AZ

Müharibə veteranına avadanlıqlar niyə verilmir? - Məşğulluq Agentliyi aydınlıq gətirdi

BAKI, 3 sentyabr. TELEQRAF

"İki il əvvəl Dövlət Məşğulluq Agentliyinə müraciət edərək avtomobil elektriki üzrə peşə kursuna yazılmışam. Ötən il isə mənə zəng vurub dedilər ki, həmin ixtisasa heç kim yazılmadığına görə kurs təşkil olunmur. Bunun əvəzinə həmin sahə üzrə avadanlıqların verilməsi təklif edildi, mən də razılaşdım. Amma hələ də o avadanlıqları ala bilməmişəm".

Bunu Teleqraf-a müharibə veteranı Süleyman Hüseynov deyib.

"Avadanlıqlar mənə işim üçün lazım olduğuna görə Dövlət Məşğulluq Agentliyinin təklifi ilə razılaşdım. Bununla bağlı müraciətimi agentliyə 2024-cü ilin noyabrın 6-da təqdim etdim. Sonra xəbər çıxmadı, zəng edib maraqlandım. Gəlib evimə baxmalıydılar, ünvanla bağlı yalnış anlaşılma olduğuna görə iş bir az da yubandı. Yenidən müraciət edib ünvanın dəyişilməsinə nail oldum, amma ondan sonra da mənimlə əlaqə saxlayan olmadı".

Məsələ ilə bağlı Dövlət Məşğulluq Agentliyinə sorğu ünvanladıq. Sorğumuz əsasında Hüseynov Süleyman Aydın oğlunun evinə baxış keçirilib, məsələyə yenidən baxılıb, araşdırılıb.

"Vətəndaş ilk dəfə 2021-ci ildə “Maldarlıq” zərfi üzrə özünüməşğulluq proqramına müraciət edib. Onun müraciəti əsasında aparılan ilkin monitorinq zamanı Süleyman Hüseynovun məşğul şəxs olduğu müəyyən edildiyindən, həmin müraciət üzrə proses davam etdirilməyib.

Daha sonra o 2024-cü ildə “Avtoelektrik xidmətləri” zərfi üzrə özünüməşğulluq proqramına yenidən müraciət edib. Cari ilin 12 iyun tarixində proqramın icrası qaydalarına uyğun olaraq ilkin monitorinq aparılması məqsədilə vətəndaşla əlaqə saxlanılıb. Bu zaman o, yaşayış yerinin dəyişdiyini və hazırda Nəsimi rayonunda qeydiyyatda olduğunu bildirib. Ona bu səbəbdən Nəsimi rayonu üzrə proqrama müraciət etməsi tövsiyə olunub.

Sonrakı müddətdə Süleyman Hüseynov tərəfindən yeni müraciət daxil olmasa da, məsələ Agentliyin diqqətində saxlanılıb və onun yaşayış şəraitinə baxış keçirilib.

Baxış zamanı müraciət etdiyi “Avtoelektrik xidmətləri” zərfi üzrə peşə bacarıqlarının və müvafiq şəraitin mövcud olduğu müəyyən edilib. Bu səbəbdən vətəndaşın təlimlərə cəlb edilməsi məqsədəuyğun hesab edilib. Təlimləri uğurla başa vuracağı halda, proqram çərçivəsində zərf üzrə nəzərdə tutulmuş aktivlərlə təmin olunması mümkün olacaq", - Agentlikdən sorğumuza cavabda bildirilib.

Süleyman Hüseynov qurum tərəfindən evinə baxış keçirildiyini təsdiqləyib.

"Sizə müraciət etdikdən sonra evə gəldilər, çəkiliş oldu. Aylıq gəlirimi soruşdular, bir az sorğu-sual etdilər. Aparatların anbarda bitdiyini və onların yenidən xaricdən gətiriləcəyini dedilər. Adam çoxdur, aparat isə yoxdur. Buna görə də mənə aparatlar verilməyib. Nə zaman veriləcəyi ilə bağlı qəti fikir demədilər. Məni təlimlərə cəlb etdilər".

Seçilən
53
teleqraf.com

1Mənbələr