Hüquqşünaslar Assosiasiyasının Baş Katibi Benyamin Fiorini, Fransanı İsrailin Qəzza Zolağında törətdiyi soyqırımı önləmək öhdəliyini yerinə yetirmədiyi üçün Paris İnzibati Məhkəməsinə şikayət etdiklərini açıqlayıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
İsrailin Qəzza Zolağındakı hücumları davam edərkən, Fransanın bu ölkəyə silah hissələri göndərməyə davam etməsi, İsrail Prezidenti İsxak Hersoqu qəbul etməsi və İsrail Baş naziri Benyamin Netanyahunun təyyarəsinin Fransa hava məkanından istifadə etməsinə icazə verdiyi iddiaları ictimaiyyətdə narazılıq yaradıb.
Fələstin tərəfdarları, paytaxt Paris başda olmaqla ölkənin bir çox şəhərində demək olar ki, hər həftə keçirilən etiraz aksiyalarında “İsrail qatildir, Makron isə cinayət ortağıdır” şüarları səsləndirərək, İsrailə qarşı sanksiya tətbiq olunması çağırışlarını davam etdirirlər.
Hüquqşünaslar Assosiasiyası Fransanı Qəzzada soyqırımı önləmək öhdəliyini yerinə yetirmədiyi üçün 2 sentyabr tarixində Paris İnzibati Məhkəməsinə şikayət edib.
Fiorini yazılı açıqlamasında deyib: “Qəzzada baş verən soyqırımın qarşısını alma öhdəliyini pozduğu üçün Fransız dövlətinin məsuliyyətə cəlb olunması məqsədilə Paris İnzibati Məhkəməsinə müraciət etdik”.
Fiorini bildirib ki, soyqırımı önləmək öhdəliyi, Fransanın da tərəf olduğu 9 dekabr 1948-ci il tarixli Soyqırım Cinayətinin Qarşısının Alınması və Cəzalandırılması Konvensiyasında yer alır və bu sənəd Fransa da daxil olmaqla bütün dövlətlər üçün hüquqi baxımdan məcburidir.