AZ

Rəşad Sadıqov: “Fasilədən öncə qalib gəlmək vacib idi”

“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Premyer Liqasının 3-cü turu çərçivəsində “Kəpəz”ə qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, “qartallar” bu gün doğma meydanda baş tutmuş bu oyunda 5:0 hesabı ilə qələbə qazanıblar.

Rəşad Sadıqov matçdan sonra keçirilmiş mətbuat konfransında bunları söyləyib:

“Futbolçularımı təbrik edirəm. Çox vacib 3 xal qazandıq. Milli fasilədən öncə qalib gəlmək vacib idi. Biz “Kəpəz”dən daha hazırlıqlı idik. Çünki iyun ayının ortalarında yeni mövsümün hazırlığına başlamışıq. Bizim futbolçuların rəqibdən daha hazırlıqlı olması normaldır. Bu, oyunun gedişatına təsir edirdi. Bilirik ki, rəqibdə seleksiya gec oldu. Hətta son günlərdə iki yaxşı oyunçu transfer ediblər. Fikrimcə, “Kəpəz” 3-4 turdan sonra çox təhlükəli komandaya çevriləcək və çempionata rəng qatacaq. Futbolçularım ilk dəqiqədən meydanda məsuliyyət göstərdilər. Nəticə və oyun iki komanda arasındakı fərqin göstəricisi deyil. “Kəpəz”ə növbəti turlarda uğurlar arzulayıram”.

Rəşad Sadıqov Brahim Konatenin dayaq yarımmüdafiəçisi mövqeyində oynamasına da aydınlıq gətirib:

“Konate “Şamaxı”da da dayaq yarımmüdafiəçisi mövqeyində oynayırdı. Amma orada sistem bir az fərqli idi, hücumlarda çox fəal iştirak edirdi. Konatenin universal futbolçu olduğunu bilirik. Təlim-məşq toplanışı zamanı onu daha çox pleymeyker kimi hazırlayırdıq. İsmayıl İbrahimlinin mikro-zədəsi var idi. Həm də milli komandanın toplanışına qoşulacaq. Buna görə də onu qoruduq. Həm də fürsətdən istifadə edib Konateyə şans verdik ki, o da formasını bərpa etsin. Dayaq yarımmüdafiəçisi mövqeyində özünü yaxşı göstərdi”.

Rəşad Sadıqov Yeqor Boqomolski və Leroy Mikelsin performansını da dəyərləndirib:

“Futbolçuların debüt etməsi bizim üçün xoşdur. Uğurlu olanda ikiqat xoş olur. Leroy oyuna inamlı qoşuldu. İki ay futbol oynamayıb. Uzun fasilədən sonra çox oynaması da risklidir. Boqomolski də oyuna çox yaxşı qoşuldu. Hə ikisi hücumdakı oyunumuzu sürətləndirdilər. Hücum xəttində rəqabəti artırmaq istəyirik. Bu, vacibdir. Bütün futbolçular tonusda olmalıdır”.

“Böyük problemimizin olduğunu deyə bilmərəm” – Adil Şükürov

“Kəpəz”in baş məşqçisi Adil Şükürov isə komandasının məğlubiyyətinə belə şərh verib:

“Çox danışılası bir şey yoxdur. Qapımızda gördüyümüz 3 kuryoz qol komandanı dayandırdı. Bundan sonra imkanlarımız oldu, amma istifadə edə bilmədik. Məğlubiyyət üzücüdür, yaxşı hal deyil. Qarşıda milli fasilə gəlir. Komandanı toparlamağa çalışacağıq. Məşqdə gördüyümüz futbolçularla oyunda gördüklərimiz tam fərqlidir. Bu, bizi üzür. Vəziyyəti düzəltməyə çalışacağıq.

Futbolçuların məşqlərdə etdiklərinin qarşılığını oyunlarda görə bilmirik. Nəsə böyük problemimizin olduğunu deyə bilmərəm. Oyuna çıxanda tam fərqli futbolçular görürük. Rəhbərlik komandaya yeni oyunçular cəlb etməyə çalışır. İki yeni futbolçu transfer etdik. İnanıram ki, onların bizə faydası olacaq.

Adil Şükürov bu məğlubiyyətlərlə daha da güclü olmalıdır. İlk növbədə özüm toparlanmalıyam, sonra isə komandanı toparlamalıyam. İnandığımız üçün bu gün buradayıq”.

Seçilən
45
9
arena.az

10Mənbələr