1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Son iki həftədə Samux, Sabirabad, Tovuz, Ağstafa, Xaçmaz, Goranboy, Lənkəran, Cəlilabad, Bərdə, Salyan, Şəmkir, Ucar, Qəbələ, Kürdəmir, Şəki, Qubada baş verən yol-nəqliyyat hadisələrinin hər biri ölümlə nəticələnib.
Baş verən qəzaların əksəriyyətinə nəzər saldıqda zərbənin təsirindən nəqliyyat vasitəsinin tamamilə zərər gördüyünü müşahidə edirik.
Maraqlıdır, bəs görəsən, qəzaların başvermə səbəbi nədir? Hansı ölkənin istehsal etdiyi avtomobil daha təhlükəsizdir?
Məsələ ilə bağlı Oxu.Az-ın suallarını cavablayan nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov bildirib ki, baş verən yol-nəqliyyat hadisələrinin əsas səbəbkarı yol hərəkəti iştirakçılarının özləridir:

"Yəni bir çox hallarda sürücülərin yol hərəkəti qaydalarını bilərəkdən pozması nəticəsində qəzalar baş verir. Burada sürət həddinin aşılması, manevr qaydalarının pozulması, dönmə əməliyyatları zamanı işıq cihazlarından istifadə etməmək və s. qaydaların pozulmasını misal göstərmək olar. Tunelə daxil olan avtomobilin ön və arxa qabarit işıqları yanılı olmalıdır. Bizim sürücülər buna əməl etmir, körpü üzərində təhlükəli manevrlər, ötmələr edirlər. Yarışırlar, sanki harasa tələsirlər. Sürücülərin özünün sürücülük bacarığı zəifdir. Bəzisi düşünür ki, avtomobildir, sükanı tutdumsa, deməli gedirəm. Bu, doğru deyil. Yol hərəkəti qaydalarını bilən sürücülərin sayı da azdır.
Bakı şəhərinə yük avtomobilləri tonnajına görə axşam saat 9-dan sonra daxil ola bilərlər. O zaman da biz çoxtonnajlı yük avtomobillərinin yarışına sanki tamaşa edirik. Bu, özlüyündə böyük təhlükələrdən biridir. Bir çox sürücülər bilə-bilə bəzi qaydalara əməl etmirlər, nəticədə də qəza qaçılmaz olur".
Ekspertin sözlərinə görə, əvvəlki illərlə müqayisədə qəzalarda ölüm sayı nisbətən azalıb:
"Texnologiya dəyişdikcə müasir minik avtomobilləri daha təhlükəsiz olurlar. Köhnə sovet avtomobillərində bugünkü müasir tələblərə cavab verən həmin texnologiyalar yoxdur, onunla yüksək sürət təhlükə yaradır, onlarda əyləcdə ABS yoxdur, olmaması da problem yaradır. Bu sistem sürücünün sığortasıdır".
O bildirib ki, köhnə sovet maşınlarında sürücü və sərnişinləri qoruyan sistemlər zəifdir:
"Qəzaya düşən maşın köhnə və ya yeni də ola bilər. Sadəcə köhnə sovet maşınlarında sürücü və sərnişinləri qoruyan sistemlər olduqca zəifdir, demək olar ki, yoxdur.
Avropa İttifaqının (Aİ) avtomobil sənayeçiləri, ABŞ, Yaponiya, Cənubi Koreyanın istehsalçıları avtomobil istehsalı zamanı ilk növbədə sürücü, sərnişin və hətta piyadanın təhlükəsizliyini nəzərə alan bir sıra mexanizmlər quraşdırırlar ki, qəza anında problem olmasın. Aİ ölkələrində bu məsələlər bir az sərtdir, ona görə istehsalçılar bu qaydalara əməl edirlər.
Dünyada ideal təhlükəsiz maşın mövcud deyil. Qəza zamanı sürücü və sərnişini qoruyan nəqliyyat vasitələri var, amma nə qədər təhlükəsiz olsa belə, qəza anında xəsarət almama kimi zəmanət verilmir.
Qəzaya düşməmək sürücünün öz əlindədir. Bir sürücü ola bilər nizam-intizamlı, təcrübəli olsun, amma təcrübəsiz habelə təcrübəli olub bilərək qayda pozan sürücü "sayəsində" digər şəxslər də zərər görə bilirlər. Bu səbəbdən sürücülük kursları xüsusi nəzarətə götürülməli, təlim-tədris ilə bağlı ciddi işlər görülməlidir. Burada Elm və Təhsil Nazirliyinin də bu məsələyə qoşulması yaxşı olar ki, sürücülük məktəbləri, təlimləri ilə bağlı xüsusi bir proqram hazırlansın, çünki ilk sürücülük bacarıqları bu məktəbdə başlayır".
Nəqliyyat eksperti Rauf Ağamirzəyev Oxu.Az-a açıqlamasında söyləyib ki, baş verən qəzalar ölümlə nəticələnirsə, bu, bir siqnal olmalıdır:

"Yol-nəqliyyat hadisələri dünyanın bütün ölkələrində baş verir. Burada əsas məsələ nəticəyə yönəlmiş (ölüm, ağır və ya yüngül xəsarət) qərarların verilməsidir. Ölüm varsa, bu bizim üçün bir siqnaldır. O deməkdir ki, yol hərəkəti təhlükəsizliyi üzrə silsilə işlər görülməli, qəza ocaqlarının xəritəsi çıxarılmalı və müvafiq silsilə tədbirlər görülməlidir. Burada sürəti azaldan həllər, avtomobilin texniki vəziyyəti, sürücülərin peşəkarlığı, sürücülük vəsiqəsinin verilməsinə yanaşmanın dəyişməsi kimi məsələlər gündəmdədir. Yaşayış məntəqələrində olan vəziyyət təftiş edilməli, daha çox sürəti azaldan həllər tətbiq olunmalıdır. Dünyanın aparıcı dövlətlərində "Ölüm hallarına sıfır dözümlülük" siyasətinə uyğun olaraq bəzi sürəti azaldan elementlərin şəhərdaxili bütün yaşayış məntəqələrində və yaşayış məntəqə girişində tətbiqinə ehtiyac var ki, mümkün qəza riskləri minimumlaşdırılsın və qəzanın nəticəsinə təsir edən həllər tətbiq olunsun".
Onun sözlərinə görə, ölkəmizdə küçələrdə sürətli sürməyi stimullaşdırılan işlər görülüb:
"Yaşayış məntəqələrində olan vəziyyətin təftişi dedikdə küçələrin vəziyyətini nəzərdə tuturam. Bizdə hibridləşmiş küçələrdir, yəni daha sürətli sürməyi stimullaşdıran işlər görmüşük. Xüsusən həssas toplanış nöqtələri, məktəblər, bağçalar, poliklinikalar, xəstəxanaların önündə, insanların sıx toplaşdığı yerlərdə, dayanacaqların girişində bir çox həllər var ki onlar tətbiq olunmalıdır, antidiplər qurulmalıdır, panduslar, məhəllə girişlərində səki səviyyəsindən qaldırılmış keçidlər və s. elementlər artırılmalıdır".
Ekspert, həmçinin vurğulayıb ki, qəzanın başvermə anında avtomobilə vurulan zərərdə sürət amili rol oynayır:
"Sürət məhdudiyyəti və insanların məsuliyyəti olmalıdır. Cərimələr tətbiq oluna, nişanlar qoyula bilər. Amma fiziki cəhətdən sürətli sürməmək üçün şəhərdaxilində müxtəlif həllər olmalıdır, lakin magistral yollarda bu insanın öz məsuliyyətindən irəli gələn məsələdir. İnsan özü özünə qarşı məsuliyyətli olmalıdır".
Aygün Mirakif