AZ

Çin hərbi paradla dünyaya hansı siqnalı verdi?

Çərşənbə günü Pekində Çin tarixindəki ən irimiqyaslı hərbi parad keçirildi. Çin Xalq Respublikasının sədri Xi Jinping təkcə ölkəsinin hərbi gücünü nümayiş etdirmədi, həm də potensial müttəfiqlərini - Rusiya prezidenti Vladimir Putini və Şimali Koreya lideri Kim Jong-un-u, eləcə də "Qlobal Cənub" ölkələrindən daha iyirmi yüksək vəzifəli şəxsləri göstərdi. Təhlilçilərə görə, bununla ilk növbədə, Qərbə, həmçinin Donald Trump-ın bir sıra qərarlarından sonra çaşqınlıq içində olan dünyanın qalan hissəsinə bir çox siqnallar ünvanlandı.

Siyasi teatr

BBC-nin müxbiri Laura Bicker yazır ki, bu hərbi paraddan ən yaddaqalan kadr hələ ilk top atəşi səslənməmişdən əvvəl çəkilmişdi.

"Xi Jinping-in Şimali Koreya lideri Kim Jong-un-un əlini uzun-uzun sıxması, sonra Rusiya prezidenti Vladimir Putinlə görüşməsi və daha sonra hər üçünün birlikdə paradı izləməyə getməsi tamamilə siyasi teatr idi", - o qeyd edir.

Bu, hər üç liderin ilk dəfə ictimaiyyət qarşısında birlikdə görünməsi idi və onlar həqiqətən bunun üçün münasib bir məqam seçmişdilər.

ABŞ prezidenti Donald Trump-ın diqqətini, ilk növbədə, Çin silahlarının təsirli nümayişi deyil, məhz bu görüş cəlb etdi. Trump dərhal üç liderin hansısa bir sui-qəsd qurduqlarından şübhələndi.

Laura Bicker yazır ki, hərbi paraddakı miqyas və dəvət olunan qonaqların seçimi Çinin hansı istiqamətdə irəlilədiyini göstərdi. Xi Jinping dünya lideri rolunu oynayır, onun yanında isə bütün dünyanın sanksiya tətbiq etdiyi dövlət başçıları dayanır. Onun ayaqları altında isə Qərblə rəqabət aparmaq üçün yaradılan bir ordu var.

New York Times qeyd edir ki, qonaqların siyahısı Pekinlə Qərb arasındakı uçurumun nə qədər dərinləşdiyini göstərdi, xüsusilə də Çinin Rusiyaya Ukrayna ilə müharibədə göstərdiyi sıx dəstəklə əlaqədar. ABŞ da daxil olmaqla, aparıcı Qərb demokratiyalarının yüksəkvəzifəli nümayəndələrinin olmaması dərhal nəzərə çarpırdı.

Bununla belə, cənub-şərqi və Mərkəzi Asiyanın bir çox ölkələrinin liderləri paradda iştirak edirdilər ki, bu da Çinin regional tərəfdaşlığı gücləndirməkdəki uğurlarından xəbər verir, nəşr yazır.

Brookings İnstitutunun Con L. Torn­ton adına Çin Mərkəzinin direktoru Ryan Hass hesab edir ki, Xi Jinping üçün digər liderlərin paradda iştirakı onun məqsədlərinə nail olmaqda əldə etdiyi irəliləyişin təstiqidir.

Boşluğun doldurulması

BBC-nin diplomatik müxbiri James Landale xatırladır ki, sədr Xi çoxdan dağılmaqda olan qlobal sistemlərin əvəzində gələcək yeni dünya nizamının mərkəzinə keçmək istəyirdi. Daha vacibi isə ABŞ-ın beynəlxalq normalardan və institutlardan imtinasından sonra yaranmış boşluğu Çinin doldurma sürətidir.

BBC müxbiri yazır ki, ABŞ-ın sərt tarifləri dünyanın ən böyük demokratiyası olan Hindistanı bu qədər tez dünyanın ən böyük avtoritar dövləti olan Çinin "isti qucağına" itələməsi daha da narahatedicidir:

"Donald Trump-ın iqtisadi millətçiliyi və təxribatçı diplomatiyası Çin üçün görünməmiş diplomatik imkanlar açır və Xi Jinping sammiti və paradı ilə bunlardan ikiəlli yapışır".

BBC-nin Rusiyadakı redaktoru Steve Rosenberg hesab edir ki, Pekindəki bütün bu təmtəraqlı dekorasiyalar və isti qucaqlaşmalar, ilk növbədə, Tramp administrasiyasına açıq siqnaldır:

"Deməli, siz Amerikaya yenidən böyüklük qazandırmaq istəyirsiniz? "Amerika hər şeydən öndədir", eləmi? Onda biz ABŞ-ın rəhbərlik etdiyi nizamın alternativini təklif edəcəyik."

Məhz buna görə Putin və Xi nümayişkaranə şəkildə bir-birinə "əziz dost" və "köhnə dost" deyirlər; buna görə də Çin, Rusiya və KXDR liderləri hərbi paradda yanaşı əyləşiblər. "Geosiyasi kainatda müxtəlif qüvvələr Amerikanın hegemoniyasına qarşı birləşirlər" — deyə Rosenberg yazır, lakin o bildirir ki, bu qüvvələr arasında hələ də ciddi ziddiyyətlər qalır.

Çinşünas Aleksey Çiqadayev hesab edir ki, Çindəki görüşlərin siyasi əhəmiyyətini şişirtmək lazım deyil. Onun sözlərinə görə, bir çox ölkələr yaranmış vəziyyətdən istifadə edərək Çin, Avropa İttifaqı və ABŞ arasında məharətlə manevr edir və özlərinə güzəştlər qoparmağa çalışırlar. "Siz bizi sevmirsiniz — biz Çinə gedəcəyik. Yox, istəmirsiniz ki, biz Çinlə olaq? Onda Donald Trump, o inanılmaz gömrük rüsumlarınızı ləğv edin"— Çiqadayev bu məntiqi BBC-nin Rusca xidməti üçün hazırlanan "Nə baş verir" podkastında belə təsvir edib.

Ekspertin fikrincə, heç bir siyasi inqilab baş verməyib: Şanxay Əməkdaşlıq Təşkilatının bazasında yeni BMT qurulmayıb; heç kim ABŞ və Avropa İttifaqından üz çevirməyib. Üstəlik, Çiqadayev diqqətə çatdırır ki, Xi Jinping, Putin və Hindistanın baş naziri Modinin nümayişkaranə söhbətində reallıqdan çox görüntü vardı: Xi Jinping ingiliscə danışmır və liderlərin üçlükdə real söhbət aparmaları mümkün deyil.

Hərbi güc

"Bəşəriyyət yenidən sülh və müharibə, dialoq və qarşıdurma, qarşılıqlı faydalı nəticələr və sıfır cəmlə oyun arasında seçim qarşısındadır" — Xi Jinping paraddakı çıxışında bildirib.

Çinin nümayiş etdirdiyi hərbi güc təsirli idi. BBC-nin Rusca xidmətinin hərbi şərhçisi Pavel Aksenov qeyd edir:

"Hesab olunur ki, Çin Xalq Respublikasının ambisiyaları, ilk növbədə, Asiya-Sakit okean regionuna yönəlib və əsas məqsəd Tayvanın geri qaytarılmasıdır. Məsələn, Çin Hərbi Dəniz Qüvvələrini göstərmək olar — onlar sayca çoxdurlar, amma daha çox sahil yaxınlığında lokal müharibələrə yönəliblər. Lakin indi ölkə rəhbərliyinin paradda nümayiş etdirdiyi silahlar göstərir ki, Çin qlobal liderliyə iddia edir."

Onun diqqət çəkdiyi silahlar arasında yeni nəsil DF-5C qitələrarası ballistik raket, YJ-19 hipersəs raketləri və peyk əleyhinə HQ-29 HHM sistemi var.

"Aksenovun fikrincə, bu silahların hamısı Tayvana desant endirmək üçün həddindən artıq güclüdür. Bu, ilk növbədə, ABŞ-a çağırışdır və regionun hüdudlarından kənara çıxır. Nümayiş etdirilən nüvə triadasına Aleksey Çiqadayev də diqqət çəkib və hesab edir ki, parad tədbirlərin ən vacib hissəsi idi. "Amma biz başa düşürük ki, paradlar yalnız bir məqsədlə keçirilir — sənin nəyə sahib olduğunu göstərmək üçün. Və əslində Çin başa düşdü ki, müharibə çox baha başa gəlir".

Çiqadayevin sözlərinə görə əsas ismarıc ABŞ-a və onun müttəfiqlərinə ünvanlanıb:

"Baxın görün bizdə nə var. Sizdə müttəfiqlər var. Bizdə hərbi texnika var, bizdə insanlar var, bizdə nüvə silahı var, ona görə də yəqin ki, bizimlə hərbi münaqişələr aparmaq lazım deyil, bizimlə razılaşmaq lazımdır".

Seçilən
130
bbc.com

1Mənbələr