AZ

Elxan Abdullayev: “Uşaqlar yaxşı xarakter göstərdilər”

19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Elxan Abdullayev İslandiya yığmasına qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xatırladır ki, U-19 millimiz Sloveniyada təşkil olunmuş “Slovenia Nations Cup” yoldaşlıq turniri çərçivəsində bu gün İslandiya yığması ilə qarşılaşıb.

Elxan Abdullayev komandasının 2:1 hesablı qələbəyə sevindiyi oyundan sonra AFFA-nın mətbuat xidmətinə açıqlama verib. Baş məşqçi futbolçuların əzmkar mübarizə apardıqlarını bildirib:

“Toplanış çərçivəsində ilk oyunumuz idi. Gərgin mübarizəyə şahidlik etdik. İslandiya güclü rəqib idi. Buna baxmayaraq, uşaqlar yaxşı xarakter göstərdilər, hər birinə alqış düşür. İki gözəl qol vurduq. Nəticədən razı qalsam da, qarşılaşmanın gedişində bəzi səhvlər oldu. Bu səhvlərimizin üzərində işləyəcəyik. Futbolçularımızı təbrik edirəm, qarşıdakı matçlarda onlardan daha yaxşı mübarizə gözləyirəm”.

Elxan Abdullayev beynəlxalq turnirdəki rəqibləri millimizin Avropa çempionatının seçmə mərhələsindəki rəqiblərinə bənzədib:

“İslandiya ilə oyunu artıq unudub, əvvəlcə Farer adaları, ardından isə Polşa ilə görüşə hazırlaşmalıyıq. Bildiyiniz kimi, noyabrdakı seçmə mərhələdə Çexiya, Şimali İrlandiya və Malta ilə qarşılaşacağıq. Yoxlama oyunları üçün də məhz bu komandaların üslubuna bənzər rəqiblər seçmişik. Ümumilikdə təşkilatçılıqdan çox razıyıq. Toplanış üçün çox yaxşı şərait yaradılıb”.

Qeyd edək ki, U-19 millimiz turnir çərçivəsində növbəti oyunlarını sentyabrın 6-da Farer adaları, 9-da isə Polşanın müvafiq yaş qrupundan ibarət komandasına qarşı keçirəcək.

Seçilən
38
7
arena.az

10Mənbələr