Özünü hüquq-mühafizə orqanlarının əməkdaşı kimi təqdim edib işə düzəltmə və avtomobilin "rastamoşka"sı adı ilə dələduzluq əməlləri törədən şəxs həbs olunub.
Axar.az xəbər verir ki, DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə daxil olan müraciət əsasında 1971-ci il təvəllüdlü Ağasəf Quliyevin əməlləri araşdırılıb.
Müəyyən olunub ki, o, zərərçəkmiş şəxsin oğlunu hüquq-mühafizə orqanlarında mötəbər vəzifəyə təyin etdirəcəyi vədi ilə 108.000 manat, həmçinin xarici ölkədən gətirdiyi avtomobili rəsmiləşdirəcəyi adı ilə həmin vətəndaşdan əlavə 25.000 manat pulu dələduzluq yolu ilə ələ keçirib.
İşlərinin düzəlmədiyini görən vətəndaşa hər dəfə yalan məlumat verib, saxta telefon danışıqları apararaq işlərin artıq "vot-vot" olduğunu, müvafiq yoxlamaların isə hələ davam etdiyini bildirib.
Fakta görə Cinayət Məcəlləsinin dələduzluq maddəsi ilə başlanan cinayət işi üzrə A.Quliyev barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.