AZ

Braziliya BRİKS-in növbədənkənar sammitini çağırır

AzVision.az xəbər verir ki, Braziliya hökumətindəki mənbələrə istinad edən “Bloomberg” agentliyinin yaydığı məlumata görə,təşəbbüs ABŞ-nin artan proteksionist siyasəti kontekstində inkişaf etməkdə olan ən böyük ölkələrin mövqelərinin əlaqələndirilməsi zərurəti ilə izah olunur.

“Qarşıdakı məsləhətləşmələrin əsas mövzusu Donald Trampın rəhbərliyi altında Amerika administrasiyasının həyata keçirdiyi ticarət tədbirləri olacaq. Lula da Silva yalnız Vaşinqtonun ardıcıl şəkildə bir sıra ölkələrə tətbiq etdiyi tariflər problemi ətrafında müzakirələr aparmaq niyyətində deyil. O, həm də beynəlxalq münasibətlərdə çoxqütblülük prinsipinin gücləndirilməsinin zəruriliyi məsələsini gündəmə gətirmək fikrindədir”,- agentlik vurğulayır.

Digər BRİKS ölkələri kimi Braziliya üçün də bu cür məsləhətləşmələr xüsusi əhəmiyyət kəsb edir, çünki bu qrup qlobal iqtisadiyyatda alternativ güc mərkəzi roluna iddialıdır.

Hələlki Braziliya liderinin planlarının rəsmi təsdiqi yoxdur ki, bu da diplomatik praktikaya xas olan amildir:görüşün gündəliyi və formatının bütün detalları razılaşdırılmayana qədər hökumətlər adətən açıq bəyanatlar verməkdən çəkinirlər.

Bununla belə, Qərb mediasında belə məlumatların yer alması faktı getdikcə öz gündəmlərini formalaşdırmağa və dünya siyasətinin ənənəvi mərkəzlərindən qaynaqlanan çağırışlara cavab verməyə çalışan inkişaf etməkdə olan iqtisadiyyatların fəaliyyətlərinə diqqətin artmasından xəbər verir.

Artıq bir neçə ildir ki, Amerikanın ticarət siyasəti ətrafında vəziyyət gərgindir. Donald Trampın dövründə“Amerika əfzəldir” siyasəti tariflərin artırılması, ticarət sazişlərinə yenidən baxılması və müxtəlif sahələrdə tərəfdaşlara təzyiq şəklində konkret forma alıb.

Tariflərin tətbiqi təkcə ticarət mübahisələrinin əsas hədəfinə çevrilən Çinə deyil, bir sıra digər ölkələrə, o cümlədən Latın Amerikası dövlətlərinə də təsir edib.

Xammal və kənd təsərrüfatı məhsullarının ixracından asılı olan Braziliya kimi ölkələrin iqtisadiyyatları üçün bu cür tədbirlər birbaşa gəlirin azalması və xarici bazarlarda vəziyyətin pisləşməsi riskini daşıyır.

Məhz bu baxımdan, Braziliya liderinin BRİKS liderlərini bir araya toplamaq ideyası məntiqlidir. Qrup uzun müddətdir ki, qlobal ticarət, maliyyə və təhlükəsizliklə bağlı strateji məsələlərin müzakirəsi üçün platforma kimi görünür.

BRİKS daxilində məsləhətləşmələr ölkələrə koordinasiyalı yanaşmalar hazırlamağa və Qərb dövlətlərinin təşəbbüslərinə qarşı kollektiv mövqe nümayiş etdirməyə imkan verir.

ABŞ Braziliyaya qarşı tarif savaşına başladı
Bununla belə, son illərdə Braziliya ABŞ ilə əməkdaşlığı balanslaşdırmağa və digər güc mərkəzləri ilə əlaqələri gücləndirməyə çalışır. Bir tərəfdən Amerika bazarı mühüm ixrac istiqaməti olaraq qalır, digər tərəfdən isə Ağ Evin qərarlarından hədsiz asılılıq ölkə iqtisadiyyatını xarici siyasi ambisiyaların girovuna çevirir.

Bu kontekstdə BRİKS xarici iqtisadi əlaqələrin şaxələndirilməsi və təzyiqlərdən kollektiv müdafiə mexanizmlərinin yaradılması üçün Braziliya tərəfindən bir fürsət kimi qiymətləndirilir.

Əgər anonsu verilən görüş baş tutsa, bu, təkcə ABŞ-nin konkret ticarət tədbirlərinin müzakirəsini yox, həm də inkişaf etməkdə olan ən böyük iqtisadiyyatların müasir dünyanın təhdidlərinə birgə strateji cavablar hazırlamağa hazır olduqlarını sərgiləyə bilər.

Xatırladaq ki, Braziliya hökumətini Vaşinqtona qarşı düşmənçilikdə ittiham edən ABŞ prezidenti Donald Tramp 2025-ci il avqustun 1-dən bu ölkədən bütün idxal mallarına 50 faizlik gömrük rüsumunun tətbiq olunmasına qərar verib.

Bunun qarşılığında neft şirkətləri Braziliyadan ABŞ-yə neft tədarükünü dayandırıb.

Sahil İsgəndərov
AzVision.az
Seçilən
2
1
azvision.az

2Mənbələr