UEFA Çempionlar Liqasında “Qarabağ”la qarşılaşacaq “Ayaks”ın futbolçusu Brayan Brobbi İngiltərənin “Sanderlend” klubuna transfer edilib.
Arena.az xəbər verir ki, bu barədə Premyer Liqa klubunun mətbuat xidməti məlumat yayıb.
23 yaşlı futbolçunun “Ayaks”la 2027-ci ilin yayına qədər müqaviləsi var idi. “Sanderlend” bu keçidi 20 milyon avroya reallaşdırıb. Niderlandlı hücumçu İngiltərə klubu ilə 4 illik (2029-cu ilin 30 iyununadək) müqavilə bağlayıb.
Əslən Qanadan olan Brayan Brobbi “Ayaks”ın yetirməsidir. 23 yaşlı forvard 2021-ci ilin yayında azad agent kimi Almaniyanın “Leypsiq” klubuna keçib. 2022-ci ildə “Ayaks” Brobbini icarə müqaviləsi əsasında geri qaytarıb. Elə həmin ilin yayında Niderland nəhəngi 16,35 milyon avro ödəməklə yetirməsinin transfer hüquqlarını da alıb.
Brobbi “Ayaks”ın heyətində bütövlükdə 163 oyuna çıxıb, 56 qol vurub, 24 məhsuldar ötürmə verib.
Niderlandın U-15, U-16, U-17, U-19 və U-21 yığmalarında da oynamış Brobbi 2023-cü ildə əsas millidə debüt edib. O, yığmanın heyətində 8 oyuna çıxıb, 1 qol vurub, 1 məhsuldar ötürmə müəllifi olub.
“Transfermarkt” internet-portalı 23 yaşlı hücumçunun transfer dəyərini 22 milyon avro məbləğində qiymətləndirir.
Xatırladaq ki, Azərbaycan çempionu “Qarabağ”la “Ayaks” arasında baş tutacaq qarşılaşma dekabrın 10-da Bakıda keçiriləcək.