“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Premyer Liqanın 3-cü turu çərçivəsində “Karvan”a qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, Ağdam klubu Şamaxıda baş tutmuş səfər matçından 2:0 hesablı qələbə ilə ayrılıb.
Qurban Qurbanov matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:
“Futbolçularımı təbrik edirəm. Asan qələbə deyildi. Belə şəraitdə, belə meydançada futbolçuları motivasiya etmək asan deyil. Lakin yenə də bacardılar. Bizim üçün vacib oyun idi. Futbolçularıma təşəkkür edirəm. Xeyli azarkeşimiz var idi. Onlara da minnətdaram. Azər Haşımova uğurlar arzulayıram. Premyer Liqada yeni kollektivlə iştirak edirlər. Əvvəlki oyunları da çox yaxşı səviyyədə keçirmişdilər. Bu gün də, çox yaxşı oyun qurmuşdu, qapımız qarşısında xeyli təhlükəli epizod yaratdılar”.
Qurban Qurbanov “Benfika” ilə oyuna hazırlaşan komandası üçün “Karvan”la matça köklənməyin çətinliyinə dair sualı da cavablandırıb:
“Hələ “Benfika” ilə oyun barədə düşünmürdük. Yalnız “Karvan”la matça köklənmişdik. Avrokubok matçından, o atmosferdən çıxıb, bu gün belə şəraitdə oynamaq var idi. Ona görə dedim ki, “Ferentsvaroş”la matçdan sonra futbolçuları bu oyuna motivasiya etmək asan deyildi. Amma illərdir ki, belə hallar olur. Çox istəyərdik ki, daha yaxşı meydançada oynayaq, daha çox azarkeş olsun. Bu iki amil futbolçular üçün çox önəmlidir. İstirahətdən sonra “Benfika” ilə oyuna hazırlaşacağıq”.
Qurban Qurbanov Dani Montielin hələ də debüt edə bilməməsinin səbəbini açıqlayıb:
“Elə bir ciddi problem yoxdur. Sadəcə, hazır deyil. Altı aydan çoxdur ki, komanda ilə məşq etməmişdi, fərdi hazırlaşmışdı. Hələ idman formasından uzaqdır. Düzdür, kollektivlə məşqlərə qoşulub. Amma hələ bu cür oyunlarda iştirak edəcək gücdə deyil. Daha çox vaxt lazım olacaq. Çempionata verilən fasilədə özünə gələcəyinə inanıram. Qarşıdakı matçlarda ilk dəqiqələrdən yox, sonradan meydana çıxmaq şansı olacaq”.
Qurban Qurbanov “Neftçi”dən inciməyib
Qurban Qurbanov son günlərdə “Neftçi”nin “Qarabağ”ı UEFA Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanması münasibətilə təbrik etməməsinə dair müzakirələrə də münasibət bildirib:
“Samir Abasov həmişə telefonla təbrik edir. Elçin Rəhmanovla əlaqə saxlayır. Demək olar ki, bütün matçlardan sonra zəngləşib, təbriklərini çatdırır. Düzünü desəm, bu məsələyə ciddi yanaşmamışdım. Amma hər klubun öz yanaşması var. Bu gün buna görə “Neftçi”dən incidim deyə, bir şey yoxdur. Hərənin yanaşması, hər bir klubun idarə edilməsi fərqlidir. “Neftçi” hamımızın “Neftçi”sidir, Samir bizim dostumuzdur, rəhbərlikdəkilər də dostlarımızdır. Çox yaxşı münasibətimiz var. Rəhbərlikdən də oyundan sonra şəxsən mənimlə əlaqə saxlayanlar çox olub, təbrik ediblər. Rəsmi, yazılı formada olmayıb, bunu ciddiyə də almıram”.
Qurban Qurbanov Samba Sumano və Juninyonun “Qarabağ”a keçəcəyi barədə xəbərləri də şərh edib:
“Bəli, danışıqlar gedir. Biz tərəfimizdən ciddi təklif də olub. Biz Çempionlar Liqasının əsas mərhələsinə düşdük deyə, qarşı tərəf ola bilər ki, daha çox yuxarıdan getməyə başladı. Biz də danışıqlar aparırıq. Vaxtımız azdır. Hər bir halda, son dəqiqəyə qədər danışıqlar gedəcək. Birdən-birə danışıq çox çətinləşməyə başladı”.
“Qarabağ” Azərbaycanın fəxridir” – Azər Həşimov
“Karvan”ın baş məşqçisi Azər Həşimov isə komandasının məğlubiyyətinə belə şərh verib:
“Qarabağ”ı Çempionlar Liqasının liqa mərhələsinə vəsiqə qazanması münasibəti ilə təbrik edirəm. Üçüncü oyunumuz idi. Hər görüşdən sonra öz oyunumuzu təhlil edirik, daha da yaxşı olmağa çalışırıq. Yevlaxdan gələn, bizə dəstək olan azarkeşlərə də təşəkkür edirəm. Bizi tək qoymurlar. “Qarabağ”ın çox güclü olması hamıya bəllidir. Döyüşkən mübarizə apardıq. Birinci hissədə də iki qol imkanımız var idi. İkinci hissədə isə “Qarabağ” 2-ci qolu vurdu, qalib gəldi. “Qarabağ”a çempionatda və ÇL-də uğurlar arzulayıram.
Oyundan öncə futbolçularla danışmışdıq. “Qarabağ”a qarşı oynamağın özü də futbolçular üçün motivasiyadır. “Qarabağ” Azərbaycanın fəxridir. Hər bir futbolçu istəyər ki, “Qarabağ”a qarşı daha yaxşı oynayıb, özünü yaxşı tərəfdən göstərsin. Futbolçularıma aşılayırıq ki, heç bir rəqibdən çəkinmək lazım deyil. Rəqibə hörmətlə yanaşmaq lazımdır, amma adlar önəmli deyil, komandadır önəmli olan. Məğlub olsaq da, uşaqlar sona qədər mübarizə apardılar.
Hədəfimiz Premyer Liqada qalmaq və daha yaxşı olmağa can atmaqdır. Birinci oyundan sonra da demişdim ki, heç bir komandaya asanlıqla uduzmayacağıq. Çünki futbolçuların işə yanaşmasını da görürük. Biz də məşqçi olaraq, oyunları analiz edirik. Daha yaxşı olmağa, yaxşı komanda formalaşadırmağa çalışırıq”.