AZ

“Minsk Qrupunun ləğvi növbəti diplomatik qələbəmizdir”

Sentyabrın 1-də ATƏT Nazirlər Şurası Minsk Prosesi və əlaqəli strukturlarının fəaliyyətinə rəsmi olaraq xitam verib. Bu qərar yalnız prosedur deyil, o, Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsi və uzun illər davam edən işğalın aradan qaldırılması ilə formalaşmış yeni geosiyasi reallığın beynəlxalq səviyyədə tanınmasının açıq ifadəsidir.

Minsk qrupu 1992-ci ildə Qarabağ münaqişəsinin sülh yolu ilə həlli məqsədilə yaradılmışdı. ABŞ, Fransa və Rusiyanın həmsədrlik etdiyi bu qurum Azərbaycan torpaqlarının bir hissəsini “mübahisəli ərazi” kimi təqdim etməyə çalışdı, müzakirələrdə ərazi bütövlüyü prinsiplərini arxa plana keçirərək həm Azərbaycanı, həm də Ermənistanı daimi asılılıq vəziyyətində saxlamağa çalışmaqla faktiki olaraq, uzun illər status-kvonun qorunmasına xidmət etdi. Yalnız Azərbaycanın döyüş meydanında qələbəsi bu çıxılmazlığa son qoydu. Vətən müharibəsində Azərbaycanın qələbəsi Cənubi Qafqazda yeni hərbi-siyasi reallıq yaratdı. Sentyabrın 1-də qəbul olunmuş qərar beynəlxalq ictimaiyyətin regionda yaranmış reallığı qəbul etməsinin təsdiqidir.

Avqustun 8-də ABŞ-nin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında Vaşinqtonda əldə edilmiş razılaşmaların praktik icrasını təmin edən bu addım, Azərbaycanın qətiyyətli və prinsipial diplomatik mövqeyinin beynəlxalq təsdiqidir. Qərar çərçivəsində keçmiş münaqişə ilə bağlı ATƏT-in vaxtilə qəbul etdiyi bütün sənədlər etibarsız elan olundu. Nazirlər Şurasının qərarı ATƏT-in bütün 57 iştirakçı dövlətinin konsensusu ilə qəbul olunub.

ATƏT-in fəaliyyətdə olan sədri, Finlandiyanın xarici işlər naziri Elina Valtonen və ATƏT-in Baş katibi Feridun Sınırlıoğlu Ermənistanın və Azərbaycanın birgə müraciətindən sonra Minsk Prosesinin və əlaqədar strukturların bağlanması barədə Nazirlər Şurasının qərarını alqışlayıblar.

Elina Valtonen və Feridun Sinirlioğlu tərəfləri tarixi razılaşmalarına görə təbrik edib. Nazir Valtonen tərəflərin əməkdaşlıq ruhunu yüksək qiymətləndirib, Baş katib Sinirlioğlu isə diplomatiyanın onilliklər boyu davam edən münaqişə və etimadsızlıqdan sonra nələrə nail ola biləcəyini göstərən tarixi hadisə olduğunu diqqətə çatdırıb.

Lakin bu, əlbəttə ATƏT diplomatiyasının uğurlu nəticəsi deyil. ATƏT Nazirlər Şurasının qərarı Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan tərəfindən ABŞ Prezidenti Donald Trampın iştirakı ilə avqustun 8-də Vaşinqtonda imzaladıqları Birgə Bəyannamənin davamıdır.

Bu qərar həm də Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması istiqamətində mühüm psixoloji və siyasi baryerləri aradan qaldırır. Artıq regionda uzunmüddətli sülh və təhlükəsizlik yalnız faktiki vəziyyətin qəbul edilməsi, ərazi bütövlüyü və suverenliyə hörmət əsasında mümkündür. Azərbaycan diplomatiyası bu tarixi addımı ilə bölgədə yeni reallıqların beynəlxalq səviyyədə təsdiqlənməsini təmin etməklə növbəti diplomatik qələbəsini nümayiş etdirdi.

Minsk Qrupunun bağlanması yalnız keçmiş münaqişənin həllini təsdiqləmir, həm də bölgədə sülh, stabillik və əməkdaşlıq üçün strateji dönüş nöqtəsini yaradır.

Azərbaycan diplomatiyasının bu qələbəsi göstərir ki, qətiyyət, prinsipial mövqe və beynəlxalq hüquqa hörmət uzun illər boyu həll edilməmiş məsələləri həll edə bilər və region üçün davamlı sülhün əsasını qoya bilər.

Millət vəkili, fəlsəfə doktoru Cavanşir Feyziyev

Seçilən
8
6
korrespondent.az

7Mənbələr