AZ

Baş nazirin həyat yoldaşının vəfatından 50 il ötdü – XATİRƏ/FOTO

​BAKI, 31 avqust. TELEQRAF

Bu gün Azərbaycan Cümhuriyyətinin ikinci Baş naziri Nəsib bəy Yusifbəylinin həyat yoldaşı, türk dünyasının görkəmli ideoloqlarından İsmayıl bəy Qaspıralının qızı Şəfiqə xanımın vəfatının 50-ci ildönümüdür.

Şəfiqə xanım Qaspıralı (Yusifbəyli) 21 noyabr 1886-cı ildə Bağçasaray şəhərində doğulub. 17 yaşından etibarən atasının nəşr etdiyi “Tərcüman”ın əməkdaşı olub, 1903-cü ildə qəzetdə qadın mövzusunda ilk məqaləsi dərc edilib. 1906-cı ildə o, gələcəkdə Azərbaycan Cümhuriyyətinin Baş naziri olacaq Nəsib bəy Yusifbəyli ilə ailə həyatı qurub, bu evlilikdən onların Zöhrə və Niyazi adlı övladları doğulub. Həmin vaxt Nəsib bəy də “Tərcüman”da çalışıb, Şəfiqə xanım isə 1906-1910-cu illərdə “Aləmi-nisvan” adlı qadın jurnalını çıxarıb. İsmayıl bəyin vəfatından sonra Şəfiqə xanım daha da ön plana çıxıb, 1917-ci ilin aprelində Kazan şəhərində keçirilən Rusiya Müsəlman-Türk qadınları Konqresinə nümayəndə seçilib. Həmin ilin may ayında isə Moskvada keçirilən Rusiya Müsəlmanları Konqresində Krımı təmsil edib. Lakin Krımda yaranan ümumi ab-hava fonunda çar rejimi sərt tədbir görərək 1918-ci il fevralın 23-də “Tərcüman” qəzetini bağlayıb, mətbəəni isə müsadirə edib.
1919-cu ildə Şəfiqə xanım övladları ilə birgə Azərbaycana gəlib. O, Xalq Maarif Nazirliyi yanında uşaq bağçaları üçün tərbiyəçilər hazırlayan kurslar təşkil edib. Eyni zamanda, dövri mətbuatda qadın azadlığı mövzusunda yazılarla çıxış edib. Lakin Rusiyanın Azərbaycan Cümhuriyyətini işğal etməsi, ardınca Nəsib bəyin öldürülməsi Şəfiqə xanımın ölkəni tərk etməsinə səbəb olub.Türkiyənin Bakıdakı təmsilçisi Məmduh Şövkətin səyi nəticəsində Şəfiqə xanım və ailəsi Türkiyəyə aparılıb.

Türkiyədə də müəyyən qədər aktiv ictimai fəaliyyət göstərən Şəfiqə xanım 31 avqust 1975-ci ildə vəfat edib, Zincirliquyu məzarlığında dəfn olunub.
Şəfiqə xanım Türkiyədə yaşadığı müddətdə bir neçə məqalə yazsa da, ən qiymətlisi “Kırım” jurnalının 1957-ci ildə çıxan 9-12-ci sayında qələmə aldığı “Nə şiş yandı, nə kabab” adlı xatirəsidir. Bu xatirə məşhur Vıborq Bəyannaməsinin “Tərcüman” qəzetinin mətbəəsində çap edilməsi ilə bağlıdır. Belə ki, çar II Nikolayın iyunun 22-də Dövlət Dumasını qovmaq haqqındakı fərmanına dumadakı qeyri-rus millətlərin yaratdıqları “Muxtariyyatçılar” qrupu etiraz edərək Vıborq Bəyannaməsini imzalayıblar. Nəticədə qrupun liderlərindən Əlimərdan bəy Topçubaşov və digərləri həbs ediliblər.

Çar hökuməti bəyannamənin hər hansı bir mətbuatda və mətbəədə çap edilməsini qadağan etmişdi. Şəfiqə xanımın xatirələrindən öyrənirik ki, Nəsib bəy Yusifbəylinin də dəstəyi ilə bu bəyannamə “Tərcüman” qəzetinin mətbəəsində qurulan bir oyunla çap edilib. Xatirədə bununla bağlı yazılıb:

“Bir dəfə axşam yeməyindən sonra Xansaray bağçasına getmişdik. Bir ara yanımıza Cəlal Muin gəldi. Ağməsciddən Abbas Şirinin gəldiyini və Nəsib bəylə görüşmək istədiyini söylədi. Mən Abbası çoxdan tanıyırdım, bacısı Zöhrə ilə can-dil dost idim. Abbasla birgə evə gəldik. O gecə Abbasın nə vaxt getdiyindən xəbərim olmadı, çünki Nəsib bəylə birlikdə ağaclıqdakı çardağa çəkildilər və bütün planlar orada quruldu, qərarlaşdırıldı. Səhər Nəsib bəylə Abbasın ziyarəti barədə xeyli danışdıq. Plan çox cazibədar idi. Mən işlərimiz üçün narahat idim, amma bu iş də çox mühümdü. Nəticə etibarilə qərara gəldik: hər nə olursa-olsun, bu iş həyata keçiriləcək, Vıborq Bəyannaməsi mətbəəmizdə nəşr olunacaqdı. Bu işin nəticəsində təşəbbüskarların meydana çıxması ehtimalı, məhkəmə, həbs, qadağa, qəzet və mətbəənin bağlanması və digər xoşagəlməz hadisələr baş verə bilərdi. Bu təhlükəni aradan qaldırmaq məqsədilə Abbas və Nəsib bəy bir plan hazırlamışdılar: bizim heç bir şeydən xəbərimiz olmayacaq, günün əvvəlcədən müəyyən edilmiş saatında çar rejiminə qarşı mübarizə aparan inqilabçılardan bir neçə fədai mətbəəyə basqın edəcək, bəyannaməni bizə guya silah təhdidi ilə çap etdirəcək, sonra gəldikləri kimi anidən çıxıb gedəcəkdilər. Biz onları heç görməyəcəkdik. Plan uğurlu olarsa, nə yaxşı.
O gün günortadan sonra mətbəədə qəzetin çapı başlamışdı. Maşınlar dayanmadan işləyir, mürəttiblər və çıraqlar köhnə və yeni binalar arasında gedib gəlirdilər. Nə baş verəcəyindən heç kimin xəbəri yox idi. Qəzetin çapı, qatlanması, ünvana çatdırılması və saat 7-də poçta verilməsi lazım olduğu üçün hər bir dəqiqə önəmli idi.

İkindi vaxtı olmuşdu. Mən və Nəsib bəy qonaq otağımızın pəncərəsində dayanmış, “hörmətli” qonaqlarımızın daxil olacağı küçə qapısını izləyirdik. Şəxsən mən çox həyəcanlı idim, çünki tədhiş qoluna mənsub olan, çap üçün gələcək sosial-inqilabçılar ciddi insanlardı; yanlarında həmişə “apelsin” (portağal) dedikləri kiçik əl bombaları gəzdirirdilər.

Küçə qapısı açılan kimi altı-yeddi nəfər bir anda həyətə daxil oldu və düz mətbəəyə yönəldi. Nəsib bəyin üzü bir qədər ağarmışdı, amma gülümsəməyə çalışırdı. Mən isə bağçaya enəndə xidmətçimiz çay masasını hazırlamış, qardaşımı çağırmağa getmişdi. Qardaşım plan barədə xəbərsiz idi; “Bir mətbəəyə baxım, sonra gələrəm” deyərək getdi. Artıq oradan çıxmaq imkanı yox idi. Nəsib bəyi də çağırtdım; qız onun salonda olmadığını dedi. Aydın oldu ki, o da “çıxa bilməyənlər” sırasına qatılmışdı…

Bu vaxt bəyannamə çap üçün maşınlara qoyulmuşdu və maşınlar maksimum sürətlə işləyirdi. Saat irəliləyirdi. Maşınların səsi azalanda, bəyannamənin çapının, demək olar ki, bitdiyi aydın oldu. Çay hazırlanmışdı. Xidmətçi yenidən gəldi və dedi: “Mətbəədə nəsə var, xanım? Bəyi çağırmağa getdim, pəncərədən biri “yaxınlaşma” deyərək bağırdı”. Dedim ki, çay içilməyəcək, işinə davam etsin və yenidən pəncərədən həyəti izlədim. Bir müddət sonra mətbəənin qapı və pəncərələri açıldı və “qonaqlar” axın etdi. Əvvəlcə, hər biri əlində müxtəlif ölçüdə, rəngarəng kağızlara bükülmüş paketlər olan basqınçılar tək-tək küçə qapısından çıxıb müxtəlif istiqamətlərə yürüdülər.
Sol tərəfə gedənlər şəhərə, sağa gedənlər monastıra, iki nəfər isə ağaclığımıza doğru getdi. Ağaclıqdan qayalara, oradan isə kənd yolları ilə lazım olan yerə yönəldilər. Mən də terasa enərək mətbəənin pəncərəsində görünən qardaşıma və Nəsib bəy dedim: “Xeyirdir, inşallah”
Hər ikisinin də kefi yaxşı idi. Tədhişçilər əllərindəki “apelsin”ləri göstərərək, bir saat müddətində buradan çıxa bilməyəcəklərini və bu müddət ərzində polisə xəbər verilməyəcəyini söyləmişlər”.
Beləliklə, Nəsib bəygil çar hökumətinin qadağasını pozaraq “Tərcüman”ın mətbəəsində Vıborq Bəyannaməsini çap ediblər. Ertəsi gün şəhərdən bir qədər uzaqdakı Uluğ Kul bölgəsindən qayıdan İsmayıl bəyə bu barədə məlumat verilib. Şəfiqə xanım atasının bu hadisədən xoşu gəldiyini, Nəsib bəylə deyib-güldüyünü də xatirəsində qeyd edib…

Seçilən
34
50
teleqraf.com

10Mənbələr