Bakı, 4 sentyabr, AZƏRTAC
Prezident İlham Əliyevin Çinə səfəri iki ölkə arasında münasibətlərin dərinləşməsi və yeni strateji istiqamətlərdə əməkdaşlığın inkişafı baxımından mühüm tarixi hadisə kimi dəyərləndirilir. Bu səfər təkcə siyasi dialoqun möhkəmləndirilməsi deyil, həm də iqtisadi, mədəni və humanitar əlaqələrin daha da genişlənməsi baxımından böyük əhəmiyyət kəsb edir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin Ailə, qadın, uşaq məsələləri komitəsinin sədr müavini Jalə Əliyeva söyləyib.
Çin rəhbərliyinin Azərbaycan Prezidentini böyük ehtiramla qarşıladığını xatırladan deputat deyib: “Səfər çərçivəsində keçirilən yüksəksəviyyəli görüşlərdə Çin tərəfinin Azərbaycanla əməkdaşlığa verdiyi önəm açıq şəkildə nümayiş olundu. Çin Azərbaycanın bölgədəki rolunu yüksək qiymətləndirərək, ölkəmizin beynəlxalq arenada etibarlı tərəfdaş olduğunu bir daha təsdiqlədi.
Çinin Azərbaycana yanaşmasında səmimiyyət və xoşməramlılıq xüsusi diqqət çəkir. Çin rəsmiləri səfər boyu Azərbaycanı etibarlı dost, qarşılıqlı hörmətə əsaslanan tərəfdaş kimi təqdim etdilər. Bu, dövlətlər arasında, sadəcə, rəsmi əməkdaşlıq deyil, dərin dostluq bağlarının da formalaşdığını göstərir”.
Səfər çərçivəsində imzalanan sənədlərin, müzakirə olunan yeni layihələrin Azərbaycan-Çin iqtisadi münasibətlərinə yeni nəfəs verdiyini söyləyən parlamentari bildirib ki, nəqliyyat, enerji, kənd təsərrüfatı, texnologiya və təhsil sahəsində əməkdaşlıq imkanlarının genişləndirilməsi barədə razılaşmalar iki ölkənin gələcək inkişafında mühüm rol oynayacaq. Mədəniyyət sahəsində də qarşılıqlı mübadilələr, təhsil proqramları və mədəni tədbirlər vasitəsilə xalqlar arasında yaxınlıq daha da gücləndiriləcək.
“Azərbaycanın strateji mövqeyi və “Bir kəmər, bir yol” təşəbbüsündə oynaya biləcəyi rol Çin üçün xüsusi önəm daşıyır. Çin rəhbərliyinin bu təşəbbüsdə Azərbaycanın fəal iştirakını alqışlayaraq, bölgədə sabitliyin və tərəqqinin təminatında rəsmi Bakının mövqeyini dəstəkləməsi əhəmiyyətli bir amil kimi dəyərləndirilməkdədir”, - deyən J.Əliyeva diqqətə çatdırıb ki, Prezident İlham Əliyevin Çinə səfəri Azərbaycan–Çin münasibətlərində yeni səhifə açdı. Çin tərəfinin göstərdiyi diqqət, səmimiyyət və xoşməramlı münasibət növbəti dəfə sübut etdi ki, bu əməkdaşlıq yalnız siyasi və iqtisadi maraqlarla məhdudlaşmır, həm də xalqlarımız arasında dərin dostluq münasibətlərinə əsaslanır. Bu səfər gələcəkdə iki ölkənin bir-birinə daha sıx bağlı tərəfdaşlar kimi irəliləməsinə möhkəm zəmin yaratdı.