AZ

Çexiya Almaniyadan 1,4 milyard avroya 44 Leopard tankı alacaq

NATO üzvü olan Çexiya hökuməti hərbi xərclərinin onilliyin sonuna qədər ÜDM-in 3 faizinə qədər artacağını elan etdikdən bir neçə ay sonra tanklar almaq qərarına gəlib. Bu barədə Euronews telekanalı xəbər verir.

Məlumata görə, Çexiya hökuməti hərbi modernləşdirmə proqramı çərçivəsində Almaniyadan 1,4 milyard avroya 44 Leopard 2A8 döyüş tankının alınmasını təsdiqləyib.

Qərar ötən ay ölkənin Müdafiə Nazirliyi tərəfindən sazişin təsdiqindən sonra verilib.

Çərşənbə günü Çexiyanın müdafiə naziri Jana Çernoxova təsdiqləyib ki, 2028-2031-ci illər arasında təhvil verilməsi gözlənilən tanklar büdcəyə 34 milyard krona (1,4 milyard avro) başa gələcək.

Çexiyanın bundan sonra daha 14 zirehli maşın almaq imkanı da var.

Ayrı bir sövdələşmədə keçən il Almaniyadan və digər ölkələrdən 77-yə qədər Leopard tankı almağa razılıq verən Praqa Leopard 2A8-in 19 ixtisaslaşdırılmış versiyasını almaq üçün də danışıqlar aparır.

Çexiya ordusu həmçinin 37,6 milyon avroya 18 ədəd Supacat Extenda yüngül zirehli maşın alacaq.

Digər əsas müdafiə müqavilələrinə ABŞ-dən 24 F-35 döyüş təyyarəsi və 246 CV90 zirehli döyüş maşınının alınması daxildir.

Yeni hərbi xərclər Praqanın 2022-ci ilin fevralında Rusiyanın tammiqyaslı işğalından sonra Ukraynaya təhvil verilmiş köhnə avadanlıqları əvəz etməyə çalışdığı bir vaxta təsadüf edir.

Bu ilin əvvəlində Çexiya hökuməti ölkənin 2030-cu ilə qədər müdafiə xərclərini ÜDM-in 3%-nə qədər artıracağını açıqlamışdı.

NATO-nun digər üzvləri də Avropa ölkələrini alyansın kollektiv təhlükəsizliyinə “ədalətli paylarını” verməməkdə ittiham edən ABŞ Prezidenti Donald Trampın təzyiqi altında hərbi xərclərini əhəmiyyətli dərəcədə artıracaqlarına söz veriblər.

Rizvan CƏFƏROV,

“Azərbaycan”

Seçilən
23
1
azerbaijan-news.az

6Mənbələr