AZ

Göygöldə keçirilən "Moruq festivalı" iştirakçılarda şirin anlar yaşatdı 

İkinci ildir ki, Göygöl rayonunda "Moruq festivalı" keçirilir.  Rayon icra hakimiyyətinin təşkilatçılığı ilə Keşkü kəndi ərazisində keçirilən festivalın əsas məqsədi bölgənin turizm sektoru üzrə rəqabət qabiliyyətini yüksəltmək, aqroturizmin inkişafına dəstək vermək, Göygölün unikal cəhətlərini, burada istehsal olunan kənd təsərrüfatı məhsullarını tanıtmaq, moruq istehsalının təşviqi yolu ilə iqtisadiyyatın inkişafına töhfə verməkdir.

Kənd Təsərrüfatı Nazirliyi, Dövlət Turizm Agentliyi, "AzerGold" Qapalı Səhmdar Cəmiyyəti, Aqrar İnnovasiya Mərkəzi, Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi, Gəncə-Daşkəsən Regional məşğulluq filialı, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin Gəncə-Qazax Regional koordinatorluğu, "Göygöl Şərab Zavodu" ASC, "Şirin Aqro" QSC, "Prior Leasing" şirkəti və digər dövlət və özəl qurumların tərəfdaşlığı ilə keçirilən festival iki gün davam etmişdir. 

Festivalda ziyarətçilərə moruq istehsalı ilə daha yaxından tanış olmaq imkanı yaradılmış, yerli istehsalçılar tərəfindən təqdim edilən moruq növlərinin dequstasiyası və satışı təşkil edilmişdir. Festivala gələn ziyarətçilər bəyəndikləri məhsulları ən sərfəli qiymətlərə almaq imkanı da qazanmışlar.

Tədbir çərçivəsində qonaqlar üçün müxtəlif əyləncəli şou proqramlar da nümayiş olunmuşdur. Ziyarətçilər kənd təsərrüfatı məhsullarının sərgi-satış yarmarkasına, moruq təsərrüfatı guşəsinə baş çəkməklə müxtəlif dequstasiya tədbirlərində iştirak etmiş, o cümlədən moruqla bağlı rəsm çəkməyə dair ustad dərslərini izləmişlər, sənətkarların hazırladıqları əl işlərinin sərgi-satış yarmarkasında iştirak etmişlər. Ziyarətçilər açıq havada konsert proqramını, idmançıların nümunəvi çıxışlarını da izləmək imkanı qazanmışlar.

Qeyd edək ki, "Moruq Festivalı"nın Göygöl rayonunda keçirilməsi təsadüfi deyil. Göygöl rayonu ən çox giləmeyvə, o cümlədən moruq becərilən rayonlardan biridir. Bu faydalı giləmeyvə əvvəllər rayonun dağlıq ərazilərində, su mənbələrinin kənarlarında yetişdirilirdisə, son illər böyük ərazilərdə sənaye üsulu ilə əkilib becərilir. Fermerlər moruğun daha məhsuldar olan "Polka" və "Polyana" sortlarını becərməyə üstünlük verirlər.

Sabir ƏLİYEV,

"Azərbaycan"

Seçilən
14
15
azerbaijan-news.az

10Mənbələr