Ali məktəblərə qəbul olan məzunlar tələbə adını qazanmalarına görə nə qədər sevindilərsə, bu siyahıda yer almayanlar da bir o qədər kədərləndilər. İmtahanlarda kəsilənlərin əksəriyyəti ənənəvi olaraq “xaricdə attestatla təhsil” almaq yolunu seçirlər. Bu seçim get-gedə kütləvi xarakter alır. Gənclərimiz orta ixtisas və ya peşə təhsilinə yönələ, həmçinin qəbul imtahanlarına daha ciddi hazırlaşaraq, növbəti ildə istədikləri nəticəni əldə edə biləcəkləri, yəni daha məntiqli addım ata biləcəkləri halda bilərəkdən özlərini tələyə salırlar.
Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin bu günlərdə abituriyentlərə və onların valideynlərinə müraciəti də gələcəkdə yaranacaq problemlərin qarşısını almağa yönəlib. Çünki onlar diplomun tanınmaması, təhsilin yarımçıq qalması və s. ciddi fəsadlarla üz-üzə qalırlar. Agentliyin müraciəti də valideyn və abituriyentləri ayıq-sayıq olmağa çağırır: “Xaricdə təhsil imkanlarını nəzərdən keçirərkən bir sıra mühüm məqamlara diqqət yetirmək zəruridir. Ən vacib məqam hər bir elana inanmamaq və asan yollara əl atmamaqdır. Bu məsələyə etinasız və tələsik yanaşmaq gələcəkdə diplomun tanınmaması, təhsilin yarımçıq qalması və digər ciddi fəsadlara səbəb ola bilər. Bu səbəbdən seçiləcək ali məktəbin akkreditasiyası, diplomun ölkəmizdə tanınması, həmçinin təhsil və yaşayış xərclərinin ailə büdcəsinə uyğunluğu əsas meyar kimi nəzərə alınmalıdır”. Problem millət vəkillərini də, təhsil mütəxəssislərini də narahat edir.

“Təhsil sahəsində də dəllallıqla məşğul olanlar var”
Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov dedi ki, ümumiyyətlə bu tendensiya illərdir mövcuddur: “Təəssüf ki, bir çox sahələrdə olduğu kimi təhsil sahəsində də dəllallıqla məşğul olanlar var. Onlar davamlı olaraq xaricdə attestatla qəbulla bağlı elanlar yayır, gənclərimizi xaricə oxumaq üçün göndərirlər. Bir sıra hallarda insanları aldadır, onları düzgün məlumatlandırmırlar. Hazırkı dövrdə belə universitetlərin sayı artıb. Nəticədə gənclərin bir hissəsi sonrakı dönəmlərdə ciddi problemlərlə üzləşirlər. Bizim də tövsiyəmiz ondan ibarətdir ki, valideynlər və gənclər belə elanlara aldanmamalı, ehtiyatlı olmalı, bu cür dəllalların qurbanı olmamalıdırlar”. Millət vəkili bildirir ki, xaricdə bu yolla təhsil alan gənclərin əksəriyyəti ölkəyə qayıtdıqdan sonra ciddi problemlə üzləşirlər. Bəziləri Azərbaycan universitetlərinə transfer olunmaq istəsələr də, bu, alınmır. Gələcəkdə onların diplomlarının tanınması ilə bağlı da ciddi problemlər yaranır: “Gənclər Azərbaycanda həm diplomlarını tanıda, həm də iş tapa bilmirlər. Onların bir hissəsi də universitetdə təhsillərini bitirib qayıda bimirlər”.
“Biz ciddi şəkildə valideynlərə tövsiyə edirik ki, tələsməsinlər”