ŞƏT-lə əməkdaşlıq ölkəmizə yeni siyasi və iqtisadi dividendlər, geniş manevr imkanları qazandırır
Bu gün Azərbaycan dövlətinin geosiyasi qüdrəti sərhəd tanımır. Xüsusilə son bir neçə ayda Prezident İlham Əliyevin müdrik və qətiyyətli xarici siyasəti nəticəsində ölkəmiz dünyanın fövqəlgüc dövlətləri ilə iqtisadi və siyasi əməkdaşlıqlarını daha da genişləndirir. Belə ki, ötən ay Prezident İlham Əliyevin ABŞ Prezidenti Donald Trampın dəvəti ilə Vaşinqtona səfəri və orada ölkəmizin başçısının yüksək səviyyədə qarşılanması bütün dünyada heyranlıqla qarşılandı. Burada ABŞ Prezidentinin təşkilatçılığı ilə Azərbaycan və Ermənistan arasında imzalanacaq sülh müqaviləsinin paraflanması tədbiri beynəlxalq aləmin əsas gündəmi oldu. Eyni zamanda, Azərbaycan xalqı var olduqca 2025-ci il 8 avqust tarixi də heç zaman unudulmayacaq və milli təqvimimizin ən parlaq səhifələrindən biri kimi yaddaşlarda əbədi olaraq yaşayacaq. Ona görə ki, həmin gün dünyanın ən qüdrətli dövlətinin, yəni ABŞ Prezidenti Donald Trampın Prezident İlham Əliyevə xitabən dediyi: «Siz böyük lidersiniz» və «Xalqınız böyük xalqdır» sözləri heç zaman unudulmayacaq. Bundan başqa, cənab Trampın Ağ evin açarlarını Prezident İlham Əliyevə təqdim etməsi dostlarımızı qürurlandırdığı qədər düşmənlərimizi sarsıtdı.
Azərbaycan dövlətinin həyatında ikinci möhtəşəm hadisə isə Prezident İlham Əliyevin ötən günlərdə Çin Xalq Respublikasına (ÇXR) səfəri oldu. Burada ölkəmizin başçısının çox yüksək səviyyədə qarşılanması bir daha göstərdi ki, dünyanın daha bir fövqəlgüc ölkəsi ilə dostluq və əməkdaşlıq əlaqələrimiz davamlı olaraq genişlənir. Eyni zamanda, Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) ilə əməkdaşlığı istiqamətində yeni fürsətlərin yaranması diqqətçəkici hadisədir.
Xatırladaq ki, ŞƏT həm coğrafiyasına, həm də əhalisinin sayına görə dünyanın ən böyük dövlətlərini birləşdirən beynəlxalq qurumdur. Hazırda ŞƏT XXI əsrin nüfuzlu regional bloklarından biridir. Qeyd edək ki, 2001-ci ildə Çin, Rusiya, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Tacikistanın iştirakı ilə Şanxayda təsis edilən təşkilata sonradan Pakistan, Hindistan, İran və Belarus da qoşulub. Bundan başqa, hazırda qurumun 2 müşahidəçi üzvü, habelə Azərbaycan və Türkiyə də daxil olmaqla 14 dialoq tərəfdaşı var. Daha bir neçə ölkə dialoq tərəfdaşı statusu almaq üçün müraciət edib. ŞƏT-ə üzv ölkələr Avrasiya ərazisinin təxminən 60 faizini, dünya əhalisinin 40 faizini, qlobal ümumi daxili məhsulun 25 faizini təşkil edir. Hazırda qurumla 50-dən çox sahədə əməkdaşlıq edən ölkələrin ümumi iqtisadi potensialı 30 trilyon dollara yaxındır.
ŞƏT-in məqsədləri geniş və çoxtərəflidir. Üzv ölkələr arasında qarşılıqlı etimadın möhkəmləndirilməsi, qonşuluq və əməkdaşlıq münasibətlərinin inkişafı, siyasət, iqtisadiyyat, elm və təhsil, enerji, mədəniyyət kimi sahələrdə birgə fəaliyyətin təşviqi təşkilatın əsas hədəfləridir. Bu gün aşkar görünür ki, ŞƏT ciddi hədəflərə doğru addımlayır. Avrasiyanın siyasi və iqtisadi xəritəsini yenidən çəkən bu qurum Qərb mərkəzli qurumlara alternativ bir güc modelinə çevrilir. Heç təsadüfi deyil ki, beynəlxalq ekspertlər ŞƏT-in gücünü bəzən «Böyük Yeddi»lərlə eyniləşdirirlər.
Son onillikdə dünyada baş verən müharibələr və dərinləşən münaqişələr bir daha təsdiq edir ki, hazırda dünyada güc bölgüsü yenidən formalaşır. Məhz belə bir mürəkkəb dünya düzənində ölkəmizin də Avrasiyanın nəhəng siyasi, iqtisadi və təhlükəsizlik platforması olan ŞƏT-lə əməkdaşlığı zərurətə çevrilir. Bu gün Azərbaycana ŞƏT kimi qlobal əhəmiyyətli bir qurum nə qədər lazımdırsa, həmin qurumun da ölkəmizə o qədər ehtiyacı var. Çünki Azərbaycan Orta Dəhlizin mərkəzindədir və buradan keçən neft-qaz və dəmiryol xətləri Asiya ölkələrinin iqtisadi-ticari yollarına çevrilə bilər. Yəni, Avropa ilə Asiya arasında birləşdirici körpü rolunu oynayan ölkəmiz ŞƏT-in diqqət dairəsində olması üçün yetərincə imkanlara malikdir.
Xüsusi vurğulamaq lazımdır ki, bu nəhəng təşkilatla artıq Azərbaycan da sıx əməkdaşlıq edir. Çinin Tiencin şəhərində Prezident İlham Əliyevin ÇXR sədri Si Cinpin ilə görüşündə bu müstəvidə əməkdaşlıq da diqqət mərkəzində yer alıb. Sədr bildirib ki, ölkəsi Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatı ilə əlaqələrinin genişlənməsini dəstəkləyir. Onu da qeyd edək ki, daha çox ticari əlaqələrini özündə cəmləşdrən ŞƏT həmçinin regional təhlükəsizlik, terrorizm, separatizm, ekstremizmlə birgə mübarizə tədbirləri çərçivəsində də dərin əməkdaşlığa çalışır.
Bu gün ölkəmiz ŞƏT-in iclas və forumlarında fəal iştirak edərək təşkilatın fəaliyyətinə və qərarların müzakirəsinə töhfə verir. Ölkəmiz siyasi, iqtisadi və humanitar əməkdaşlıq çərçivəsində birgə layihələr həyata keçirir, həmçinin terrorizm və narkotik ticarəti ilə mübarizə kimi təhlükəsizlik təşəbbüslərində iştirak edir. Dialoq formatı əsasən mövcud əməkdaşlığın gücləndirilməsinə xidmət etsə də onun hədəfi siyasi, iqtisadi və humanitar tərəfdaşlığın daha da inkişafı üçün möhkəm zəmin yaratmaqdır. Azərbaycan üçün ŞƏT platforması Asiyanın böyük dövlətləri ilə yeni iqtisadi və ticari əlaqələri genişləndirməkdir.
Xatırladaq ki, Prezident İlham Əliyev ilk dəfə 2022-ci ildə ŞƏT-in Səmərqənd Sammitində fəxri qonaq qismində iştirak edib və sonrakı illərdə Azərbaycan–ŞƏT əməkdaşlığı yüksələn xətlə inkişaf edib. Təşkilat həm də Azərbaycanın öz səsini və mövqeyini dünyaya çatdırması üçün vacib platformadır. Marşrutları Azərbaycan ərazisindən keçən Şimal–Cənub və Şərq–Qərb nəqliyyat layihələrinin reallaşmasına gözləntilərin artması ölkəmizin ŞƏT dövlətləri üçün əhəmiyyətini daha da artırıb.
Bəli, birmənalı olaraq ölkəmiz ŞƏT-lə əməkdaşlığa böyük önəm verir. ŞƏT-də dialoq tərəfdaşı statusuna sahib olan Azərbaycan təşkilatla əməkdaşlığını daha da dərinləşdirmək, müşahidəçi, daha sonra isə tamhüquqlu üzv olmaqda maraqlıdır. Hələ 2016-cı ildə Azərbaycan ilə ŞƏT arasında əməkdaşlıq sahələrini əks etdirən memorandum imzalanıb. Ölkəmizlə əməkdaşlıq ŞƏT-in özü üçün də olduqca cəlbedicidir. Xüsusən Azərbaycanın Avrasiya məkanında əsas tranzit qovşağa çevrilməsi burada öz sözünü deyir. Zəngəzur dəhlizinin açılması ŞƏT üçün də nəqliyyat-logistika sferasında əlavə üstünlüklər yaradacaq.
Təşkilatda ÇXR-in aparıcı rolu var. Son illər Azərbaycan-Çin münasibətlərinin sürətlə inkişafı ölkəmizin ŞƏT-lə əməkdaşlığına da müsbət təsir göstərib. Tarixi qədim İpək yolu dövrünə gedib çıxan Azərbaycan-Çin münasibətləri ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra yeni mərhələyə qədəm qoyub. İqtisadi, hərbi potensialını sürətlə gücləndirən Çinin müasir dünyada siyasi proseslərə, beynəlxalq münasibətlərin formalaşmasına təsir imkanlarının artması da müşahidə edilir.
Bu, danılmaz faktdır ki, bu gün ÇXR cənab Si Cinpinin rəhbərliyi ilə dünya iqtisadiyyatının ən qüdrətli mərkəzlərindən birinə çevrilməklə yanaşı, artıq qlobal siyasətdə də fövqəlgüc statusunu qazanıb. Yeni dünya düzənində Çinin həm güclü iqtisadiyyatı, həm də siyasi iradəsi ilə daha böyük rol oynayacağı heç kəsdə şübhə doğurmur.
Bu baxımdan Azərbaycan-Çin münasibətlərinin yüksək səviyyədə olması milli maraqlarımız baxımından xüsusi əhəmiyyətə malikdir. Çünki ŞƏT-lə əməkdaşlığın genişləndirilməsi Azərbaycanın milli dövlət maraqlarına hərtərəfli cavab verir. Sözügedən proseslər ölkəmizin beynəlxalq əlaqələrində yeni səhifə açmaqla yanaşı, onun siyasi, iqtisadi və digər mühüm parametrlər baxımından daha da güclənməsi deməkdir. Yəni bu dəyərli geosiyasi hadisələr ölkəmizə yeni siyasi və iqtisadi dividendlər, həmçinin əlavə manevr imkanları qazandırır.
Elçin Zaman, «İki sahil»