AZ

Göygöldə "Aqrar sahədə dövlətin dəstək mexanizmləri" mövzusunda panel müzakirələr keçirilib

Çünki bu ölkə Ermənistanın qisasını almağa çalışır

Hindistan dünyada nüvə silahına sahib 8 dövlətdən biridir. Birləşmiş Millətlər Təşkilatının Əhali Fondunun (UNFPA) məlumatlarına əsasən, Hindistanın əhalisinin sayı təxminən 1,442 milyard nəfərə yaxındır ki, bu da əhalisinin sayına görə dünyada birinci yerdə olduğunu göstərir. 2025-ci ilin iyun ayında BMT-nin hesabatına görə, bu ölkənin əhalisi 1,5 milyarda yaxınlaşıb və gələcəkdə daha 200 milyon nəfər artacağı proqnozlaşdırılır. Əgər iqtisadi imkanlarını, hərbi gücünü, əhalinin sayını əsas götürsək, Hindistanı böyük bir dövlət hesab etmək olar...

Lakin böyüklük nə sayla ölçülür, nə də güclə. Əslində, Hindistan cılız siyasət yürüdən bir dövlətdir. Böyüklük zorla, güclə, münaqişə yaratmaqla, müharibə etməklə ölçülmür. Olsa-olsa buna özünü göstərmək deyirlər. Dünyada qan tökənə yox, sülh yaradana, münaqişə edənə yox, münaqişə edənləri barışdırana, silah satana yox, silahları susdurana böyük deyirlər...

Uzun illərdir ki, Hindistanın odun üstünə körüklə getdiyinə, Cənubi Qafqazda müharibə ocağını alovlandıran bir dövlət olduğuna şahidlik etməkdəyik. Əvvəlcə onu qeyd edək ki, Azərbaycanın Pakistanla müttəfiqliyı Hindistan üçün narahatlıq yaradıb. Yaxın keçmişə nəzər salsaq görərik ki, 2016-cı ilin Aprel müharibəsindən sonra yaranan vəziyyətdən faydalanmağa çalışan Hindistan həm Azərbaycana, həm də Ermənistana öz hərbi texnikalarını təklif edib. Ermənistan rəsmi Dehlinin bu təklifi ilə razılaşsa da, ölkəmiz Hindistanın təklifindən diplomatik nəzakətlə imtina edib. Həmçinin ölkəmiz Pakistandan "JF-17" Thunder və "Super Mushak" təyyarələrini almaq barədə razılığa gəlib. 

 2017-ci il fevralın 11-də Ermənistanın ozamankı prezidenti Serj Sarkisyanın Hindistanın baş naziri Modinin dəvəti ilə bu ölkəyə rəsmi səfəri zamanı iki dövlət başçısı arasında hərbi əməkdaşlıq məsələləri müzakirə edilib. 

2017-ci il aprelin 26-da isə Hindistanın vitse-prezidenti Məhəmməd Həmid Ənsari Ermənistana rəsmi səfəri zamanı jurnalistlərə açıqlamasında iki ölkə arasında hərbi-texniki sahədə qazanılan nailiyyətləri, ölkəsinin əldə etdiyi təcrübəni Ermənistanla bölüşməyə hazır olduğunu bildirdi. 2018-ci ildə Ermənistanın müdafiə naziri Artsrun Hovanesyan ölkəsinin Hindistanın istehsalı olan "Pinaka" yaylım atəşli reaktiv sistemləri alması faktını təsdiq etdi.

 2019-cu il sentyabrın 27-də Ermənistanın yeni baş naziri Nikol Paşinyan mətbuata verdiyi açıqlamada Kəşmir problemində ölkəsinin birmənalı olaraq Hindistanın mövqeyini dəstəklədiyini açıqladı. 2019-cu il dekabrın 17-də Hindistanın Ermənistandakı səfiri Kişan Dan Devalla Ermənistanın müdafiə naziri David Tonoyan görüşdü və hərbi məsələlərdə birgə əməkdaşlıq barədə razılaşmaya imza atdı. 2020-ci il martın 2-də artıq Hindistanın Ermənistana 40 milyon dollar dəyərində 4 ədəd "Svati" radar sistemi verəcəyi xəbərləri gündəmi zəbt etmişdir.

2020-ci ildə Azərbaycanın qələbəsi ilə başa çatan Vətən müharibəsindən sonra isə Hindistan Ermənistanı nümayişkaranə şəkildə silahlandırmağa başladı. Prezident İlham Əliyev mətbuata açıqlamasında bunu belə dəyərləndirmişdi: "Ermənistanın silahlanması prosesi sıçrayışla gedir. Biz bacardığımız qədər orada baş verənləri izləyirik. Ermənistan ərazisinin dərinliyini nəzərə alsaq, texniki baxımdan bu gün bunu etmək o qədər də çətin deyil. Əlbəttə ki, Fransa bu məsələdə liderlik edir. İkinci yerdə Hindistan, üçüncü yerdə isə ABŞ-dir. Fransa və Hindistan Ermənistanı öldürücü silahlarla təmin etdiklərini gizlətmirlər, - hətta bir növ,  yəqin ki, bizim acığımıza nümayişkaranə cəsarət göstərirlər". 

Məsələ aydındır. Hindistanın Cənubi Qafqazda Ermənistanla hərbi əməkdaşlığını qətiyyən təsadüfi hesab etmək olmaz. Bununla rəsmi Dehli öz aləmində Azərbaycanı "cəzalandırdığını" və qisas alacağını düşünür.

Bu günlərdə Çin Xalq Respublikasında keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının toplantısında Çin Azərbaycanın ŞƏT-ə üzvlüyünü dəstəkləsə də, Hindistan yenidən Bakının tamhüquqlu üzvlük təklifini bloklayıb. Əslində möcüzə baş verməyib. Bu, tamamilə gözlənilən idi. Bu, həm də Hindistanın Azərbaycanı Ermənistana görə "cəzalandırmaq istəyi" ilə yanaşı Çinə qarşı növbəti "hücum"udur. Məsələ burasındadır ki, Çinin ən böyük beynəlxalq kommunikasiya layihəsi olan "Bir kəmər, bir yol" marşrutu Orta dəhlizin üzərində yerləşir. Çini özünə rəqib hesab edən Hindistan ticarət yolları üzərində bacardığı qədər əngəl yaratmağa çalışır. Hindistanın Azərbaycanın ŞƏT-ə üzvlüyünü bloklamasının digər səbəbi də, şübhəsiz ki, müsəlman faktorudur. Əhalisinin 200 milyondan çoxunu müsəlmanlar təşkil edən Hindistanda onlara qarşı həmişə nifrət olub.

Xatırladaq ki, Narendra Modini baş nazir olmazdan öncə antimüsəlman mövqeyi ilə seçilib. Hindistanın radikal millətçi BÆP partiyası və onun lideri Narendra Modi uzun müddətdir islamofobiya siyasəti yeridir. Elə bu səbəbdən seçkilərdə onun qələbəsinə ən çox müsəlmanlar etiraz etmişdi. Modi hələ Qucarat bölgəsinin qubernatoru olduğu müddətdə çoxsaylı müsəlman qətlinə göz yummuşdu. Müsəlmanlara qarşı ikili standart tətbiq edirdi. Modi həm də Hindistanda geniş vüsət alan antimüsəlman kampaniyalarını maliyyələşdirən şəxs kimi də tanınır. Narendra Modi 2014-cü ildə hakimiyyətə gəldikdən sonra ölkədə islamofobiya və müsəlmanlara qarşı hücumlar artmağa başladı. Təsadüfi deyil ki, Pakistan və Hindistan arasında son zamanlar artan gərginlik də məhz Modinin adı ilə bağlıdır. Belə ki, Kəşmirin xüsusi statusunun ləğv edilməsi iki ölkə arasında münasibətlərin yenidən gərginləşməsinə gətirib çıxardı.

Narendra Modi kimilər anlamalıdırlar ki, böyüklük nə əhalisinin sayında, nə də hərbi gücdədir. Ən böyük insanlar sözünə bütöv, dostluğa sədaqətli olanlardır. Hər hansı böyük dövlətın başçısının qərəzi bizi ədalət yolundan çəkindirə bilməz. 

Azərbaycan Prezidenti İlham Əliyev Çin Xalq Respublikasında keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının 25-ci Dövlət Başçıları Şurası Zirvəsi çərçivəsində Pakistan Baş naziri Şahbaz Şəriflə görüşü Modiyə verilən ən tutarlı cavab idi. Görüş zamanı Şərif Azərbaycanın Hindistana qarşı Pakistana verdiyi siyasi dəstək və həmrəylik üçün təşəkkürünü çatdırdı. Prezident İlham Əliyev isə Azərbaycan-Pakistan əlaqələrinin qardaşlıq üzərində qurulduğunu vurğulayaraq Pakistanın Hindistana qarşı əldə etdiyi uğur münasibətilə təbriklərini bildirdi. Dövlətimizin başçısı onu da  əlavə etdi ki, Pakistana göstərilən dəstək səbəbindən Hindistan beynəlxalq təşkilatlarda Azərbaycandan intiqam almağa çalışsa da, bu, heç bir əhəmiyyət daşımır və Pakistanla qardaşlıq əlaqələri hər şeydən üstün olaraq qalır.

Elşən QƏNİYEV,

"Azərbaycan"

Seçilən
104
azerbaijan-news.az

1Mənbələr