AZ

Merts: “Almaniya NATO-nu xilas etdi”

AzVision.az xəbər verir ki, Almaniya kansleri Fridrix Merts “ZDF” telekanalına müsahibəsində belə deyib.

Almaniya konstitusiyasına müdafiə xərcləri üçün xüsusi fondun yaradılmasına imkan verən dəyişiklikləri xatırladan Mertsin fikrincə, məhz bu qərar NATO-nu effektiv şəkildə xilas edib.

“Mən NATO-nun Haaqa sammitində idim. Əgər biz konstitusiyaya dəyişiklik etməsəydik və Almaniyanın müdafiəyə 3,5% və lazımi infrastruktura 1,5% xərcləməsinə hazır olmasaydıq, yəqin ki, o gün NATO dağılacaqdı. Biz bunun qarşısını aldıq”,- Almaniya kansleri vurğulayıb.

Maraqlıdır ki, bundan əvvəl amerikalı iqtisadçı,Kolumbiya Universitetinin professoru Ceffri Saks bəyan etmişdi ki, Şimali Atlantika Alyansı öz missiyasını yerinə yetirdiyi üçün hələ 1990-cı ildə ləğv edilməli idi.

Onun sözlərinə görə, hərbi blok artıq mövcud olmayan SSRİ ilə qarşıdurma üçün yaradılmışdı və buna görə də ona “zərurət itib”. Professor NATO-nun Vaşinqtonun əlində güc alətinə çevrildiyini və “əsassız” şəkildə şərqə, Rusiya sərhədlərinə doğru genişlənmə siyasəti yürütdüyünü iddia edib.

Sahil İsgəndərov
AzVision.az
Seçilən
59
azvision.az

1Mənbələr