Bəzən bir insan susar, amma bütün bir xalq onun içində danışar. O səssizlik ki, nə kitabın sətrində, nə tribunadakı çıxışda var, o səssizlik içində danışar. Elə bir insan var ki, söz onun üçün nə sadəcə yazı, nə də fikirdir. O, sözə ömür kimi baxır, bu ömürdə qırılmış insanlar, itirilmiş sevgilər, unutdurulmuş dostluqların səsi var.
O, əlini kağıza toxunduranda bir xalqın kədərini hiss edir. Qələmi ilə millətin ruhuna toxunur. Amma səsini ucaldan deyil. Onun sükutu danışır həmişə. O ən çətin vaxtlarda da sözünü kəskinləşdirmir, amma kimsənin qəlbinə dəymədən dərinə getməyi bacarır. Vətən onun üçün göy bayraq deyil, bayrağın altında səssiz ağlayan adamdır. O, şəklini çəkmədiyi hissləri, dilə gətirmədiyi sevincləri yazır. Ona görə də onun yazdıqları sevilməkdən çox, başa düşülməyə ehtiyac duyur.
Onun adı sadəcə Anardır. Soyadına, titullarına, rəsmi təqdimatlara ehtiyac olmayan adamlardan biridir. O, elə Anardır - yazıçı, ssenarist, ədəbi xadim, dost, sirdaş, millət adamı və eyni zamanda özünü az göstərən, lakin çox olan bir varlıq. Anarın həyat yolu nəinki bir yazıçı ömrüdür, bu yol həm də bir mədəniyyətin, bir torpağın, bir nəsil yaddaşının ruhani salnaməsidir.
Onun sadəliyinin altında əsrlərlə yaşayan bir fəlsəfə yatır. Onun yazdıqları oxunur, bəlkə bəzən unudulur da. Amma onun yazmadıqları vicdanlarda yaşayır. Onun üzü sanki çox adamın üzünə bənzəyir - yazıçının, müəllimin, fəhlənin, filosofun, dostun. Amma bu bənzəyişdə bir sirr var - heç kim onun qədər Anar deyil.
Anar nə ideologiyanın adamıdır, nə maddi mənafenin. O, dostluğun, düşüncənin və yazının adamıdır. Onun əzəməti təkcə yazdıqlarında deyil, həm də yazmadıqlarındadır. O, Azərbaycan ədəbiyyatının susaraq danışan sözüdür.
Görünən dünya ilə görünməyən arasında doğulur böyük insanlar. Onlar nə tam bu dünyadandır, nə də tam başqa aləmdən. Onlar düşüncənin, səbrin, müşahidənin, sözün sehrini içində daşıyanlardır. Bu insanlar danışmaqla deyil, susmaqla danışırlar. Bax, elə Anar da onlardan biridir.
Onun içindən keçənləri sözlə izah etmək çətindir. Çünki Anarın özü də sözün içində yaşayan adamdır. O, sözlə yazır, sözlə düşünür, sözlə nəfəs alır. Lakin o sözlərin əsl mənasını yalnız sükutda duymaq olur. Onun ruhani aləmi, metafizik baxışı, daxili zərrəvilikləri bir yazıçı portretindən çox, bir vəlinin, bir övliyanın portretini xatırladır.
Dünyada elə insanlar var ki, onlar nə qədər danışsalar da, ən güclü cümlələri sükutlarında gizlənir. Yazıçı Anar da o adamlardandır - onun yazmadığı, ancaq yaşadığı cümlələr bütün bir xalqın ruhuna toxunan səssiz bir fəryaddır. Onu təkcə yazdıqları ilə deyil, susduqları ilə də başa düşmək lazımdır.
Anar! Bu ad Azərbaycanın ədəbiyyat salnaməsinə əbədi həkk olunmuş bir imzadır. Amma bu imzanın arxasında bir yalnızlıq, bir sədaqət, bir dostluq məktəbi dayanır. O təkcə bir yazıçı deyil, o, insan olmağın, insan qalmağın özüdür.
Bəzən bir ömür sığar bir sükuta. Bəzən bir sətir sığar bir xalqın fəryadına. Anarın yazdıqları sətirlərin deyil, səssizlərin fəryadıdır. O, sözlə üsyan etmədi, sözlə səssizliyi danışdırdı. Əsərlərinin altında yazılmayan bir sətir var: "Əziz xalqım, mən səni hiss edirəm."
Anarın qələmindən süzülən sözlər bəzən kimsənin eşidə bilmədiyi bir ağrının səssiz harayı, bəzən də sükutun içində çırpınan bir ruhun etirafıdır. O, Azərbaycan ədəbiyyatının sükutla danışan sərkərdəsidir - səsi az, susqunluğu dərin olan bir qələm sahibi. Onun əsərləri sanki insan ruhunun iztirablarını dinləyən və onu dilə gətirən bir həkimin qeydləridir.
Anar həmişə həyatın səssiz künclərində gəzib. Onun üçün ədəbiyyat sadəcə yazmaq yox, yaşamaq, unutmaq, bağışlamaq və əfv etməkdir. "Ağ liman"da olduğu kimi, insan taleləri onun üçün limana sığınmış, amma heç vaxt dənizə açılmayan gəmilərdir. Hər qəhrəmanı bir az Anardır - sevən, susan, gözləyən...
O, heç vaxt pafoslu danışmağı seçmədi. Heykəl olmaq istəmədi. O, insan olmaq istədi - zəiflikləri ilə, qorxuları ilə, həyat qarşısında bəzən aciz qalması ilə. Amma bu acizlik onun gücünə çevrildi. Çünki o həmişə öz içindəki uşaqla dialoqda qaldı. Uşaq səmimiyyətini qorudu. Yalançı böyüklüyə qarşı çıxdı. Hətta müdrikliyi belə şübhə altına aldı.
Hər bir xalqın ruhunda bir yazıçı yaşayır - ağrılarını susaraq daşıyan, sözlərdən daha çox sükutla danışan, unudulanların yaddaşı, deyilməyənlərin səsi olan bir yazıçı. Azərbaycan xalqının o yazıçısı Anardır.
Onun adı sadəcə bir imza deyil. O, müdrikliyin, tənhalığın, sədaqətin, vicdanın və əxlaqın yazıçı səsilə ifadəsidir. Anar qələmi ilə millətin ruhundakı çatları göstərdi, amma heç vaxt onu qırmadı. O, qaranlıqda fənər yandırmadı, özünü fənərə çevirdi.
Anar fəlsəfəsinin təməlində "insan ruhunun mürəkkəbliyi və zamana qarşı tək qalması" dayanır. O, heç vaxt qəhrəman portretlər yaratmadı, çünki insanı qüsurları ilə sevdi. Onun ədəbi qəhrəmanları bəzən tərəddüd edirlər, sevməkdən qorxurlar, doğrunu bilib yenə də susurlar. Anarın yazıçı vicdanı, sükutun, peşmanlığın və içində danışan səsin fəlsəfəsini yaratdı.
O, insanı cəmiyyətin içində yox, öz vicdanı ilə tək qoydu. Çünki insanın əzəli və əbədi döyüşü başqaları ilə deyil, öz içindəki "mən"lə savaşıdır. Anar bu savaşı izlədi, duydu, yazdı və sənədləşdirdi.
Onun üçün ədəbiyyat zamanla vicdanın toqquşduğu sahədir. Yazmaq unutmağa qarşı üsyandır, həm də bağışlamağa cəhd. O, sözə öz içindəki günahsız uşaq kimi baxdı - qorudu, əymədi, təhrif etmədi.
Anar heç vaxt ideoloji şüarların adamı olmadı. Onun ideologiyası hafizədir - xalqın, fərdin, insanlığın hafizəsi. O bilir ki, unutmaq ən böyük xəyanətdir. Buna görə də unudulan insanları yazdı - yaşaya bilməyənləri, danışa bilməyənləri, sevə bilməyənləri. Onun ədəbiyyatında səs çox azdır, amma yaddaş çoxdur.
Onun ədəbiyyata gəlişi səs-küylə deyil, könül səsi ilə oldu. Çünki Anar səs salanlardan deyil, səssiz dərinlikləri yazanlardandır. Onun obrazları da, cümlələri də ürəyin içindən süzülən bir duyğu selidir. Hər bir kəlməsi bir insanın taleyinə çevrilə bilər.
Onun şəxsiyyətində sadəliklə dərinlik bir yerdə yaşayır. O, təkəbbürün yaxınından keçməyən, amma qürurunu bir yazarın vicdanı kimi daşıyan bir insandır. Həyat onu çox sınağa çəkdi, amma o, heç zaman insanlığını itirmədi.
Anar Şirvanşah torpağından gələnlərdəndir. Göyçay, sadəcə, coğrafiya deyil, bu torpaq Şirvanın içindən gələn, ensiklopedik yaddaşı, zərif duyğuları və düşüncə dərinliyi ilə seçilən insanların beşiyidir. O bu torpağın ruhunu içində daşıyır - həm təvazökar, həm müdrik, həm də bir qədər susqun. Onun susqunluğu isə boşluq deyil, dərinlikdir, düşündürən, çəkən və içindən işıq saçan bir dərinlik.
Anarın uşaqlığı, gəncliyi heç də sadə keçməyib. Məşhur və böyük ziyalılar ailəsində doğulmaq, hər kəsin sənə baxdığı gözlərlə böyümək, elə ilk gündən cəmiyyətin yükünü çiyinlərində hiss etmək deməkdir. Lakin Anar özünü bu yük altında itirmədi. O həm ata-anasına, həm yazıçılığa, həm də millətə sadiq qaldı. Onun üçün millətçilik ucuz ritorika deyil, bu, mədəni bir borc, mənəvi bir məsuliyyətdir.
Onun gəncliyi dövründə Azərbaycan ədəbiyyatı yeni mərhələyə qədəm qoyurdu. O bu prosesin liderlərindən biri oldu. Əsərlərindəki humanizm, sevgi, azadlıq və etika anlayışı, öz iç dünyasında yaratdığı qəhrəmanlarla verdiyi mesajlar - bunlar onun əsl nitqi, onun mövqeyi idi. Anar bəzilərinin etdiyi kimi tribunadan qışqırmadı, əsərlərinin içindən danışdı - sakit, lakin kəsərli bir dillə.
Onun "Beşmərtəbəli evin altıncı mərtəbəsi" povestindəki qəhrəman bir sadə insandır. Amma bu insan öz səssizliyi ilə bütün sistemə cavab verir. Anarın əsərlərində səssiz mübarizə, etik düşüncə, vicdanın metaforası daim ön plandadır. Bu da onu ədəbiyyatın sükutla danışmağı bacaran rəhbəri edir.
Onun yazdığı hər hekayə, roman, ssenari bir daxili monoloqdur. Bu monoloqu o özü ilə danışır, lakin oxucu ilə paylaşır. Məsələn, "Beşmərtəbəli evin altıncı mərtəbəsi" təkcə fiziki bir məkanın deyil, həm də psixoloji vəziyyətin hekayəsidir. Onun qəhrəmanları heç vaxt birbaşa üsyan etmir, onlar düşünür, çəkilir və... qərar verir. Bu da Anarın həyat fəlsəfəsidir - çox danışma, amma lazım olanda sözünü dəqiq de.
Anar yazıçı olduğu qədər dost adamdır. O, kimsəyə birinci zəng etməz, amma zəng etsən, cavab verər. O, təmkinin, səbrin, vəfanın dostudur. Dostundan üz döndərməz, düşməninə isə nifrətlə baxmaz. Bu onun əsərlərində də görünür. Qəhrəmanları günahkar da olsa, Anar onu bir az sevir, bir az da başa düşür. Çünki o, insanın özünü sevdirməyə çalışan tərəfini deyil, içindəki həqiqəti, onun ekzistensiyasını axtarır.
Onun yazıçı kimi məqsədi sadəcə süjet qurmaq deyil. Onun hədəfi insanı oxşamaq, ona dərindən baxmaq və sarsıtmaqdır. "Ötən ilin son gecəsi", "Asılqanda işləyən qadının hekayəsi", "Gürcü familiyası", "Mən, sən, o və telefon", "Dantenin yubileyi", "Ağ liman", "Macal", "Səhra yuxuları", "Şəhərin yay günləri", "Beşmərtəbəli evin altncı mərtəbəsi", "Əlaqə", "Otel otağı", "Ağ qoç, qara qoç", "Gözmuncuğu", "Qatardan qalan adam" - bu əsərlər təkcə hekayət deyil, ruhun səyahəti, insanın özünü sorğuladığı aynadır.
Anar həm də dövlətçiliyin bir örnəyidir. Amma bu, dövlət kreslolarında əyləşmək anlamında deyil. O, dövlətin mədəniyyət üzərində qurulan hissəsində yaşayıb. O, rəsmi mövqedən uzaq olub, amma millətin vicdanı kimi həmişə ön cərgədə yer alıb.
Anar sadəcə yazmır, ruhla yazır. Onun hər kəlməsi bir nəfəs, hər əsəri bir dua kimidir. O, insan ruhunun dərinliklərinə qədər enməyi bacaran nadir yazıçılardandır. Onun qəhrəmanları bir qəhrəman deyil, insanın özüdür. Hər kəs bir az "Beşmərtəbəli evin altıncı mərtəbəsi"ndədir, hər kəs bir az "Macal"dadır. Hər kəsin içində bir az Anar var - yazılmamış, deyilməmiş, ancaq hiss edilmiş bir Anar.
Onun obrazlarında fəryad var, lakin bu fəryad hayqırmır. O, gözünə baxanda görünür. Bəzən bir cümlənin axırında dayanan üç nöqtə bir insanın başa çatmayan taleyidir. Bir hekayənin sonunda yazmadığı cümlələr, bəlkə də, oxucunun ürəyində tamamlanır. Onun üçün yazmaq özü olmaq deyil, özündən keçməkdir. Özünü içindən çıxarıb yazıya çevirmək! Bunu bacaran az adam var. Anar bunu bacardı.
Onun yazmadıqları daha dərindir. Yazmadığı sevgilər, yazmadığı ağrılar, yazmadığı etirazlar - sətirlərin arasından süzülür. Susqunluğu bu xalqın ədəbiyyatında yanan çıraqdır. Nə zamansa bu sükutla danışanlara ehtiyac yaranacaq və insanlar onun yazmadıqlarında öz cavablarını tapacaq.
Anar üçün yazıçı sadəcə hekayə danışan yox, xalqın tarixi qarşısında şahidlik edən bir varlıqdır. O, özünü heç vaxt xalqın fövqündə qoymadı. Amma xalqın həqiqətlərindən geri də durmadı. Onun yazdıqları, əslində, cəmiyyətin portretidir, bu portret bəzən ürək ağrıdır, bəzən güzgü kimi kəsir. Anar bu güzgünü qorxu ilə tutmadı, əlləri qanasa da, xalqı özünə göstərdi.
O, tarixin həqiqətlərindən danışanda qorxmadı, amma danışmadığı zamanlar da oldu, çünki o bilirdi ki, bəzən sükut qışqırıqdan daha sərt hökm verir.
Onun əsərlərində susan qəhrəmanlar çoxdur. Çünki Anarın öz daxili də bir susqunluq harmoniyasıdır. Onun sükutu - razılaşma deyil, əxlaqi etirazdır. Anar danışmadığı məqamlarda da mövqe göstərdi. O hər şeyə cavab verməyi deyil, doğru suallar qoymağı seçdi. Həyatın cavabı yoxdur, amma sualları var. Anar bizi bu sualların içinə buraxdı.
Onun qadın obrazları əzilmiş, içə çəkilmiş, bəzən hiss olunmayan, amma daima güclü qadınlardır. O, qadını təriflərlə yükləmədən onun tənhalığından danışdı. Onun sevgiləri gurultulu deyil, susqun, gözləyən, yarımçıq qalan sevgilərdir. Çünki Anar üçün həqiqi sevgi insanı azad buraxmaqdır. Sahiblənmək yox, qorumaqdır. Ailə onun üçün müqəddəs məkandır, burada insan özü olur, burada o susmağı öyrənir.
Anarın içindəki insan - bəzən qəhərlənən bir uşaq, bəzən illərlə danışmayacaq qədər küskün bir qoca, bəzən isə insanlığa hələ də ümid edən, inadla yaşayan bir müdrikdir. Onun maskası sadəlik, zarafatdır. Amma içindəki ruh daim sual verən, cavab axtaran, incimiş bir insandır.
Anarın obrazları danışmır, nəfəs alır. Onlar fəryad etmirlər - gözlərinə baxan ağlayır. Onun "Qurtuluş" əsəri bir xalqın sadəcə tarixinin deyil, ruhunun tərcümanıdır. Əsərdəki hər bir insan təkcə siyasi sima yox, mənəvi rəmzdir.
Onun "Qırmızı limuzin" əsərində cəmiyyətin elitasına yüksəlmək istəyən, amma vicdanını itirən insan obrazı göstərilir. Bu əsər qadına, ailəyə, ləyaqətə və dövlətə bağlılığın təhrif olunmuş formasını tənqid edir.
Anar səssizcə ağlayan adamdır. Onu kimsə ağlayan görməz, amma onun bütün əsərləri göz yaşı ilə yuyulmuş kağız kimidir. Onun "Dantenin yubileyi" sadəcə bir hekayə deyil. O, xalqın və ziyalının vətəndaşlıq borcu qarşısında susqunluğunun ağısıdır. Bu əsərdə yazıçı, əslində, özü ilə üz-üzə dayanır.
"Mən yazıram ki, başa düşsünlər. Amma bəzən başa düşmək istəməyənlər çox olur."
Bu onun həyat fəlsəfəsidir - yazmaq, amma anlamayanları da bağışlamağı bacarmaq.
Anarın sevgi anlayışı heç vaxt sadə, bayağı, emosional deyil. O, sevgini ağrı kimi hiss edən yazıçılardandır. Onun "Macal" hekayəsində sevgi bir münasibət deyil, əbədi imtinadır. Sevgi qəhrəmanlar üçün azadlıq deyil, bir yük, bir vicdan əzabıdır. Bir personajın dilindən dediyi bu sözlər, bəlkə də Anarın özünün daxili fəlsəfəsidir: "Mən onu sevdim. Amma bu sevgi məni özümdən ayırdı, mənə döndü." Bu sevgi əslində Anarın öz yazısına olan sevgisidir. O yazını da belə sevir - özünü unudaraq, özünə dönərək.