib və ondan geri dönməyəcək. Rusiya da mövqeyindən geri çəkilmək istəmir. Yalnız Moskvanın daxildə ciddi zəifləməsi halında biz yeni bir mənzərəni müşahidə edə bilərik.

Fikrimcə, burada əsas məsələ görüşün olub-olmamasından çox, Azərbaycanın suverenliyi möhkəmləndirmə siyasətini davam etdirməsidir. Yəni, nəticə etibarilə ən önəmli faktor budur”.  

Seçilən
1
2
referans.az

3Mənbələr