ABŞ prezidenti Donald Tramp Yeni Dehlidən Rusiya neftinin alışını azaltmağı tələb edərək komandasının Hindistanla təklif etdiyi ticarət sazişini təsdiqləməkdən imtina edib, “The Washington Post” yazır.
Qəzet yazır ki, dövlət katibi Marko Rubio və ticarət nümayəndəsi Ceymison Qrir Trampa Amerika mallarına tətbiq edilən tarifləri əhəmiyyətli dərəcədə azaldacaq yeni təklif təqdim ediblər. Bununla belə, prezident Hindistanın Rusiyadan neft idxalını azaltmaq öhdəliyində israr edir.
ABŞ-Hindistan münasibətləri son onilliklərin ən aşağı nöqtəsinə çatıb, böhran ABŞ-nin ticarət müşaviri Piter Navarronun Hindistanı Rusiyadan neft almasına görə tənqid edərək, Ukraynadakı döyüşləri dolayı yolla dəstəklədiyini deməsi ilə daha da dərinləşib.
Tramp administrasiyası Rusiya nefti və ticarətinə iki ayrı məsələ kimi baxır, lakin Hindistanın Rusiya neftini almağa davam etməsi münasibətlərin yaxşılaşmasına kömək etmir.