Azərbaycan və ABŞ arasında münasibətlər prezident Donald Trampın dövründə yüksələn xətt üzrə inkişaf edir. Burada bir lider kimi Donald Trampın fəaliyyəti danılmazdır.
Qeyd edək ki, Trampın fəaliyyətini prezident İlham Əliyev də Səudiyyə Ərəbistanının “Əl-Ərəbiyyə” telekanalına müsahibəsində yüksək qiymətləndirib: “O çox mehribandır. O, bütün hədiyyələrini, hətta planlaşdırılandan daha çoxunu verəcək qədər çox səxavətlidir. O, həqiqətən də böyük tərifəlayiq insandır. Bu, mənim onunla ilk görüşüm idi, ancaq siyasətçi kimi ona münasibətim həmişə müsbət olub. Hətta onun ilk prezidentlik dövründə belə, - ancaq o vaxt görüşmək imkanımız olmayıb, xüsusilə də o, “dərin dövlət”in nümayəndələri tərəfindən seçki saxtakarlığı ilə seçilməkdən məhrum edilib, - onun qələbəsini əlindən aldılar. Onun poçtla göndərilən səs bülletenləri ilə bağlı fikirləri tamamilə düzgündür. Çünki Amerika administrasiyaları həmişə bütün dünyaya necə yaşamalı, demokratiyanı necə qurmalı, seçkiləri necə təşkil etməli olduğumuz barədə mühazirə oxumağı xoşlayır. Lakin onlar özləri prezident Trampı qələbədən məhrum edərək, ona qarşı ən böyük seçki saxtakarlığını etdilər. O, prezident olmadığı müddətdə özünü çox layiqli şəkildə aparıb. O, böyük cəsarət və ləyaqət nümayiş etdirərək Amerikada yenidən hakimiyyətə qayıtdı. Qurbağalarla dolu bütün bu bataqlıqlar - USAID, “Radio Liberty”, “Washington Post”, “New York Times”, “Wall Street Journal”, “Newsweek” kimi saxta xəbər mənbələrinin hamısı onun əleyhinə idi. Məni necə ləkəlqəyirdilərsə, eləcə də hamısı onu ləkələyirdilər. Bəlkə də eyni səviyyədə deyildi, amma eyni şəkildə idi, şayiələr yayırdılar”. Azərbaycan liderinin yanaşmasında nə dərəcədə düzgün olduğunu Gürcüstan prezidenti Mixeil Kavelaşvili də təsdiq edir. O da ABŞ prezidenti Donald Trampa açıq məktubunda “dərin dövlət”dən yazır. Məktubda “Gürcü Arzusu” “dərin dövlət”i Gürcüstanı müharibəyə sürükləməkdə, Qərblə münasibətlərini pozmağa çalışmaqda suçlayır. Kavelaşvili ABŞ-ın hazırkı administrasiyasını Gürcüstana yetərincə diqqət göstərmədiyini vurğulayır. Gürcüstanla ABŞ arasında strateji tərəfdaşlığın bərpasının vacibliyi qeyd olunur. Prezident amerikalı həmkarına xatırladır ki, strateji tərəfdaşlığı Bayden administrasiyası ləğv edib, bu, Trampın ABŞ prezidenti seçilməsindən bir neçə həftə sonra baş verib. O, bunu “Bayden administrasiyasının bir çox suveren dövlətə qarşı apardığı ədalətsiz, kobud və aqressiv siyasətin bir hissəsi” kimi qiymətləndirir.
Gürcüstan prezidenti Tramp administrasiyasının onun ölkəsinə gərəkən diqqəti göstərmədiyini yazır, bu arada iki hakimiyyətin dəyərlərinin tam üst-üstə düşdüyünü vurğulayır. O qeyd edir ki, Tramp administrasiyasının indi diqqət ayırdığı məsələlər barədə Gürcüstanın hakim komandası illər öncə danışıb. Məktubda deyilir: “Dərin dövlət” USAID, NED və digər bu kimi təşkilatlar vasitəsilə, ənənəvi kobud üsullarla Gürcüstanda yenidən sabitliyi, sülhü pozmağa çalışır. Xoşbəxtlikdən, “dərin dövlət”ə qarşı mübarizədə Gürcüstan xalqı heç vaxt olmadığı qədər birləşib, vətəndaşlarımız bunu son dörd ildə dəfələrlə sübut ediblər”. Bu arada ABŞ hökuməti USAID-in bağlandığını, vergiödəyicilərin puluna qənaət olunduğunu bildirir. ABŞ dövlət katibi Marko Rubio bildirib: “Yanvardan biz vergiödəyicilərə on milyardlarla dollar qənaət etdik. Azsaylı əsas proqramlar Dövlət Departamentinə ötürüldükdən sonra USAID rəsmi olaraq bağlanma rejimindədir”. USAID 1961-ci ildə Konqres tərəfindən yaradılan və dünyada 10 minə yaxın işçisi olan müstəqil ABŞ hökumət agentliyidir. Bu, ABŞ hökumətinin beynəlxalq yardım üçün əsas bölməsidir. Ötən il yardım alan ilk üçlük Ukrayna, Efiopiya və İordaniya olub. Gürcüstan prezidenti Kavelaşvili isə Trampın son aylar Gürcüstanın qonşuları ilə sıx əlaqələr qurduğunu, Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasına uğurlu töhfə verdiyini, bütün bunların fonunda Gürcüstan barədə heç nə demədiyini vurğulayır. Məktubun sonunda o, Tramp administrasiyasının Gürcüstana yanaşmasını dəyişəcəyinə ümid edir. Vaşinqton ötən ilin noyabrında Tiflis ilə çoxillik strateji tərəfdaşlığı dayandırıb. Bundan öncə “Gürcü Arzusu” 2028-ci ilin sonunadək Avropa İttifaqına üzvlük danışıqlarını gündəlikdən çıxarmaq qərarı verib. Buna cavab olaraq ölkədə etiraz aksiyaları başlanıb, güc strukturları etirazları zorakılıqla yatırdıb. Bu ilin mayında baş nazir İrakli Kobaxidze də Trampa açıq məktub yazmışdı. O məktuba cavab gəlməyib. Kobaxidze deyib ki, susmaq da mühüm cavabdır. Bunlar fonunda Trampın son aylarda maliyyəçi Corc Sorosu ABŞ cəmiyyətində sosial-siyasi narazılıqları qızışdırmaqda günahlandırması ölkə daxilində “dərin dövlət”ə vurulan daha bir zərbə hesabolunur. Çünki Soros “dərin dövlət”in əsas qqbvələrindən biri hesab olunur. Tramp Corc Sorosa qarşı cinayət işinin açılmasını tələb edib. Milyarder hökumətə qarşı etirazları dəstəkləməkdə ittiham edilir. ABŞ prezidenti hesab edir ki, Soros oğlu və dostları ilə birlikdə ABŞ-yə ciddi ziyan vurur. O, bununla yanaşı, 94 yaşlı milyarder və onun fondu barədə "psixopatlar qrupu", "sərsəmlər" kimi ifadələr səsləndirib. Əslində Tramp seçkiöncəsi təşviqat kampaniyasında da bu məsələyə toxunmuşdu və respublikaçıların hakimiyyətə qayıdışından sonra Sorosla haqq-hesab çürüdəcəyi gözlənilən idi. İllər ərzində həm ABŞ-də, həm də Qərbin müəyyən siyasi dairələrində Soros ailəsinin çirkin oyunlarına qarşı formalaşan narazılıq getdikcə daha da artmaqda davam edib. İndi bunun qarşısının alınması üçün addımlar atılır.
Tahir TAĞIYEV