AZ

8 ayı ərzində televiziya kanalları nə qədər cərimələnib?

2025-ci ilin ilk 8 ayı ərzində aparılan monitorinqlər nəticəsində 5 qanun pozuntusu faktı aşkarlanıb və müvafiq olaraq qanunauyğun tədbirlər həyata keçirilib.

Bu barədə Audioviziual Şuradan məlumat verilib.

Bildirilib ki, pozuntu hallarından ikisi “Media haqqında” Qanunun 14-cü maddəsinin (mediada yayımlanan informasiyaya dair tələblər), biri 38-ci maddəsinin (yayım hüququ) və ikisi “Reklam haqqında” Qanunun 4.3-cü maddəsinin (reklam olunan tibb müəssisəsinin lisenziyasının nömrəsinin göstərilməməsinə görə) tələblərinin pozulması ilə bağlı olub.

Bu pozuntulara görə yayımçılara ümumilikdə 3 yayımın dayandırılması (üç saat – 2 dəfə, iyirmi dörd saat – 1 dəfə) sanksiyası, 2 xəbərdarlıq tətbiq edilib.

Bu müddət ərzində yayımçılara münasibətdə cərimə ilə bağlı protokol tərtib edilməyib.

2024-cü il ərzində görülən tədbirlər

4 dəfə yayımın dayandırılması haqqında qərar qəbul olunub və 3 inzibati protokol tərtib olunub.

İl ərzində ayrı-seçkiliyin təbliğinə yol verdiyinə görə “MTV” kanalının yayımı 8 saatlıq, müstəsna yayım hüququnun pozulmasına görə “ATV”, “ARB”, “ARB Günəş” kanallarının yayımı 3 saatlıq dayandırılıb.

Peyk yayımı həyata keçirməyən platforma yayımçısı “Səhiyyə TV” MMC (“Səhiyyə TV” kanalı) barəsində “Reklam haqqında” Qanunun tələblərinin pozulması ilə bağlı müxtəlif vaxtlarda 2 inzibati xətaya dair protokol tərtib olunub və müvafiq məhkəmələr tərəfindən hər biri 8 min manat məbləğində olmaqla cərimə sanksiyası tətbiq edilib.

“İctimai Televiziya və Radio Yayımları Şirkəti” (“İTV” kanalı) barəsində “Uşaqların zərərli informasiyadan qorunması haqqında” Qanunun tələblərinin pozulması ilə bağlı inzibati xətaya dair protokol tərtib olunub və məhkəmə qərarına əsasən, kanal 3 min manat məbləğində cərimələnib.

2023-cü il ərzində görülən tədbirlər

3 dəfə yayımın dayandırılması haqqında qərar qəbul olunub və 1 inzibati protokol tərtib olunub.

Seçilən
150
5
azpost.info

10Mənbələr