Daxil olan vətəndaş müraciəti əsasında Abşeron rayonu Pirəkəşkül kənd 21 nömrəli uşaq bağçasında Abşeron-Xızı Regional Təhsil İdarəsi tərəfindən araşdırma aparılıb.
Bu barədə News24.az-a Abşeron-Xızı Regional Təhsil İdarəsindən məlumat verilib. Qeyd olunub ki, araşdırma nəticəsində vəzifə funksiyalarının icrası zamanı yol verdiyi nöqsanlara görə təhsil müəsissəsinin müdiri Xədicə Vəliyeva ilə bağlanmış əmək müqaviləsinə xitam verilib.
Bildiririk ki, təhsil müəssisələrində uşaqların düzgün qidalanması, sağlam və təhlükəsiz mühitdə təhsil alması, həmçinin vətəndaşların təhsil müəssisəsinə etimadının artırılması əsas prioritetlərdəndir. Təhsil müəssisələrində hər hansı neqativ halların baş verməsi yolverilməzdir.
Bu istiqamətlərdə hər bir müraciət diqqətlə araşdırılır və qanunvericiliyin tələblərinə uyğun tədbirlər görülür.
Qeyd edək ki, Abşeron rayonunun Pirəkəşkül kəndində yerləşən 21 saylı uşaq bağçası bir müddət əvvəl qalmaqallara səbəb olmuşdu. Belə ki, övladı bağçaya gedən valideynlərdən biri iddia etmişdi ki, onun 5 yaşlı qızı bağçanın müdiri Xədicə Vəliyeva tərəfindən səhər yeməyi vaxtı qovulub. Eyni zamanda uşaq baxçasında uşaqların səhər yeməyi adı ilə sadəcə çörək və su içdikləri iddia olunmuşdu.