AZ

KİV: Avropa Komissiyası Gürcüstanın cavabından narazı qalıb

TBİLİSİ, 4 sentyabr. TELEQRAF

Avropa Komissiyası Gürcüstan hökumətinin viza rejiminin liberallaşdırılmasına dair tövsiyələrin yerinə yetirilməsi ilə bağlı cavabından narazı qalıb.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, bu barədə Azadlıq radiosunun Gürcüstan xidməti Brüsseldə mənbəyə istinadla məlumat yayıb.

Bildirilib ki, Gürcüstanın Brüsseldəki səfiri Vaxtanq Maxaroblişvilinin Avropa Komissiyasına təqdim etdiyi 55 səhifəlik sənəddə hüququn aliliyi və korrupsiyaya qarşı mübarizə sahələrindəki islahatlar, həmçinin ayrı-ayrı beynəlxalq reytinqlərə istinadla qeyd olunub ki, Tbilisi avrointeqrasiyaya qətiyyətlə sadiqdir.

Hesabatda vurğulanıb ki, Gürcüstanda qanunların qəbulu demokratik hesabatlılığı gücləndirmək, milli kimliyi qorumaq, sosial birliyi təşviq etmək və institusional şəffaflığı artırmaq məqsədi daşıyır.

Sənədi şərh edən mənbə bildirib ki, Gürcüstan tərəfi arqumentlərlə əsaslandırılmamış cavablar göndərib.

Xatırladaq ki, Avropa Komissiyası bu ilin iyulun 15-də Gürcüstana yerinə yetirilməsi tələb olunan 8 tövsiyə təqdim edib. Onların arasında “Xarici təsirin şəffaflığı haqqında” Qanun və “Ailə dəyərləri və yeniyetmələrin müdafiəsi” haqqında qanunvericilik paketinin ləğvi, LGBT üzvlərinin hüquqlarının tam müdafiəsi yer alıb.

Tövsiyələrin yerinə yetirilməsi üçün Gürcüstana avqust ayının sonunadək vaxt verilmişdi. Gürcüstan tövsiyələrin yerinə yetirilməsinə dair hesabatı müəyyən olunmuş müddət ərzində - avqustun 31-də təqdim edib.

Qeyd edək ki, Avropa İttifaqının (Aİ) Gürcüstanla vizasız gediş-gəliş rejiminin dayandıracağı ehtimal edilir. Mövcud qaydalara əsasən, Aİ insan hüquqlarının və beynəlxalq hüququn ciddi şəkildə pozulduğu halda hər hansı bir ölkə ilə vizasız gediş-gəlişin dayandırılması mexanizmindən istifadə edə bilər. Prosesi Aİ-nin 27 üzv dövlətindən biri və ya Avropa Komissiyası başlaya bilər.

Seçilən
78
1
teleqraf.com

2Mənbələr