Son illərdə Azərbaycanda Çin istehsalı avtomobillərin sayı sürətlə artmaqdadır.
Redaktor.az xəbər verir ki, Dövlət Statistika Komitəsindən bildirilib ki, 2022–2024-cü illər ərzində bu markaların ölkə bazarındakı payı nəzərəçarpacaq dərəcədə genişlənib.
2024-cü ilin yekunlarına əsasən, Azərbaycanda ümumilikdə 26 min 400-dən çox Çin istehsalı minik avtomobili qeydiyyata alınıb.
Ən çox yayılmış modellər sırasında "Changan" (8 950 ədəd), BYD (4 083) və "Chery" (3 095) öndə gedir. Bundan başqa, "Geely" (2 482), "Haval" (2 655), "Baic" (1 842) və FAW (1 114) kimi markaların da sayı minlərlə ölçülür. Nisbətən az paya malik modellər isə "Dong Feng" (557), "Great Wall" (885), GAC (549) və JAC (258) olub.
"Changan" sayı son illərin ən sürətlə artan markadır. 2022-ci ildə bir neçə min olan bu avtomobillərin sayı 2024-cü ildə 8 950-yə çatıb.
Elektrik və hibrid seqmentində tanınan BYD 2022-ci ildə 929 ədəd olduğu halda, 2024-də 4 083-ə yüksəlib.
Azərbaycanda Çin avtomobillərinin ümumi avtomobil parkındakı payı 2022-ci ildə 1,1%, 2023-cü ildə 1,37%, 2024-cü ildə isə 1,67% olub.
Ümumilikdə, 2022–2024-cü illərdə Azərbaycanda Çin istehsalı avtomobillərin sayı dəfələrlə artıb. Ənənəvi olaraq Koreya, Yaponiya və Avropa istehsalı avtomobillərin üstünlük təşkil etdiyi yerli bazarda artıq Çin markalarının da mövqeyi möhkəmlənməkdədir.
Qlobal tendensiyalar da bu artımı dəstəkləyir. Çin şirkətləri son illərdə xüsusilə elektrik və hibrid avtomobillərin istehsalında dünya liderinə çevrilib və ixrac bazarlarında mövqelərini gücləndiriblər. Ekspertlərin fikrincə, yaxın illərdə Azərbaycanın avtomobil parkında Çin markalarının payı daha da artacaq.
Mütəxəssislərin fikrincə, Azərbaycanda Çin avtomobillərinə artan marağın bir neçə əsas səbəbi var. İlk növbədə, bu markaların qiymət baxımından daha əlçatan olması alıcıları cəlb edir. Bundan başqa, elektrik və hibrid modellərin çeşidinin genişliyi müasir tendensiyalara uyğun seçim imkanı yaradır. Çin şirkətləri həm də avadanlıq və texnologiya baxımından zəngin komplektasiya təklif edir ki, bu da alıcıların marağını artırır.