AZ

Orta məktəblərimizdə "əsas" və "qeyri-əsas" fənlər bölgüsü....


Cavanşir Əliyev: “Dərs cədvəlləti tərtib olunarkən çətin, orta, asan fənlər nəzərə alınmaqla bölünməlidir”

Məktəbin keyfiyyətli idarə olunmasında, təlim prosesində səmərəliliyin artırılmasında dərs cədvəlinin elmi-pedaqoji tələblər əsasında tərtib edilməsi vacib amillərdəndir. Dərs cədvəlinin düzgün tərtib olunması şagirdlərin təlim materiallarını yaxşı mənimsəməsinə də müsbət təsir göstərir.

Dərs cədvəlinin tərtibində həftənin ayrı-ayrı günlərinin çətin fənlərlə həddindən artıq yüklənməsi şagirdlərin iş qabiliyyətinin aşağı düşməsinə səbəb olur. Həm də düzgün tərtib olunmayan dərs cədvəli şagirdlərdə yorğunluq, diqqətsizlik kimi halların baş verməsinə gətirib çıxarır. Təəssüf ki, bəzi hallarda dərs hissə müdirləri bu prosesi Elm və Təhsil Nazirliyinin müəyyən etdiyi qaydalar əsasında deyil, şəxsi yanaşmalar və maraqlar üzərində qururlar. Nəticədə xüsusilə ikinövbəli məktəblərdə musiqi, texnologiya, təsviri incəsənət və fiziki tərbiyə kimi fənlər arxa plana keçir, “əsas fənlər” isə önə çəkilir. Halbuki təhsil prosesində hər bir fənnin özünəməxsus rolu və şagirdin inkişafında mühüm əhəmiyyəti var. Bu isə vacib sualları gündəmə gətirir. Maraqlıdır, dərs cədvəlləri hansı prinsiplərə əsasən tərtib olunmalıdır və ümumiyyətlə “əsas” və “ikinci dərəcəli” fənlər bölgüsü nə dərəcədə doğrudur?

“Düzgün tərtib olunmayan dərs cədvəli şagirdlərdə yorğunluq, diqqətsizlik kimi halların baş verməsinə gətirib çıxarır”

Təhsil eksperti Cavanşir Əliyev “Bakı-Xəbər”ə şərhində bildirdi ki, dərs cədvəlinin vaxtında tərtib olunmaması şagirdlərin dərslərində vaxtında və keyfiyyətlə hazırlamalarına və davamiyyətlərinə mənfi təsir göstərən bir prosesdir: “Bu hal müəllim və valideynlər üçün də problemlər yaradır. Bu kimi halların qarşısının alınması üçün dərs cədvəli vaxtında tərtib olunmalıdır. Tərtib olunarkən burada çətin, orta, asan fənlər nəzərə alınmaqla bölünməlidir. Məsələn, biz birinci dərs fiziki tərbiyəni, altıncı dərsə Azərbaycan tarixini sala bilmərik. Bu, düzgün tərtib olunmayan dərs cədvəlidir. Ümumiyyətlə, cədvəllərin tam formalaşmaması şagirdlərin müvafiq olaraq bəzi fənlər üzrə dərsdən geri qalmalarına səbəb olur. Bu da onların təhsil göstəricilərinə mənfi təsir göstərə bilər. Nəzərə almaq lazımdır ki, düzgün tərtib olunmayan dərs cədvəli şagirdlərdə yorğunluq, diqqətsizlik kimi halların baş verməsinə gətirib çıxarır. Bundan başqa, tələblərə cavab verməyən dərs cədvəli tədris prosesində həmçinin intensivliyi azaldır, şagirdlərin yorğunluğu həftə ərzində getdikcə artır, eyni zamanda müəllim əməyinin səmərəsinə mənfi təsir göstərir. Ona görə də çalışmaq lazımdır ki, dərs cədvəli vaxtında hazır olsun. Yəni, hər bir təhsil müəsisəsi rəhbəri öncədən bu planlamaları aparmalıdır”

Günel CƏLİLOVA

Seçilən
100
baki-xeber.com

1Mənbələr