
Xəbər verdiyimiz kimi, uzun illər separatçı rejimin qondarma “Xarici İşlər Nazirliyi”nin istifadə etdiyi inzibati binanın söküntüsünə başlanılıb.
Reyting.az bildirir ki, binanın yerində Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Qarabağ Regional Memarlıq və Şəhərsalma Baş İdarəsi üçün müasir inzibati bina inşa olunacaq.
Binanın söküntüsü rəmzi olaraq 2 sentyabr tarixində – vaxtilə qondarma tarixə qovuşmuş və unudulan qondarma “respublika” elan olunduğu gündə başlayıb. Bu tarixin seçilməsi təsadüfi deyil – məqsəd torpaqlarımızda separatizmin izlərini tamamilə aradan qaldırmaq, Azərbaycanın ərazi bütövlüyü üzərində bərqərar olan yeni quruculuq və inkişaf mərhələsinin başladığını bir daha vurğulamaqdır.
Xankəndi şəhərinin mərkəzində inşa olunacaq yeni inzibati binanın memarlıq-konseptual həlli və texniki göstəriciləri Qarabağın strateji inkişaf prioritetlərinə uyğun şəkildə hazırlanıb. Bina Qarabağ Regional Memarlıq və Şəhərsalma Baş İdarəsinin əsas qərargahı olacaq.
Baş İdarənin yeni 3-mərtəbəli binası müasir memarlıq üslubunda, dayanıqlı tikinti materiallarından istifadə olunmaqla inşa ediləcək, ümumi sahəsi təqribən 2000 m2 təşkil edəcək. Binanın 2027-ci ilin əvvəlində istismara verilməsi nəzərdə tutulur.