Bu il keçirilən qəbul imtahanlarında Zərdab rayonunun Şirvani adına İsaqbağı kənd tam orta məktəbinin bütün məzunları tələbə adını qazanıblar. Yüksək nəticəsi ilə fərqlənən məktəbin direktoru Dayangül Vəliyeva ilə söhbətləşdik.
Dayangül müəllim bildirdi ki, hər bir şagirdi ilə qürur duyur: “11 ildir ki, bu məktəbdə direktor vəzifəsində çalışıram. Bundan əvvəl məktəbdə heç vaxt 600 bal toplayan şagird olmamışdı. Amma son illərdə hətta elə olub ki, bütün rayon üzrə yalnız bir nəfər bu nəticəni göstərib və o da bizim məktəbin məzunu olub. Bu, mənim üçün böyük qürurdur”.
“Şagirdlərimi balamdan ayırmamışam”
Direktor bildirir ki, bu nəticələrin arxasında yalnız təhsil yox, həm də şagirdlərlə qurulan dostluq və güvənə əsaslanan münasibət dayanır: “Şagirdlərimi müəllim olduğum dövrdə də heç vaxt qorxu ilə idarə etməyə çalışmamışam. Mənim üçün vacib olan onların mənə qorxaraq deyil, sevgi ilə yaxınlaşmağı olub. Ərköyünlə ərköyün, ağıllı ilə ağıllı, dəlisov ilə dəlisov olmuşam. Hətta olub ki, şagirdlər bir yerdə hazırlıqları ilə bağlı müzakirələr aparmaq üçün otaq istəyiblər, öz otağımı onlara vermişəm. Deyirdim ki, probleminiz olarsa, mənimlə bölüşün, həll edək. Məktəb daxilində, sakitcə həll etdiyimiz məsələlər də olub. Heç bir şagirdimi balamdan ayırmamışam. Ona görə də bu gün balalarımın uğuruna sevinirəm”.
“Kənddə qızların təhsilə marağı yüksəkdir”
Bəzi bölgələrdə, xüsusilə də, ucqar kəndlərdə qızların təhsildən yayınması ilə bağlı hallar müşahidə olunur. İsaqbağı kəndində ali məktəbə qəbul olan on şagirdin altısının qız olması direktoru xüsusilə sevindirir. Deyir ki, bu kənddə qızların təhsilə marağı yüksəkdir: “Bizim kənddə qızların təhsildən yayınması halları demək olar ki, yoxdur. Bu, məktəb kollektivinin və valideynlərin birgə əməyi nəticəsində mümkün olur. Valideynlər şagirdlərin, xüsusilə də qızların təhsilinə böyük önəm verirlər. Məsələn, sonuncu dəfə 11-ci sinif şagirdinin nişanlanmaq niyyəti barədə məlumat aldıq. Valideynlərini məktəbə dəvət etdik, vəziyyəti ətraflı müzakirə etdik. Qeyd etdik ki, qız uşaqları üçün təhsil mütləqdir və onların gələcəyi üçün bu, ən vacib amillərdən biridir. Ailə ilə aparılan maarifləndirici söhbətlər nəticə verdi və valideynlər qərarlarını dəyişdilər. Yəni bu sahədə əldə olunan nəticələr təkcə məktəb rəhbərliyinin deyil, eyni zamanda valideynlərin də anlayışlı və məsuliyyətli yanaşmasının göstəricisidir. Qız valideynləri övladlarının təhsilli olması üçün əllərindən gələni edirlər”.
Uşağın həyatında müəllimin rolu böyükdür
Direktor deyir ki, uşağın həyatında müəllimin rolu böyükdür. O da şagirdlərinin həyatında sehrli toxunuşlar edib: “İllər əvvəl bir şagirdimiz var idi. Nadinc, islaholunmaz deyirdilər. Anası rəhmətə getmişdi, ailə şəraiti də çətin idi. Müəllimlər ondan şikayət edirdilər, dərslərə mane olurdu, qaydalara əməl etmirdi. Atası da artıq ümidsiz vəziyyətdə məktəbə gəlib dedi ki, bu uşağı məktəbdən çıxarın, nə müəllimlərin, nə də qonşuların üzünə baxa bilirəm. Amma mən razılaşmadım. Dedim ki, uşağın dəstəyi ehtiyacı var. O şagirdi məktəbdən çıxmağa qoymadım, əksinə, onunla dost oldum, vaxt ayırdım, dəyər verdim. Onun özünəinamını artırmaq üçün bilik yarışı təşkil etdik, sualları özü tərtib etdi. Yarış zamanı otağı tərk edirdim, ona deyirdim ki, sən buradasansa, mənim gözüm arxada qalmayacaq. Beləcə ona məsuliyyət hissi aşıladım. Nəticədə həmin uşaq Fövqəladə Hallar Nazirliyinin Akademiyasına daxil oldu və bu gün mötəbər bir vəzifə sahibidir”.
