Bir müddət əvvəl yayılan xəbərlərə görə, Əmək Məcəlləsinə bir sıra dəyişikliklər edilməsi planlaşdırılır. Bunlardan ən mühümü saatlıq əməkhaqqı sisteminin tətbiqidir.
Məcəllədə, həmçinin məsafədən işin hüquqi tənzimlənməsi, eyni dəyərli əməyə görə bərabər əməkhaqqının ödənilməsi və ailə üzvləri olan işçilərlə qadınlara qarşı ayrı-seçkiliyin aradan qaldırılması kimi mühüm məsələlər də öz əksini tapacaq.
Modern.az xəbər verir ki, dəyişikliklərin bu il tətbiq edilib-edilməyəcəyini dəqiqləşdirmək üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə sorğu ünvanlanıb.
Nazirlikdən bildirilib ki, məsafədən işin tənzimlənməsi, saatlıq əməkhaqqı sisteminin tətbiqi və digər məsələlərlə bağlı qanunvericilik layihəsi aidiyyəti üzrə təqdim olunub və hazırda baxılmaqdadır.
Əlavə olaraq qeyd edilib ki, bu layihələrlə bağlı yeniliklər olduqda ictimaiyyətə məlumat veriləcək.