AZ

Qırğızıstanda 6 min metrdən hündür dağlara dırmaşanlar rüsum verəcəklər

Yazını böyüt
Yazını kiçilt

Qırğızıstanın parlamenti - Joqorku Keneşi 6 min metrdən yuxarı dağ zirvələrinə qalxmaq üçün rüsum tətbiqini nəzərdə tutan “Alpinizm haqqında” qanun layihəsini ictimai müzakirəyə çıxarıb.

Hafta.az-ın yazdığına görə, təşəbbüsə əsasən, alpinistlərdən xüsusi icazə tələb olunacaq, onun qiyməti və verilmə qaydası Nazirlər Kabineti tərəfindən müəyyən ediləcək.

Layihədə həmçinin iştirakçıların icbari sığortası, təhlükəsizlik tədbirlərinin artırılması və pozuntulara görə məsuliyyət, eləcə də ekoloji tələblər nəzərdə tutulur: ekspedisiyalar sonrakı utilizasiya üçün zibilləri yığıb çıxarmalıdırlar.

Təşəbbüsün müəllifi, deputat Emil Toktoşev (“Butun Qırğızıstan” Partiyası) qeyd edib ki, sənəd bələdçilərin, təlimatçıların, alpinizm klublarının və turizm şirkətlərinin fəaliyyətini tənzimləyir, həmçinin infrastrukturun və beynəlxalq əməkdaşlığın inkişafını nəzərdə tutur.

Qanun layihəsi “Pobeda” zirvəsində (7439 m) həlak olan rusiyalı alpinist Natalya Naqovitsına ilə faciəvi insident fonunda hazırlanıb.

Qırğızıstanlı və xarici mütəxəssislərin iştirakı ilə genişmiqyaslı xilasetmə əməliyyatı aparılsa da, onu qurtarmaq mümkün olmayıb. Hekayə alpinizmin təhlükəsizliyi və bölgədə xilasetmə işlərinin səviyyəsi ilə bağlı geniş müzakirələrə səbəb olub.

Seçilən
92
hafta.az

1Mənbələr