AZ

Məşhur müğənni Rusiyadan qovulur: Ukrayna ordusuna yardım edib

Gürcü əsilli rusiyalı müğənni Valeri Meladze ətrafında yeni qalmaqal yaranıb. İfaçı Ukrayna Silahlı Qüvvələrinə yardım göstərməkdə şübhəli bilinir və hətta Rusiya vətəndaşlığından məhrum edilə biləcəyi barədə məlumat yayılıb.

Ulusal.az xəbər verir ki, bu barədə “Mash” Teleqram kanalı “Rusiya Atalar Şurası”nın rəhbəri, işğalçı Andrey Zqonnikova istinadla xəbər yayıb. Onun sözlərinə görə, Meladze Ukrayna ordusunu maliyyələşdirən konsertlərin təşkilatçıları ilə əlaqədə şübhəli bilinir.

Hazırda Rusiya Baş Prokurorluğu, İstintaq Komitəsi və Ədliyyə Nazirliyi məsələni araşdırır. Əgər şübhələr təsdiqlənərsə, müğənniyə qarşı “xarici agent” statusu tətbiq oluna, Rusiyaya girişinə qadağa qoyula və vətəndaşlıqdan məhrum edilə bilər.

Qalmaqalın yaranmasına səbəb Meladzenin Avropa və ABŞ-dakı konsertlərinin Ukraynayönümlü Best Events Europe və Show Impulse şirkətləri tərəfindən təşkil edilməsi olub. Həmin şirkətlər həm ukraynalı müğənnilərlə, həm də Rusiyada “xarici agent” elan olunmuş sənətçilərlə əməkdaşlıq edir, eyni zamanda Ukrayna hərbçilərinə yardım göstərirlər.

Xatırladaq ki, Meladze 2022-ci ilin fevralında yayımladığı videomüraciətdə hərbi əməliyyatların dayandırılmasına və danışıqlara çağırmışdı. Lakin bundan sonra o, müharibə ilə bağlı ictimai açıqlamalar verməkdən yayınıb.

Elə həmin ildən etibarən Rusiyada onun bir çox konsertləri ləğv olundu və müğənni “qara siyahı”ya salındı. Buna baxmayaraq, ifaçı Rusiya səhnəsində çıxışlarını davam etdirib.

2023-cü ilin avqustunda Dubayda keçirilən konsertdə isə qalmaqallı hadisə yaşanmışdı. Tamaşaçılardan biri “Ukraynaya şöhrət!” deyə səslənəndə, Meladze “Qəhrəmanlara şöhrət!” cavabı vermişdi. Bu addım rusiyalı təbliğatçıların sərt reaksiyasına səbəb olmuş və müğənniyə qarşı kəskin hücumlarla müşayiət edilmişdi.

Seçilən
13
moderator.az

1Mənbələr