Oxu.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Valideyn xüsusi təhsilə ehtiyacı olan övladının diaqnozunun dəyişdirilməsindən narazıdır.
Oxu.Az-a daxil olan müraciətdə autizm diaqnozu ilə xüsusi təhsil alan 16 yaşlı şagirdin valideyni övladına qoyulan diaqnozun dəyişdirilməsi səbəbindən ev təhsilindən məhrum ola biləcəyini bildirib.
Valideynin sözlərinə görə, oğlu Kamil F84.0, F70.0 və F80.0 kodlu diaqnozlara əsasən, yeddi il müddətində xüsusi məktəbdə ev təhsili alıb və hər il təhsil komissiyasından uğurla keçərək sinifdən-sinfə adlayıb.
"Biz hər iki ildən bir komissiyadan keçmişik. Heç bir problem olmayıb. Lakin bu il Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 3 saylı Psixoloji Tibbi Pedaqoji Komissiyası uşağın diaqnozunu dəyişdirib.
Bizi şoka salan odur ki, Nazirlər Kabinetinin qərarına əsasən, Kamilin diaqnozu F70.1 olaraq qalmalı idi. Çünki bu diaqnoz autizmin sağalan, az da olsa bərpaolunan variantı deyil, ömürlükdür. Lakin komissiya apardığımız heç bir sənədi ciddi qəbul etməyib və uşağın diaqnozunu F71 kimi dəyişdirib. Bu səbəbdən ev təhsili sinif təhsili ilə əvəz olunmalıdır. Axı uşağın bu imkanları yoxdur. Əlimdə neçə həkimdən aldığım rəylər var, sənədlər var, uşağın özünü də aparmışam ki, vəziyyəti əyani görsünlər, amma bunlar heç biri Bakı Şəhəri üzrə Təhsil İdarəsində olan komissiyanın qərarına təsir etmədi. Sadəcə, deyilir ki, bizim diaqnozu dəyişmək səlahiyyətimiz var, dəyişmişik", - deyə valideyn bildirib.
Məsələ ilə bağlı Oxu.Az-ın sorğusuna cavab olaraq Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib ki, səhhəti ilə bağlı xüsusi təhsilə ehtiyacı olan şagird valideyni ilə birlikdə tələb olunan sənədlərlə yaşadığı ərazi üzrə fəaliyyət göstərən Psixoloji-tibbi-pedaqoji komissiya tərəfindən müayinə olunduqdan, eyni zamanda, sənədləri təhlil edildikdən sonra onun təhsilalma forması ilə bağlı müvafiq qərar verilir.
"Həmçinin qeyd edək ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 29 aprel tarixli, 74 nömrəli qərarı ilə təsdiq edilmiş "Psixoloji-tibbi-pedaqoji komissiya barədə" Əsasnamənin 3-cü hissəsinə əsasən, sağlamlıq imkanları məhdud uşaqlar üçün təyin edilmiş diaqnozu dəqiqləşdirməklə təsdiq etmək və ya dəyişdirmək Psixoloji-tibbi-pedaqoji komissiyanın səlahiyyətləri çərçivəsinə daxildir",- deyə məlumatda bildirilib.
Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzindən Oxu.Az-ın sorğusuna verilən cavabda isə qeyd olunur ki, sözügedən məsələ "Psixiatriya yardımı haqqında" Azərbaycan Respublikasının Qanununun 8.1 və 34-cü maddələri ilə tənzimlənir.
"Həmin qanunun 8.1-ci maddəsinə əsasən, psixi pozuntunun diaqnozu yalnız müasir diaqnostika prinsiplərinə və beynəlxalq təsnifata uyğun olaraq, həkim-psixiatr tərəfindən təyin edilir. Digər ixtisaslı həkimlər tərəfindən müəyyən edilən diaqnoz isə ilkin xarakter daşıyır və şəxsin qeyri-könüllü hospitallaşdırılması, psixiatriya qeydiyyatına götürülməsi və digər sosial-hüquqi məsələlərin həlli üçün əsas vermir.
Pasiyentin psixi pozuntusuna dair təyin olunan diaqnoz əvvəlki diaqnozla uyğun gəlmədikdə onun dəyişdirilməsi və ya ləğvi yalnız psixiatriya müəssisəsinin həkim-məsləhət komissiyasının və ya yüksəkixtisaslı həkim-psixiatrın (tibb elmləri doktoru, professor, dosent) qərarı ilə həyata keçirilə bilər.
Qanunun 34-cü maddəsi isə xüsusi təhsil və ya sosial təminat məqsədilə psixonevroloji müəssisədən başqa yerə köçürülmə və çıxarılma məsələlərini əhatə edir", - deyə məlumatda vurğulanır.
Əzizə İsmayılova
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.