AZ

Sudanda dağıdıcı torpaq sürüşməsi: Min nəfərdən çox insan həlak olub...

Marra dağlarında kənd torpaq altında qalıb, yalnız bir nəfər sağ qurtulub...

Poliqon xəbər verir ki, Sudanın qərbində yerləşən Marra dağlarında baş verən güclü torpaq sürüşməsi nəticəsində azı 1000 nəfər həyatını itirib. Bu barədə məlumatı “Sudan Azadlıq Hərəkatı/Ordusu” adlı üsyançı qrup BBC News-a açıqlayıb.

Məlumata görə, çoxgünlük güclü yağışlar nəticəsində bazar günü baş verən sürüşmədən yalnız bir nəfər sağ çıxıb. Hadisə Tərasin adlı kəndin böyük hissəsini “yerlə-yeksan edib”.

Hərəkat BMT-yə və digər regional, həmçinin beynəlxalq təşkilatlara təcili humanitar yardım üçün müraciət edib. Qeyd olunub ki, Şimal Darfur əyalətində çoxsaylı sakinlər Sudan ordusu ilə Sürətli Reaksiya Qüvvələri (SRQ) arasında davam edən müharibə səbəbindən evlərini tərk edərək Marra dağlarına sığınmışdı.

Xatırladaq ki, 2023-cü ilin aprelində Sudan ordusu ilə SRQ arasında başlayan vətəndaş müharibəsi ölkəni aclıq və humanitar böhranla üz-üzə qoyub, Qərbi Darfur bölgəsində isə genosid ittihamlarına səbəb olub. Müharibədə ölənlərin sayı barədə rəqəmlər fərqli olsa da, ABŞ rəsmilərinin qiymətləndirməsinə görə, ötən ilədək azı 150 min nəfər həlak olub, təxminən 12 milyon insan isə evini tərk etmək məcburiyyətində qalıb.

Hadisənin baş verdiyi ərazini nəzarətdə saxlayan Sudan Azadlıq Hərəkatı/Ordusu qüvvələri bəyan ediblər ki, onlar Sudan ordusu ilə birlikdə Sudan Silahlı Qüvvələrinə qarşı döyüşəcəklər.

Poliqon.info

Seçilən
25
poliqon.info

1Mənbələr