AZ

Prezidentin “Əl-Ərəbiyyə”yə müsahibəsindən sonra Rusiyadan ölkəmizə qarşı kütləvi informasiya kampaniyasına start verilib – BƏYANAT


Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı komissiyası Prezident İlham Əliyevin Səudiyyə Ərəbistanının “Əl-Ərəbiyyə” telekanalına müsahibəsindən sonra Rusiyadan Azərbaycana qarşı kütləvi informasiya kampaniyası ilə bağlı bəyanat yayıb.

Bəyanatı təqdim edirik:

“Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı komissiyası bildirir ki, avqustun 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Səudiyyə Ərəbistanının “Əl-Ərəbiyyə” telekanalına müsahibəsi yayılandan dərhal sonra Rusiya Federasiyası ərazisindən ölkəmizə qarşı kütləvi surətdə informasiya kampaniyasına start verilib.

Monitorinq zamanı müəyyən olunub ki, aparıcının Zəngəzur dəhlizi ilə bağlı sualına Azərbaycan Prezidentinin tarixi faktlara əsaslanan cavabı kontekstdən çıxarılaraq saxtalaşdırılmış və ya təhrif olunmuş formada rus oxucusuna təqdim edilir.

Rusiya cəmiyyətində anti-Azərbaycan təbliğatını alovlandırmaq məqsədilə təşkil edilən kampaniya televiziya kanalları və xəbər saytları, sosial media platformaları və müəyyən təsiretmə roluna malik radikal mövqeli şəxslər vasitəsilə aparılır.

Kampaniyada Rusiya ərazisində fəaliyyəti qadağan edilmiş və məhdudlaşdırılmış feysbuk, instaqram və “X” kimi platformalardan, habelə digər ölkə vətəndaşlarının adından yaradılan sosial media profillərindən və botlardan da geniş istifadə olunduğu müşahidə edilib.

Kampaniyada diqqət çəkən digər bir element isə Azərbaycanın sosial media seqmentinin hədəfli reklamlar vasitəsi ilə seçilməsi və orada ölkəmizin suverenliyi və ərazi bütövlüyünə qarşı təhdidedici fikirlərin yer almasıdır.

Onu da qeyd etməliyik ki, bu cür ikrah doğuran kampaniyaların Azərbaycanda ictimai rəyə heç bir təsiri yoxdur. Bu cür fəaliyyətlər yalnız Rusiya cəmiyyətini yalan faktlara söykənərək qızışdırmağa, qonşu dövlətlərlə əsassız düşmənçiliyə sürükləyir. Rusiyanı narahat edən “rusofobiya” sindromunun köklərini “Z” blogerlərin fəaliyyətində axtarmaq lazımdır.

Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı komissiya aidiyyəti dövlət qurumları ilə birgə dövlətimizə qarşı aparılan bu qeyri-dost hərəkətləri yaxından izləyir və müvafiq qabaqlayıcı tədbirləri davam etdirir”.

ZÜMRÜD

Seçilən
48
38
baki-xeber.com

10Mənbələr