Azərbaycan Prezidentinin doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində təhsil alan tələbələrə verilən təqaüdlərin məbləğinin artırılması barədə imzaladığı sərəncam bu gündən qüvvəyə minib.
Publika.az xəbər verir ki, bu sözləri millət vəkili, iqtisadçı alim Vüqar Bayramov deyib.
Onun sözlərinə görə, Azərbaycanda əhalinin sosial təminatının daha da gücləndirilməsinin prioritetliyini və dövlət başçısının siyasətinin mərkəzində vətəndaş rifahının təminatı prinsipinin dayandığını bir daha təsdiq edən bu sənədlə təqaüdlərin artırılması bu ildən reallaşan beşinci sosial paketin istiqamətlərindən biridir.
"Yeni sənədlə doktorantura səviyyəsi üzrə elmlər doktoru hazırlığı üzrə doktorantlar da daxil olmaqla, təhsilin fərqli pillələrində təhsil alan vətəndaşlarımızın təqaüdləri artırıldı. 450 manatadək yüksələn artımlar Azərbaycanda təhsilin inkişafını stimullaşdırmaqla yanaşı, təhsil pilləsində vətəndaşlarımızın sosial müdafiəsinin daha da gücləndirilməsinə xidmət edir.
3 milyon vətəndaşımızı əhatə edən builki sosial paketə dövlət büdcəsindən əlavə olaraq 1.4 milyard manat vəsait ayrılacaq. Bütövlükdə, dövlət büdcəsindən bu il sosial istiqamətə 16.9 milyard manatın ayrılması reallaşacaq.