AZ

Vaşinqton sazişi Azərbaycanı təhdidlərdən qorudu - ŞƏRH

Zaur Məmmədov: “Paşinyanı devirib ərazi iddialarını bərpa etmək istəyirlər”

“Ermənistan ya əməkdaşlıq və sülh yolunu seçəcək, ya da yenidən özünü tarixi səhvlərin qurbanı edəcək. Seçim onlarındır”

Qondarma respublikanın yaranmasının ildönümü münasibətilə İrəvanda separatçılar, erməni kilsəsi və bəzi müxalifət partiyalarının iştirakı ilə toplantılar keçirilib, bəyanatlar səsləndirilib. "Əsirlərin azad edilməsi və Qarabağ ermənilərinin öz evlərinə qaytarılması məsələsi Ermənistan-Azərbaycan danışıqlarının gündəliyinə salınmalıdır”. 

Belə bir bəyanatla "Dağlıq Qarabağ parlamenti" növbədənkənar sessiyada çıxış edib - sənədi İrəvanda keçirilən mitinqdə deputat Metaxe Akopyan oxuyub. Müəlliflər ATƏT-in Minsk qrupunun da buraxılmasını qəbuledilməz hesab ediblər ki, onun mandatına Qarabağ ermənilərinin hüquqları məsələsi də daxildir. Bəyanatda deyilir ki, bu hüquqların təmin edilməsi üçün effektiv mexanizmlər olmadan ATƏT MQ-nin buraxılması qəti şəkildə qəbuledilməzdir. Bundan başqa, özünü separatçıların lideri (prezidenti) adlandıran Samvel Şahramanyan,  Ermənistanın katalikosu, Kilikiya katalikosu, bəzi müxalifət partiyaların sədrləri bəyanatlarında indiki şəraitdə Qarabağın müstəqilliyinin mümkün olmamasına baxmayaraq, ruhdan düşməməyi və gələcəkdə yaranacaq münbit şəraitdə Qarabağın yenidən "azad ediləcəyi" ilə bağlı çıxışlar ediblər. Onlar Ermənistan hakimiyyətini satqınlıqda günahlandırıblar.

Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov Sherg.az-a açıqlamasında bildirib ki, Ermənistandakı və ölkə xaricindəki bu qüvvələr "Böyük Ermənistan" haqqında hələ də fikirləşməkdədirlər və Paşinyanı devirərək xarici güclərin köməyi ilə yenidən ərazi iddialarını qaldırmaq niyyətindədirlər: 

“İşxan Saqatelyan və digərləri tərəfindən səsləndirilən bəyanatda "Ermənistan hökuməti Azərbaycanın təzyiqi nəticəsində Vaşinqton sazişi imzaladı və buna görə də bu sənəd qeyri-legitimdir" kimi oxşar ifadələr səsləndirilib. Baş verənlər bir daha bizi əmin etməlidir ki, Azərbaycan Prezidenti İlham Əliyev necə dəqiqliklə bizi gözləyən çağırışları vaxtında həll etdi. Laçın yolunun azad edilməsi, bölgənin separatçılardan təmizlənməsi, sülhməramlıların Qarabağı qarşılıqlı razılaşma yolu ilə tərk etməsi, Ermənistan dövlətinin Minsk qrupunun buraxılmasına razılıq verməsi və Vaşinqton sazişi dövlətimizi təhdidlərdən sığortaladı:  “Böyük Avrasiyanın" şəkilləndirilməsi hələ davam edir. Cənubi Qafqazda da çox ciddi tarixi hadisələr baş verir. Yaxın onilliklərin münasibətlər sistemi formalaşır. Azərbaycana qarşı "erməni kartından", "etnik kartlardan", o cümlədən hərbi təhdid formalarından istifadə edilməsi gözləniləndir. Lakin indi nə 1918-20-ci illər, nə də 1990-cı illərdir. Şuşa Bəyannaməsi var, Azərbaycanın siyasi, iqtisadi, demoqrafik, diaspora potensialı kifayət qədərdir, dövlətimiz Türk Dövlətləri Təşkilatının və Qoşulmama Hərəkatının aparıcı dövlətlərindən biridir, kifayət qədər ciddi hərbi-siyasi müttəfiqlərimiz var. Bu gün Ermənistanda hökuməti tənqid edən və Azərbaycanı "işğalda" və sair kimi cinayətlərdə günahlandıranlar bir daha sübut edir ki, revanşist qüvvələr hələ də köhnə xülyalarla yaşayır, cəmiyyəti çaşdırmaqla dövlətin gələcəyini təhlükəyə atırlar. Halbuki Ermənistanın gələcəyi yalnız və yalnız özünün düzgün seçimlərindən asılıdır. Əgər o, regionda real vəziyyəti qəbul edib, qonşularla normal münasibətlər qursa, inkişaf və təhlükəsizlik qazana bilər. Əks halda, “Böyük Ermənistan” kimi utopik ideyalar və separatizmə dəstək siyasəti onu daha da dərin böhrana sürükləyəcək. Ermənistan ya əməkdaşlıq və sülh yolunu seçəcək, ya da yenidən özünü tarixi səhvlərin qurbanı edəcək. Seçim onlarındır”.
Seçilən
4
1
sherg.az

2Mənbələr