AZ

ADNSU və 4SİM əməkdaşlıq imkanlarını müzakirə etdi – FOTO

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) ilə görüş keçirilib. Görüşdə ADNSU-nun rektoru, dosent Rüfət Əzizov və 4SİM-in icraçı direktoru Fariz Cəfərovun rəhbərlik etdiyi nümayəndə heyətləri iştirak ediblər.

Bizim.Media xəbər verir ki, tərəflər arasında keçirilən görüşdə universitetin konsaltinq imkanlarının formalaşdırılması, tələbələrin sənayedə təcrübə keçmək imkanlarının genişləndirilməsi və Dördüncü Sənaye İnqilabı texnologiyalarına dair təlim proqramlarında ADNSU-nun fəal iştirakı müzakirə olunub.
 

Rektor Rüfət Əzizov çıxışında universitet tələbə və əməkdaşlarının 4SİM-in “Coursera” şirkəti ilə birgə həyata keçirdiyi “Milli Proqram” çərçivəsində Dördüncü Sənaye İnqilabı texnologiyaları sahəsində təklif olunan ödənişsiz kurslarda fəal iştirakı edtdiyini bildirib. 


Bu təşəbbüs çərçivəsində süni intellekt, proqramlaşdırma, böyük verilənlər, liderlik və digər müasir sahələr üzrə kurslara ödənişsiz çıxış təmin olunub.

Nəticədə, bu günədək 1600-dən çox ADNSU tələbəsi və 200 əməkdaş “Coursera” platformasında təlimlərə qatılıb, ümumilikdə 3400 beynəlxalq sertifikat əldə edilib.

4SİM-in icraçı direktoru Fariz Cəfərov qurumun fəaliyyət istiqamətləri və gələcək planları haqqında məlumat verib. O, rəqəmsal iqtisadiyyat, süni intellekt və maşın öyrənməsi, əşyaların interneti, ağıllı şəhər texnologiyaları kimi sahələrdə görülən işləri, həmçinin qurumun 50-dən artıq beynəlxalq tərəfdaşı olduğunu və Dünya İqtisadi Forumunun 4Sİ Mərkəzləri ilə əməkdaşlığını diqqətə çatdırıb.

Görüş zamanı tərəflər gələcək əməkdaşlıq istiqamətlərini də müəyyənləşdiriblər. Tələbələrin sənayeyə təşviqi, startaplara dəstək, elm-sənaye klasterinin yaradılması, eləcə də 4SİM-in əsas tərəfdaşlarından biri olduğu InMerge İnnovasiya Sammitində ADNSU tələbələrinin iştirakı məsələləri xüsusi vurğulanıb.
 

Bundan əlavə, “SABAH.City” layihəsi çərçivəsində innovasiya yönümlü ixtisaslaşmış laboratoriyaların yaradılması və bu laboratoriyalarda sənaye tərəfdaşları ilə birgə tədqiqat və inkişaf fəaliyyətlərinin təşkili məsələləri müzakirə olunub.


Tərəflər qeyd ediblər ki, ADNSU-nun akademik resurslarının 4SİM-in texnoloji və strateji imkanları ilə birləşməsi ölkənin elmi və sənaye potensialının gücləndirilməsinə mühüm töhfə verəcək.








Bizim.Media

Seçilən
10
1
bizim.media

10Mənbələr