"Birinci Liqanın yeni mövsümü üçün hazırlığımız yüksək səviyyədə davam edir".
İdman.biz xəbər verir ki, bu sözləri Sport24.az-a açıqlamasında "Səbail"in yeni transferi Nicat Süleymanov deyib.
26 yaşlı yarımmüdafiəçi yeni komandasının növbəti mövsüm üçün hədəflərindən danışıb: "I Liqa üçün əla komandamız var. İnşallah, bu heyətlə çempion olub, yenidən Premyer Liqaya vəsiqə qazanarıq. "Kəpəz"lə müqavilə müddəti başa çatandan sonra bəzi yerli və xarici klublardan təklifim oldu. Mən ölkəmizdə qalıb, özümü yaxşı tərəfdən göstərib milli komandaya dəvət almaq istəyirəm. Düşünürəm ki, "Səbail"i Premyer Liqadan bir il ayırır. Aid olduğumuz yerə qayıdacağıq. Komanda rəhbərliyi və məşqçilər heyəti Birinci Liqa üçün yaxşı heyət qura bilib. Kollektivdə yer alanların əksəriyyəti Premyer Liqa təcrübəsi olan futbolçulardır. Biz də təcrübəli futbolçulardan yararlanıb növbəti mövsümü çempion kimi bitirmək istəyirik".
Ötən mövsümü "Kəpəz"də keçirmiş futbolçu sabiq komandasının Premyer Liqaya uğursuz start verməsinə də münasibət bildirib:
"Kəpəz"də 3 il çıxış etmişəm. Komanda mənə yad deyil. Deyiləcək sözüm çoxdur, amma hər şeyi də danışmaq olmur. "Kəpəz"in futbolçularının hamısına uğurlar arzu edirəm. İnşallah, Gəncə klubu layiq olduğu yerə qalxar".
Qeyd edək ki, Süleymanov ötən mövsüm "Kəpəz"in heyətində 20 oyuna çıxıb, 1 qol və 1 məhsuldar ötürmə edib.
İdman.biz