AZ

Karlos Soler PSJ-dən getdi – 6 milyon avroluq transfer

İspaniya millisinin və Fransanın PSJ klubunun mərkəz yarımmüdafiəçisi Karlos Soler bundan sonra “Real Sosyedad”da çıxış edəcək.

Arena.az bu barədə İspaniya klubunun rəsmi saytına istinadən məlumat verir.

La Liqa klubu 28 yaşlı ispan futbolçunu 6 milyon avro müqabilində heyətinə qatıb. Soler yeni klubu ilə 4 illik (2029-cu ilin 30 iyununadək) müqavilə bağlayıb.

Karlos Soler “Valensiya”nın yetirməsidir. PSJ onu 2022-ci ilin sentyabrında 18 milyon avro müqabilində heyətinə qatmışdı. Solerin Paris klubu ilə 2027-ci ilin 30 iyununa kimi müqaviləsi vardı. O, paytaxt klubunun heyətində 63 oyuna çıxıb, 8 qol və 8 assistlə yadda qalıb.

Soler ötən mövsümü İngiltərənin “Vest Hem” klubunda icarədə keçirib. O, Premyer Liqa təmsilçisinin heyətində 33 oyuna çıxıb, 1 qol və 1 assist müəllifi olub.

Soler 2021-ci ildən İspaniya yığmasında çıxış edir. O, millidə 14 oyuna 4 qol vurub.

Soleri heyətinə qatmış “Real Sosyedad”da bir ayrılıq da reallaşıb. La Liqa təmsilçisinin müdafiəçisi Xavi Lopes “Real Ovyedo”ya keçib. 23 yaşlı ispan futbolçu bu mövsümün sonunadək icarədə çıxış edəcək. “Real Ovyedo” onun transfer hüquqlarını almayacaq.

Sol cinah müdafiəçisi olan Xavi Lopes “Alaves”in yetirməsidir. O, “Real Sosyedad”a 2024-cü ilin yayında 6,5 milyon avro qarşılığında keçib. Xavi bu komandanın heyətində meydana çıxdığı 38 oyunda məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.

Seçilən
88
arena.az

1Mənbələr