Xəbər verdiymiz kimi, Vaşinqtonda “Tramp yolu” kimi razılaşdırılan Zəngəzur dəhlizi layihəsi hələ də praktiki icra mərhələsinə keçməyib.
Bu müddət ərzində müdaxilə cəhdlərinin olacağı, yəni layihədə İran, Rusiya və Çinin maraqlarının toqquşacağı və pay qoparmağa çalışcağı gözləniləndir.
Bəs güclərin maraq savaşı fonunda Zəngəzur dəhlizinin reallaşması üçün ən çox təhlükə siyasi təzyiqlər, iqtisadi maneələr, yoxsa təhlükəsizlik riskləridir?
Məsələ ilə bağlı Milli Məclisin deputatı Hikmət Babaoğlu “Cebheinfo.az”-a açıqlamasında bildirib ki, Zəngəzur dəhlizi, yaxud “Tramp yolu”nun fəaliyyətə başlaması üçün vaxta ehtiyac var.
O qeyd edib ki, Zəngəzur dəhlizi ilə bağlı siyasi təzyiqlər mərhələsi arxada qalıb:
“Ən önəmlisi odur ki, bu mərhələdə dəhlizin öz əllərində təzyiq mexanizminə çevirməyə çalışan güc mərkəzlərinin mövqeləri neytrallaşdırılıb. Artıq heç kim “Zəngəzur dəhlizi bizim qırmızı xəttimizdir” deyə bilmir.
ABŞ-də avqustun 8-də keçirilən görüşdən sonra bəzi qonşu ölkələrin siyasi leksikonundan “qırmızı xətt” termini çıxarılıb və təkrar söyləməyə cəsarət etmirlər. Bu isə artıq təhlükənin neytrallaşdırıldığını, yaxud gizli mərhələyə keçdiyini göstərir.
Başqa bir təhdid tərəfi, yəni şimaldan gələn siyasi təzyiqlər isə razılaşmadan məmnun qaldıqlarını ifadə edirlər. Bu da ən azından rəsmi müstəvidə neytral mövqe kimi qiymətləndirilə bilər. Düşünürəm ki, hazırda Zəngəzur dəhlizinin reallaşması üçün siyasi təzyiqlər mərhələsi arxada qalıb”.
Onun sözlərinə görə, iqtisadi maneələrlə bağlı isə ciddi bir problem görünmür:
“Azərbaycan bu dəhlizi yeni statusla təqdim edərkən Prezident İlham Əliyev onun həm də Şimal-Cənub nəqliyyat dəhlizinin bir seqmenti olduğunu vurğuladı.
Bu, özü-özlüyündə iqtisadi baxımdan çox dəyərli fikirdir. Çünki uzun illərdir Şimal-Cənub dəhlizindən danışılır, amma bu dəhliz avtomobil yolu platformasından kənara çıxa bilməyib.
Dəmir yolu infrastrukturunun yaradılması isə həm çoxlu vaxt, həm də böyük sərmayə tələb edir. Buna görə də iqtisadi təzyiqlərin bundan sonra gündəmə gətiriləcəyini düşünmürəm”.
Deputat vurğulayıb ki, hazırda səssizlik müşahidə olunsa da, mütəxəssislər səviyyəsində mühüm məsələlər müzakirə olunur:
“Ümumi təhlükəsizlik məsələlərinə gəlincə, mənə elə gəlir ki, dəhlizin çəkilişi ilə bağlı praktik işlər başlandıqca bu risklərin də azaldığını müşahidə edəcəyik.
Nəticə etibarı ilə bu, vaxt aparan bir məsələdir. Görünür hazırda səssizlik müşahidə olunsa da, mütəxəssislər və peşəkar səviyyədə dəhlizin inşası, onu inşa edəcək şirkətin tapılması və maliyyələşmə məsələləri müzakirə olunur.
Azərbaycan Prezidenti qeyd etdi ki, yaxın iki ildə bu məsələnin öz həllini tapa biləcəyinə ümid etdiyini bildirdi. Bu, ümidverici bir fikirdir. Hətta dedi ki, əgər işləri Azərbaycan şirkətləri həyata keçirərsə, uyğun relyef və mürəkkəb şəraitdə dəmir yolu inşa etmək təcrübəsinə əsaslanaraq, Azərbaycan dəmiryolçuları bu layihəni cəmi bir ilə reallaşdıra bilərlər.
Bütün bunlar onu göstərir ki, hazırda dəhlizin layihələndirilməsi və işə başlanılması ilə bağlı sadəcə texniki məsələlərin müzakirə edildiyi mərhələdəyik və Zəngəzur dəhlizi reallaşacaqdır”.