AZ

Pakistanda terror aktı nəticəsində azı 15 nəfər həlak olub

Bakı, 3 sentyabr, AZƏRTAC

Pakistanın cənub-qərbində yerləşən Bəlucistan əyalətinin Kvetta şəhərində törədilən partlayış nəticəsində azı 15 nəfər həyatını itirib.

AZƏRTAC xəbər verir ki, Geo TV telekanalı bu barədə əyalətin Səhiyyə Nazirliyinə istinadla məlumat yayıb. Məlumata görə, terror aktı zamanı xəsarət alan 38 nəfərdən səkkizi xəstəxanalara yerləşdirilib. Hadisə ilə bağlı xüsusi istintaq qrupu yaradılıb. Partlayış çoxsaylı insanın iştirak etdiyi Bəlucistan Milli Partiyasının mitinqi başa çatdıqdan sonra tədbirin keçirildiyi stadionun avtomobil dayanacağında baş verib. Pakistan polisi terrorçunun sərt təhlükəsizlik tədbirləri səbəbindən aksiyanın keçirildiyi yerə yaxınlaşa bilmədiyini və bu səbəbdən daha böyük tələfatın qarşısının alındığını vurğulayıb.

Qeyd edək ki, 2021-ci ilin sonlarından bəri Bəlucistan əyalətində vəziyyət gərgin olaraq qalır. İran və Əfqanıstanla sərhəddə yerləşən bölgədə fəaliyyət göstərən separatçı qruplar Pakistan hökumətinin ölkədə mərkəzləşdirmə tədbirlərinə qarşı mübarizə aparır. Eyni zamanda, separatçıların fəaliyyəti Pekinin dəstəklədiyi “Bir kəmər – bir yol” təşəbbüsünün əsas obyektlərindən biri olan Gvadar dəniz limanının və Pakistanın Çinlə birgə inşa etdiyi digər infrastrukturların təhlükəsizliyinə təhdid yaradır.

 

Seçilən
13
5
azertag.az

6Mənbələr