ain.az, sport24.az portalına istinadən məlumat verir.
"Təlim-məşq toplanışından sonra ilk oyunlar həmişə ağır olur. Avqustda baş tutan 3 oyundan sonra komandalar bir qədər özlərinə gəlib". Bu sözləri Sport24.az-a açıqlamasında Ağasəlim Mircavadov deyib.AFFA-nın Məşqçilər Komitəsinin üzvü Misli Premyer Liqasının geridə qalan 3 turunu dəyərləndirib:"Bazar günü "Sabah" - "İmişli" matçında qonaqlar üçün çətin olacağını düşünürdük. Çox yaxşı oynadılar, qol vurdular, qələbə qazandılar. Dediyim odur ki, 1-2 klubu çıxmaq şərtilə komandaların hansı səviyyədə olduğunu demək çətindir. Sentyabrda artıq bilinəcək ki, 6-12-ci pillələrdə kimlər qərarlaşacaq. Hazırda yalnız "Qarabağ"ın Çempionlar Liqasının Liqa mərhələsinə vəsiqə qazandığı üçün sevinirik. Oyunla buna layiq olduqlarını sübut etdilər. Premyer Liqada isə 1-2 klub məni çox məyus edir. "Neftçi"nin yeni transferləri güclü komandalardan gəlib. Amma yaxşı futbolçu, yaxşı komandadır, demək deyil. Əksinə güclü futbolçunu komandanın oyun üslubuna hazır etməlisən. Hələ ki, "Neftçi"də bu yoxdur. Problemlər var, onları da həll etmək üçün məşqçilər korpusu daha çox işləməlidir".
Təcrübəli mütəxəssis mövsümün əvvəlində çoxlarının autsayder kimi qəbul etdiyi kollektivlər barədə də fikirlərini bölüşüb:
"İmişli", "Karvan-Yevlax" və "Qəbələ" kimi komandalar ölkəmizdə hazırlaşdılar. "İmişli" əvəzedici komandalar ilə yoldaşlıq oyunu keçirirdi. Bu kollektivdə bəyəndiyim məqam hər oyuna böyük istəklə çıxmasıdır. "Kəpəz"in işi isə çox çətindir. Hər gün mətbuatda klubun daxilində çaxnaşma olduğu barədə xəbərlər oxuyuruq. Bilinmir kim nə iş görür. Çempionat onlar üçün çox ağır olacaq".
Qeyd edək ki, 3 turdan sonra turnir cədvəlində 3 komanda - "Zirə", "Araz-Naxçıvan" və "Sumqayıt" 7 xalla şərikli liderdilər. Aktivində xal olmayan "Kəpəz" isə sonuncu pillədə qərarlaşıb.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.